RUSİYA QARABAĞDA SÜLHMƏRAMLI MANDATDAN KƏNARA ÇIXIR – Azərbaycan nə edə bilər?

444

44 günlük müharibədə böyük zəfər qazanmış Azərbaycan Respublikasının qarşısında çox mühüm məsələlər var. İşğaldan azad olunan rayonların minalardan təmizlənməsi, infrastrukturun bərpası, dəymiş ziyanın hesablanması, kəndlərin, şəhərlərin yenidən qurulması və s. işlərə artıq start verilib.

Maliyyə naziri Samir Şərifov da bildirdi ki, 2021-ci ilin dövlət büdcəsində işğaldan azad olunmuş rayonların bərpası prioritet olacaq. Şəhid ailələrinin, yaralıların, müharibə iştirakçılarının sosial problemlərinin həll olunması, mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması da dövlətin ən ümdə məsələsidir.

Siyasi müstəvidə isə yenə də Azərbaycanın qarşısında dayanan əsas problem Dağlıq Qarabağ üzərində Azərbaycanın suverenliyinin tam bərqərar edilməsidir.

Məlumdur ki, 44 günlük müharibədə Azərbaycan Ordusu qarşıya qoyulan bütün vəzifələrin öhdəsindən şərəflə gəldi, az itki ilə ərazi bütövlüyümüzü böyük ölçüdə bərpa etdi. 10 noyabrda Rusiyanın vasitəçiliyi ilə baş tutan razılaşmaya görə, daha 3 rayon – Kəlbəcər, Laçın və Ağdam döyüşsüz boşaldılmalıdır. Kəlbəcərin təhvil verilməsi 10 gün yubadılsa da, artıq Ağdam rayonu və bu gün isə Kəlbəcər rayonu Azərbaycana təslim edildi.

 

 

 

Cəmiyyət indi səbrlə işğalçı ordu qalıqlarının 1 dekabrda Laçın rayonunu tərk etməsini gözləyir. Müəyyən narahatlıqlar var ki, düşmən təxribatlar törədərək bu rayonun boşaldılmasını yubatsın. Amma əksər ekspertlər bunu istisna edirlər. Xüsusən razılaşmada əsas vasitəçi olan Rusiya prezidentinin bəyanatlarına istinad edərək, Ermənistanın başqa şansı olmadığını bildirirlər.

Xatırladaq ki, V. Putin üçtərəfli bəyanatın pozulmasının Ermənistan üçün intihar ola biləcəyini deyib. Rusiya, tərəflərin iştirakı ilə razılaşdırılmış status-kvonun qalmasında maraqlıdır. Bu da özündə Xankəndi, Ağdərə, Xocavənd, Əsgəran, Xocalı rayonlarının Rusiya sülhməramlılarının nəzarətində qalmasını, mülkü əhalinin öz yerlərinə qayıtmasını ehtiva edir.

 

 

 

Prezident Putin Dağlıq Qarabağın bütövlükdə Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu, himayə etdiyi separatçıların statusunun müəyyənləşdirilməsinin isə gələcəyin işi olduğunu bəyan edib. Yəni Rusiya Azərbaycanın bir hissəsində erməni azlığını qorumaq üçün sülhməramlı missiyadan istifadə edir.

İndi Azərbaycan diplomatiyasının qarşısında duran əsas məsələ işğalda qalan ərazilərin taleyi və Rusiyanın oradakı fəaliyyətinin tənzimlənməsidir. Üçtərəfli razılaşmada bütün suallara ətraflı aydınlıq gətirilməyib, xeyli məsələlər var ki, onlar həllini tapmalıdır.

İlk növbədə Rusiyanın sülhməramlı mandatının əhatə dairəsi və səlahiyyətləri müəyyənləşdirilməlidir. Bu məsələ beynəlxalq qanunvericiliyə və BMT təcrübəsinə istinad edilməklə çözülə bilər. Sülhməramlıların fəaliyyəti ilə bağlı bir sıra standartlar müəyyənləşdirilib. Məsələn, ekoloji təhlükələrə yol verilməməsi… 

Məlumdur ki, ermənilər Kəlbəcər və Laçında meşələri, evləri yandırıb. Yaxud, BMT-nin standartları sülhməramlıların yerləşdiri dövlətin qanunlarına hörməti nəzərdə tutur. Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir. Orada Azərbaycan qanunlarının tədricən də olsa, həyata keçirilməsini təmin etmək lazımdır.

 

 

Hazırda Rusiyanın Dağlıq Qarabağdakı fəaliyyəti sülhməramlı mandatından xeyli kənara çıxır. Məsələn, V. Putinin fərmanı ilə Xankəndində idarələr arası Humantirar Mərkəz təsis edilib və bu qurum bölgədə bütün məsələlərin həlli ilə məşğul olmağa başlayıb: ermənilərin köçürülməsi, dəyən ziyanın aradan qaldırılması, humanitar yardımların çatdırılması və s.

Azərbaycan ərazisində başqa bir ölkənin prezidentinin fərman verməklə qurum təsis edib, onu idarə etməsi heç bir hüquqa söykənmir. Rusiya və Azərbaycan arasında bu barədə saziş, razılaşma mövcud deyil.

Problemin həlli ilə bağlı tanınmış vəkil Fuad Ağayev bildirir ki, Dağlıq Qarabağın hazırda Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan və ermənilər yaşayan ərazilərində idarəetmə ilə bağlı yeni qanunun qəbuluna zərurət var.

O, hesab edir ki, əgər Azərbaycan parlamenti həmin ərazilərdə tətbiq olunacaq hüquq normalarına dair qanun qəbul etməsə, Rusiya və ermənilər oranı istədikləri kimi idarə edəcəklər.

 

 

F. Ağayevin fikrincə, Dağlıq Qarabağda sərhəd-buraxılış, gömrük-keçid kimi məsələlər də Azərbaycanın səlahiyyətli orqanlarının nəzarətində olmalıdır. Bu proseslər Azərbaycan qanunları əsasında tənzimlənməlidir. Rusiya sülhməramlıları isə müşahidəçi qismində prosesdə iştirak edə bilər: “Laçın rayonunun bir hissəsini dəhliz adıyla 5 kilometr enində ermənilərin gediş-gəlişi üçün saxlayırlar. Azərbaycanla Ermənistan arasında dövlər sərhədi var və bu halda sərhədə Azərbaycan nəzarət edə bilmir. Bugünlərdə məlum oldu ki, Ermənistanın hərbi prokuroru Dağlıq Qarabağa gəlib, qondarma rejimin başçısı Araik Arutyunyanla müşavirə aparıb. Ermənistan hərbi prokurorunun nə işi var Azərbaycan ərazisində? Sərhədə nəzarət Azərbaycanın sərhədçiləri, hərbçiləri tərəfindən aparılmalıdır. Gömrük nəzarəti ölkənin özünün səlahiyyətli orqanı tərəfindən həyata keçirilməlidir. Dağlıq Qarabağda silah qaçalmalçılığı barədə məlumatlar var, onlara nəzarət olunmalıdır. Mən demirəm ki, bu prosesdə Rusiyanın “sülhməramlıları” iştirak etməsin. Amma onlar sadəcə, seyrçi mövqe tutmalıdır, müşahidə aparmalıdır. Sərhəd, gömrük nəzarəti ölkənin özünün səlahiyyətli orqanları tərəfindən aparılmalıdır. Bundan əlavə, orada Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin, Daxili İşlər orqanlarının əməkdaşları olmalıdır. Ən azı həmin sərhəd məntəqəsində…”

F.Ağayev əlavə etdi ki, Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə hücumları və s. cinayətlər barədə azərbaycanlıların fərdi şəkildə şikayətləri ilə yanaşı, Azərbaycan, dövlət olaraq da Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməlidir. Vəkilin sözlərinə görə, meşələrin yandırılması, tarixi abidələrin dağıdılması kimi məsələlərə görə dövlətlərarası şikayət verilə bilər: “Bildiyimə görə, bu məsələlərin beynəlxalq hüquq müstəvisinə çıxarılması üçün müəyyən addımlar atılıb. Baş Prokurorluq da əvvəlki rəhbərliyin dövründəkindən fərqli olaraq, indi bu istiqamətdə işlər görür. Bu imkanlardan hərtərəfli şəkildə istifadə olunmalıdır. Avropa Məhkəməsinə mütləq dövlət adından Ermənistana qarşı şikayətlər ünvanlanmalıdır. Ötən ay döyüşlər gedərkən Azərbaycanın bir müraciəti olmuşdu, amma o, aralıq tədbirlərin görülməsi ilə bağlı idi. Mənafelərinə ziyan dəymiş şəxslər tərəfindən də fərdi şikayətlər göndərilir. Amma Azərbaycanın dövlət olaraq şikayətinin xüsusi əhəmiyyəti var”.

Elçin Rüstəmli

“AzPolitika.info”