Rusiya Qarabağda “mini erməni höküməti” qurur?

768

Elman Nəsirov: “Ölkə prezidenti bütün proseslərə çox ciddi nəzarət edir…”

Məhəmməd Əsədullazadə: “Rusiya növbəti mərhələdə erməniləri Azərbaycana qarşı istifadə etmək istəyir”

“Rus sülhməramlıları sülhü və təhlükəsizliyi deyil, yalnız Rusiyanın regional maraqlarını təmin edir”

Azərbaycanın Qarabağ problemini təkbaşına, birdəfəlik həll etməsi Rusiyanın maraqlarına cavab vermirdi. Çünki belə olan halda Rusiya Cənubi Qafqazdakı proseslərə təsir imkanlarını itirəcəkdi, Ermənistan buyruq köləsi qismində Rusiyanın əlindən çıxacaq və Moskvanın Bakıya təsir imkanları qalmayacaqdı. Təbii, rusiyalı sülhməramlıların Qarabağda olmalarının 5 illik müddətlə məhdudlaşdırılması və sonra da tərəflərin etirazı olmazsa, həmin müddətin avtomatik olaraq 5 il də artırılması ilk baxışdan təhlükəlidir.

Bəs, rusiyalı sülhməmralılar Qarabağda sülhü təmin edə bilirlərmi? Mövuyla bağlı deputat Elman Nəsirov “Hürriyyət”ə bildirdi ki, Ağdam şəhərində yaradılacaq monitorinq mərkəzi bu sahədə buraxılmış səhvlərin üzə çıxardılmasına və həllinə nail olunması üçündür: “Bu suallar cəmiyyətdə mütmadi olaraq müzakirə mövzusudur. Ən çox da sosial şəbəkələrdə müzakirə olunan məsələlərdən biridir. Sözsüz ki, bu sualların ən düzgün cavabını Ali Baş Komandan, Prezident İlham Əliyev bilir. Cənab Prezident dekabrın 18-də MDB dövlət başçıları Şurasının iclasında çıxışı zamanı sadalanan məsələlərə münasibət bildirib.  Qeyd edim ki, ölkə başçısı Rusiyanın sülhməramlı qüvvələrinin fəaliyyətiylə də bağlı öz fikirlərini bildirdi. Qeyd etdi ki, bu fəaliyyət noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan, Rusiya və Ermənistan siyasi rəhbərliyinin imzaladığı bəyanatda təsbit olunub. Həmin bəyanatdakı müvafiq bəndə uyğun olaraq, Rusiya sülhməramlı qüvvələrinin məlum coğrafiya  və koordinatlar daxilində Dağlıq Qarabağda yerləşdirilməsi nəzərdə tutulub. Nəticədə, bu proses həyata keçirilib. Onların funksiyası sülhməramlı missiyasını həyata keçirməkdir. Ölkə başçısı qeyd etdi ki, hazırda Rusiya sülhməramlıları missiyalarını həyata keçirirlər və bölgədə yalnız bir dəfə insident baş verib. Həmin insident də atəşkəsin pozulmasına gətirib çıxarıb. Bütövlükdə isə cənab Prezident Rusiya sülhməramlılarının öz üzərlərinə götürdükləri missiyalarını həyata keçirtdiklərini çıxışında vurğuladı.

Eyni zamanda, yaxın zamanlarda Ağdam şəhərində Türkiyə-Rusiya sülhməramlı birgə monitorinq mərkəzi  fəaliyyətə başlayacaq. Həmin fəaliyyət sülhməramlıların fəaliyyətlərinin kəmiyyət və keyfiyyət göstəriciələrinin qiymətlənindirilməsi üçün nəzərdə tutulub. Monitorinq mərkəzi  bu sahədə buraxılmış səhvlərin üzə çıxardılmasına və həllinə nail olunması üçündür. Əsas məqsəd problemləri aradan qaldırmaqdır. Bundan əlavə, monitorinq mərkəzi sülhməramlı missiyanın həyata keçirilməsində hüquqi müstəvini təmin edəcəkdir. Yəni qanuna zidd hallara nəzarəti monitorinq mərkəzi həyata keçirəcək. Bu da rus və türk hərbçilərinin iştirakı ilə reallaşdırılacaq. Qeyd edim ki, Prezident İlham Əliyev bütün bu proseslər fonunda Rusiya prezidenti Valdimir Putinə və Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğana da öz təşəkkürünü bildirib. Ölkə başçısı bildirdi ki, məhz onların fəaliyyəti nəticəsində müharibədən sonra Qarabağda sülh prosesinin tənzimlənməsinə nail olunub”.

Bəllidir ki, hazırda Dağlıq Qarabağda yerləşən Rusiya sülhməramlıları erməni separatçılarının xilaskarı rolunda çıxış edir. Deputat sualımıza cavab olaraq bildirib ki, əgər Rusiya sülhməramlıları erməni separatçılarını xilas etmək missiyasını daşıyacaqlarsa, o zaman heç bir halda Azərbaycan prezidenti belə bir sülhməramlı missiyanı qəbul etməz və onların Qarabağda mövcudluğuna imkan verilməzdi:

“Məsələyə bu cür yanaşmaq düzgün deyil. Bu çox radikal yanaşma olardı. Əgər Rusiya sülhməramlıları erməni separatçılarını xilas etmək missiyasını daşıyacaqlarsa, o zaman heç bir halda Azərbaycan prezidenti İlham Əliyev belə bir sülhməramlı missiyanı qəbul etməzdi və onların Qarabağda mövcudluğuna imkan verməzdi. Hər şey qarşılıqlı razılaşma əsasında olub. Azərbaycan prezidentinin “yox” deməsi kifayət idi. Əgər onlar sonradan öz əqidələrini ortaya qoyacaqlarsa, ölkə prezidenti yenə də öz narazılığını ən kəskin şəkildə ifadə edərdi. Ona görə də bu kimi sualların cavabını öyrənmək üçün ölkə başçısının mövqeyinə və onun səsləndirdiyi fikirlərə diqqətlə qulaq asmaq lazımdır. Prezident İlham Əliyev sülhməramlı missiyadan danışarkən, cəmi bir dəfə insidentin baş verdiyini və onun aradan qaldırıldığını deyirsə, eyni zamanda sülhməramlıların fəaliyyətinə görə Vladimir Putinə təşəkkürünü bildirirsə, bütün bunlar nəticə çıxartmaq üçün əsas sayıla bilər. Əks halda, ölkə başçısı Rusiya sülhməramlılarını tənqid edərdi. Eyni zamanda Rusiyanın siyasi rəhbərliyinə mesaj ünvanlayardı ki, biz bu məsələlərdən narahatıq. Ən azından bu məsələlərlə bağlı Rusiya tərəfinin addımlar atılması istənilərdi. Biz belə bir çıxışa şahid olmadığımız üçün narahatçılığa da heç bir əsas yoxdur.

Azərbaycan Silahlı Qüvvələri azad etdiyi bütün ərazilərdə möhkəmlənir. Demək olar ki, hər gün möhkəmənmə işləri aparılır. Eyni zamanda, Türkiyə silahlı birləşmələrinin də monitorinq mərkəzində fəaliyyət göstərməsi üçün Azərbaycana gəlişi gözlənilir. Hər şey nəzarət altındadır. Ölkə prezidenti bütün proseslərə çox ciddi nəzarət edir. Bundan əlavə, lazım gəldik də tənqid də edirək öz mövqeyini bildirir. Əsas odur ki, Azərbaycan Silahlı Qüvvələri hər gün ərazilərə yerləşdirilir. Bu baxımdan, mövqelərimizdə günbəgün möhkəmləndirmə işləri aparılır”.

Rusiyalı sülhməramlıların Dağlıq Qarabağda yerləşdirilməsi Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır. Azərbaycanda  Rusiyaya qarşı inam demək olar ki, yoxdur. Son olan hadisələr isə Rusiya sülhməramlılarına olan inamı daha da azaltdı. Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə isə “Hürriyyət”ə açıqlamasında sülhməramlıların sülhü və təhlükəsizliyi deyil, yalnız Rusiyanın regional maraqlarını təmin etdiyini deyib. O, Hadrut ətrafında baş verən silahlı insident zamanı rus sülhməramlıların silahlı ermənilərlə birlikdə olduğunu, Ermənistanın baş naziri Nikol Paşinyanın da bunu öz müsahibəsində də təsdiqlədiyini deyib:

“İkinci Qarabağ müharibəsində atəşkəsin əldə olunması üçün Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında məlum bəyannamənin imzalanması siyasi xarakter daşıyır və tərəflərə öhdəliklər nəzərdə tutur. Ümumiyyətlə, sözgedən bəyannamə həmçinin hüquqi prosesedurdur. Çünki, dövlət və hökümət başçıları tərəfindən imzalanan sənədin hüquqi qüvvəsi var. Hesab edirəm ki, bu bəyannamə olmaqla yanaşı, həm də hüquqi bir sənəddir. Hər bir tərəf öz  öhdəliklərini  mütləq yerinə yetirməlidir. Təbii ki, burda Rusiyanın üzərinə götürdüyü öhdəliklər ilk növbədə Xankəndi, Ağdərə və Xocavənd ərazilərində sülhün təmin edilməsi və atəşkəsə əməl edilməsindən ibarətdir. Birinci növbədə, burada Rusiya sülhməramlı qüvvələri silahlı erməni birləşmələrini ərazidən çıxarmalıdır. Göründüyü kimi, Rusiya bəyannamənin bu bəndinə əməl etmir. Hazırda Rusiya sülhməramlı qüvvələri ərazidə yerləşib. Digər tərəfdən, onların kvotası və say tərkibi var. Artıq Rusiya tərəfi sülhməramlıların say tərkibini çoxaldıb. Eyni zamanda, hərbi texnikaların say təkibi də çoxaldılıb.

Əsas məsələlərdən biri də, bu ərazilərdə Azərbaycan suverenliyinin bərpa edilməsi və statusu məsələsinin gündəmə gətirilməməsidir. Göründüyü kimi, Rusiya tərəfi bəyannamənin bu bəndini də pozur. Maraqlıdır ki, Rusiya prezidenti Vladimir Putin status məsələsini qabardır. Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradov Xankəndində separatçıların rəhbəri Arayik Arturyanı müdafiə edir, hətta onunla görüşüb, müzakirələr də aparır. Göründüyü kimi, sülhməramlılar sülhü və təhlükəsizliyi deyil, yalnız Rusiyanın regional maraqlarını təmin edir. Onlar burda erməniləri müdafiə edir. Qeyd etməliyik ki, sülhməramlı qüvvələr öz səalhiyyətləri çərçivəsindən kənar işlər görür. İlk növbədə onlar, ermənilərin Ermənistandan Xankəndinə köçürülməsini və Azərbaycana qarşı “xəritə oyunu” təşkil etdilər. İlk gündən də dediyimiz kimi, Rusiya sülhməramlıları Qarabağa təhlükəsizliyi təmin etmək üçün gəlməyib. Onlar burada erməniləri müdafiə etmək və növbəti mərhələdə erməniləri Azərbaycana qarşı istifadə etmək istəyirlər. Rusiyanın Dağlıq Qarabağda sülhməramlı əməliyyatı sülh üçün deyil, burada Rusiyanın əsas məqsədi öz mövqeyini gücləndirməkdir. Onlar Qarabağda “mini erməni höküməti” qurmaq və öz regional məqsədlərini həyata keçirtmək istəyirlər. Hesab edirəm ki,  Rusiya öz məqsədinə taktiki şəkildə nail ola bilər. Geostrateji planda Azərbaycan və Türkiyə ortaq müttəfiqdir. Bu baxımdan, Rusiyanın istədiyi plan baş tutmayacaq. Azərbaycan bütövlükdə Dağlıq Qarabağa heç bir status verməyəcək. Getdikcə, Rusiyanın palnı öz əhəmiyyətini itirəcək.

Bunanda da əlavə, göründüyü kimi Rusiya terrorizmə dəstək verir. Biz Hadrut ətrafında baş verən həmin insidenti də qeyd etməliyik. Noyabrın  26-da Laçın dəhlizi vasitəsilə sülhməramlıların müşayiəti altında Ermənistanın Şrak bölgəsindən silahlı erməni əsgərləri gətirilib. Nəticədə, həmin silahlı ermənilər Hadrut istiqamətinə sızdırılıb. Məhz sülhməramlı qüvvələr də onları müdafiə edib. Hadrut ətrafında baş verən silahlı insident zamanı rus sülhməramlıları silahlı ermənilərlə birlikdə olub. Nikol Paşinyan bunu öz müsahibəsində də qeyd edib. Sonradan Rusiya Müdafiə Nazirliyi bunu təkzib etdi. Əslində, Nikol Paşinyan bunu düz qeyd edib. O, bilərəkdən və ya bilməyərəkdən erməni silahlılarının rus sülhməramlılarıyla birlikdə olmasını və Azərbaycana qarşı bu silahlı insidentdə iştirak etdiklərini dolayı yolla mesaj verir və təsdiqləyir.  Bütün bunlara əsasən demək olar ki, Rusiyanın əsas məqsədi Azərbaycana qarşı gəlməkdir. Belə etməklə, onlar təxribatlara da yol açmış olur. Bu eyni zamanda, iki xalq arasında sülhün və təhlükəsizliyin təmin olunmasına qarşı olmaqdır. Həmçinin, Rusiya Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin qarşısının alınması üçün Dağlıq Qarabağada münaqişəni daimi alovlandırmaq istəyir”.

Son hadisələr də göstərdi ki, Rusiya sülhməramlıları öz missiyasını aşan hərəkətlərə yol verir. Məlum olduğu kimi, Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndlərində erməni terrorçuları yenidən Azərbaycan Ordusunun əsgərlərinə və mülki şəxslərə hücumlar edib, nəticədə şəhidlər və yaralananlar var. Halbuki, beynəlxalq qanunlara görə, sülhməramlılar tərəfsiz olmalıdırlar.

Sülhməramlıların fəaliyyət istiqamətləri 10 noyabrda imzalanmış üçtərəfli bəyanatla təsbit olunub. Bu hərəkətlər rus qoşunlarının sülhməramlı missiyasından çox bölgədə hərbi-siyasi prosesləri istədiyi yöndə formalaşdırmaq və müdaxilə etmək imkanını ələ keçirtmək niyyətinin olmasından xəbər verir. Lakin Dağlıq Qarabağda xəritəni istəklərinə uyğun tərtib etmələri və s. gerçək “sülhməramlı” niyyətlərinin olmamasını bir daha təsdiqlədi…

YƏHYA