Rusiya-NATO gərginliyində “Qarabağ məsələsi”

222

Elman Nəsirov: “Bütün məsuliyyət, ilk növbədə, onların üzərinə düşür”

NATO-Rusiya gərginliyi yenidən baş qaldırmağa başlayıb. Bu dəfə buna səbəb daha çox Dağlıq Qarabağ probleminin həlli üçün son aylarda gedən proseslərdə şimal qonşumuzun oynadığı roldur. NATO Kremlin bu rolundan narahatlığını gizlətmir. Təsadüfi deyil ki, quruma üzv ölkələrin xarici işlər nazirləri 1-2 dekabr tarixlərində Şimali Atlantika Müqaviləsi Təşkilatı Şurasının iclasında Rusiyanın hərbi mövqelərinin güclənməsini müzakirə edəcəklər.

Videokonfrans formatında keçiriləcək bu görüş ərəfəsində NATO-nun Baş katibi Yens Stoltenberqin açıqlamaları diqqətləri cəlb edib.

“Nazirlər Rusiyanın hərbi aktivliyinin genişlənməsinə cavab olaraq bizim nə edə biləcəyimizi müzakirə edəcəkər. Rusiya öz nüvə arsenalını modernləşdirir və yeni raketlər yerləşdirir, Uzaq Şimaldan Liviya və Suriyaya yeni qüvvələr yerləşdirir. Biz Dağlıq Qarabağ və Belarusdakı böhranlar nəticəsində Rusiya hərbi mövcudluğunun artdığını da görürük”, – deyə Stoltenberq qeyd edib.

Qeyd edək ki, NATO-Rusiya gərginliyi vaxtaşırı baş qaldırır, tərəflər bir-birini tez-tez “tikanlı” sözlərə qonaq edirlər. İndi də narahatlıq ifadə edən tərəf təkcə NATO deyil. Belə ki, NATO da Rumıniyada fəallığını artırır ki, bundan da rəsmi Moskva ciddi narahatdır. Amma bu gərginlikdə bizi ən çox maraqlandıran şübhəsiz ki, gərginlik mənbəyi kimi Dağlıq Qarabağın da adının çəkilməsidir. Azərbaycanın həm NATO, həm də Rusiya ilə münasibətləri hazırkı dövrdə çox yaxşıdır. Bütün bunlardan çıxış edərək, iki qanadın mübarizəsi heç bir halda rəsmi Bakının maraqlarına uyğun deyil və belə bir şəraitdə bu mübarizənin bizim hər iki supergüclə əlaqələrimizə hansı mənfi təsirləri göstərə biləcəyi yönündə çoxsaylı suallar yaranıb.

Deputat Elman Nəsirov: "Demədiyim sözləri adıma çıxarırlar" | Report.az

Deputat Elman Nəsirov bu gərginliyi doğuran əsas səbəbləri sadaladı: “Bu bir həqiqətdir ki, Rusiya ilə Qərbin münasibətləri özünün çox mürəkkəb dövrünü yaşayır. Rusiya Qərb ölkələrinin çoxsaylı sanksiyalarına tuş gəlib. Eyni zamanda yeni sanksiyaların Kreml əleyhinə işə salınması istiqamətində ara-sıra müzakirələr getməkdədir. Belə olan vəziyyətdə dekabrın 1-2-də NATO ölkələrinin xarici işlər nazirlərinin toplantısının keçirilməsi diqqətdən yayınmır. NATO-nun baş katibi Stoltenberqin toplantı ərəfəsində Rusiya ilə bağlı növbəti narahatlıqlarını dilə gətirməsi və Rusiyanın bir sıra ərazilərdə fəallığını gücləndirməsini söyləməsi, həmin ərazilər kimi Belarusun adını çəkməsi, eyni zamanda Qarabağda Rusiyanın fəallığının artması ilə bağlı mövqeyin ortaya qoyulması təbii ki, müəyyən düşüncələrə və təhlillər aparmağa əsas verir. Görünür, Qərbin müəyyən siyasi dairələri xeyli narahat olublar ki, Qarabağ ətrafındakı münaqişənin həlli prosesində onlar kənar müşahidəçi statusunda qalıblar. Bu prosesdə Rusiya və Türkiyənin fəal mövqeyi, tənzimlənmə prosesində onların qətiyyətli davranışı faktiki olaraq Azərbaycanın böyük tarixi qələbələrinin ardınca sülh prosesinin reallaşması və bu prosesdə Türkiyə və Rusiyanın həlledici oyunçular qismində iştirak etmələri Qərbin müəyyən siyasi dairələrini ciddi narahat edir. Nəzərə alaq ki, həmsədr ölkə təkcə Rusiya deyildi və orada Amerika, Fransa da iştirak edirdi, ancaq onlar münaqişənin həlli ilə bağlı yekun razılaşmada heç bir rol almadılar. Ona görə də bütün məsuliyyət, ilk növbədə, onların üzərinə düşür. Birləşmiş Ştatların başı, ümumiyyətlə, qalmaqallı prezident seçkilərinə qarışmışdı. Bir çox hallarda seçkilərdən çıxış edərək qərəzli mövqe nümayiş etdirilirdi. Ermənistanın tərəfindən çıxış edən yanaşmalar ortaya qoyulurdu. Bu da heç bir halda ATƏT-in Minsk Qrupunun həmsədrinin üzərinə düşən öhdəliyə uyğun gəlmirdi və onunla ziddiyyət təşkil edirdi. Fransaya gəldikdə isə bu ölkə birmənalı şəkildə Ermənistanın yanında yer almışdı, onu dəstəkləyirdi. Təsadüfi deyil ki, bugünlərdə hətta Fransa Senatı qondarma rejimin, özü də artıq olmayan bir rejimin tanınması ilə bağlı qətnamə qəbul edib. Bütün bu reallıqlar heç şübhəsiz ki, diqqətdən yayınmır. Birləşmiş Ştatlar və Fransa sonradan əldə edilmiş razılaşma ilə bağlı müəyyən loyal mövqe ortaya qoysalar da, hər halda, onların narazı qaldıqları da bəllidir. Bu sadaladığımız gerçəkliklər fonunda NATO rəhbərliyinin və quruma daxil olan ölkələrin xarici işlər nazirlərinin toplantısı, bu görüş ərəfəsində Rusiya ilə bağlı deyilənlər və ən əsası Qarabağla bağlı səslənən fikirlər heç şübhəsiz ki, münaqişənin tənzimlənməsi prosesində kənarda qalmalarının və Rusiyanın fəal mövqeyindən qıcıqlandıqlarının ifadəsidir”.

Deputat Azərbaycan sarıdan narahat deyil: “Azərbaycanın bu məsələlərdə mövqeyinə gəldikdə, rəsmi Bakı hər zaman regionda əməkdaşlığın mənafeyinə xidmət edən addımlar atır. Azərbaycanın NATO ilə də münasibətləri çox yüksək səviyyədədir. Rusiya ilə strateji tərəfdaş ölkəyik. Təsadüfi deyil ki, indiyə qədər altı dəfə Amerika və NATO-nun hərbi rəhbərliyi, eləcə də Rusiyanın hərbi rəhbərliyi məhz Bakı şəhərində görüş keçiriblər. Bunun da səbəbləri var. Azərbaycan Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyev müxtəlif güc mərkəzləri ilə bərabər məsafədə dayanmağı bacarır. Onun Moskva ilə münasibətləri inkişaf etdirmək xətti heç zaman Vaşinqton və Brüssel əleyhinə olmayıb. Bunu Vaşinqton və Brüsseldə çox gözəl bilirlər. Eyni zamanda Azərbaycan Prezidentinin Amerika, Belçika və NATO ilə əməkdaşlığı genişləndirmək xətti heç zaman Rusiyanın əleyhinə olmayıb. Bunu da Kremldə yaxşı bilirlər. Ölkə Prezidenti müstəqil, milli maraqlara söykənən siyasət həyata keçirir. Partnyorların da mənafeləri nəzərə alınır. Bunu dünya qəbul edir. Dediyim görüşlərin də Azərbaycan paytaxtında keçirilməsi bundan qaynaqlanır. Bu baxımdan hesab edirəm ki, Rusiya-NATO gərginliyinin bizim üçün heç bir təhlükəsi yoxdur. Azərbaycan dövləti öz siyasətinə sadiqdir. Bu o siyasətdir ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu və imicini şərtləndirən əsas amillərdən biridir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”