“Rusiya Liviyada məğlub olacaq” – POLİTOLOQ

81

Məhəmməd Əsədullazadə: “Türkiyə Rusiyanın “Vaqner” qrupuna çox ciddi zərbələr endirəcək”

Liviya Milli Neft Təşkilatının baş direktoru Mustafa Sanallahının açıqlamasına görə, Liviyada“Vaqner”  qrupu Sidr neft limanını ələ keçirib.

M.Sanallah bildirib ki, neft limanı “Vaqner” qrupu tərəfindən işğal edilib: “Ərazini hərbi bölgə elan etmək üçün işlər aparılır”.

Qeyd edək ki, ötən ayın sonlarında Rusiyanın “Vaqner” silahlı qrupu Liviyanın Fizan bölgəsindəki Şerara neft sahəsinə girmişdi. Liviyanın daxili işlər naziri Fethi Başa “Vaqner” muzdlularının neft yataqlarını ələ keçirməsinin ölkənin milli təhlükəsizliyini təhdid etdiyini, Liviya Ordusunun sözçüsü polkovnik Muhammed Kununu isə Sirtə və Cufra şəhərlərinin rus muzdlularından təmizlənməsinin artıq məcburi olduğunu demişdi.

“Yaxın perspektivdə Liviyada sülhün və təhlükəsizliyin əldə edilməsi mümkün görünmür”

Sidr neft limanının “Vaqner” qrupu tərəfindən ələ keçirilməsi ilə bağlı fikilərini bölüşən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə “Hürriyyət”ə deyib ki, hazırda Liviyada geosiyasi toqquşmalar davam etməkdədir: “Liviyanın BMT tərəfindən tanınan mərkəzi hökuməti olan Sərrac iqtidarına Türkiyənin hərbi dəstəyi nəticəsində Liviyada geosiyasi proseslər mərkəzi hökumətin lehinə dəyişmişdi. Üsyançı Haftar qüvvələri bir ay bundan əvvəl bir çox əraziləri işğal etsə də, Türkiyənin güclü dəstəyi nəticəsində artıq proseslər Liviya mərkəzi hökumətinin lehinə dəyişdi. Təbii ki, Liviyada baş verən proseslər heç də vətəndaş müharibəsi deyil, bu, həm beynəlxalq nəqliyyat yollarına, Aralıq dənizinə nəzarət, həmçinin karbo-hidrogen, enerji yataqları uğrunda savaşdır. Buradakı dövlətlərin dəstəklədiyi qruplar tərəfindən bir-birinə qarşı müharibə də əsasən Orta Şərqdə öz geosiyasi maraqlarını təmin etməkdən ibarətdir. Hazırda Liviyada bir neçə dövlət öz hərbi qüvvələri ilə iştirak edir. Əsasən burada beynəlxalq hüquqa cavab verən qüvvələr Türkiyənin silahlı qüvvələridir. Türkiyə burada mərkəzi hökumət tərəfindən rəsmi şəkildə dəvət edilib və üsyançılara qarşı hərbi əməliyyatlarda mərkəzi hökumətə dəstək verir. Bu proses çox ciddi şəkildə uğurlu alınaraq, Liviyada demək olar ki, müəyyən bir sülhün və təhlükəsizliyin təmin olunmasına gətirə bilərdi. Amma təəssüf ki, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Misirin burada marşal Haftarı dəstəkləməsinə görə yaxın perspektivdə Liviyada sülhün və təhlükəsizliyin əldə edilməsi mümkün görünmür”.

“Rusiyanın qeyri-rəsmi ordusu olan “Vaqner” qrupunun böyük bir neft ərazisini ələ keçirməsi gözlənilən idi”

M.Əsədullazadə diqqətə çatdırıb ki, son vaxtlar Türkiyə Liviyada hərbi üstünlüyü ələ almışdı: “Haftar qüvvələri geriyə oturdulmuşdu və nəticədə müəyyən qalibiyyətə aparan yolda 80 faiz irəliləmişdilər, amma Rusiya burada qərb istiqamətində olan hərbi bazalarına hərbi təyyarələr vasitəsilə yenidən silah-sursat göndərdi. Ötən həftə Rusiyadan və Suriyadan çox ciddi şəkildə  Liviyaya silah-sursat daşındı və həmçinin Sudandan muzdlu qüvvələr,  Birləşmiş Ərəb Əmirliklərinin hərbi qırıcıları Liviyaya göndərildi. Göründüyü kimi, artıq Rusiyanın qeyri-rəsmi ordusu olan “Vaqner” qrupu böyük bir neft ərazisini ələ keçirdi və bu, gözlənilən idi. Çünki qeyd etdiyim kimi, keçən həftə Rusiya və adını çəkdiyim ölkələr Liviyaya öz hərbi qüvvələrini göndərməklə, artıq müharibəyə başlanmasına hazırlıq görürdü”.

“İlk hücuma keçən Rusiyanın “Vaqner” qruplarıdır”

Əsədullazadənin fikrincə, Misir prezidenti Sisinin Qahirə bəyannaməsi də diqqətdən qaçmamalıdır: “Hansı ki, bu, fiaskoya uğradı. Bundan əlavə, dəfələrlə marşal Haftar atəşkəsə getmək istəyirdi. Amma Türkiyə və Liviya mərkəzi hökuməti buna qarşı getdi və hərbi hücumları davam edəcəyini elan etdilər. Bundan da əlavə, keçən həftə Benqazidə üsyançı qüvvələrin milli birliyinin məclisinin sədri Rusiya tərəfindən böyük təmtaraqla qarşılandı. Rusiya bununla qeyri-rəsmi elan etdi ki, onlar şərqi Liviyadakı hökuməti tanıyır və onlara hərbi dəstəyi davam etdirəcəklər. Görünyüdü kimi, ilk hücuma keçən Rusiyanın “Vaqner” qruplarıdır. Bundan da əlavə, Birləşmiş Ərəb Əmirliklərinin bir neçə hərbi təyyarəsinin Liviyada Türkiyənin hərbi bazasının bombalanmasını qeyd edirlər. Bu barədə müəyyən informasiyalar var. Bu, bir neçə gündən sonra bilinər ki, bu həqiqətdir, yoxsa, boş informasiyadır. Əgər Birləşmiş Ərəb Əmirliklərinin hərbi təyyarəsi Türkiyə hərbi bazalarını Liviyada vurubsa, bu, artıq geniş müharibəyə səbəb olacaq. Türkiyə çox güclü şəkildə buradakı Birləşmiş Ərəb Əmirliklərinin, həmçinn Rusiyanın bazalarına hücumlar edə bilər”.

“Rusiya Liviya məsələsində geri çəkilmir”

Keçən həftə Türkiyə, Rusiya və İran prezidentlərinin videokonfransının keçirildiyini qeyd edən Əsədullazadə  belə qənaətdədir ki, tərəflərin Suriya məsələsində müəyyən mövqeləri üst-üstə düşsə də, bundan sonra Liviyada Türkiyə və Rusiyanın üz-üzə gəlməsi qaçılmaz olacaq: “Göründüyü kimi, Rusiya Liviya məsələsində geri çəkilmir və Türkiyə ilə üz-üzə gəlmək geoplanını reallaşdırır. Əlbəttə ki, əgər Rusiyanın “Vaqner” muzdlu ordusu tərəfindən Türkiyə üz-üzə gələrsə, Ankara-Moskva əlaqələrində çox ciddi şəkildə qırılmalar baş verə bilər. Əgər Rusiya neft yataqlarını nəzarətə götürübsə, demək bu planlı şəkildə həyata keçirilir və Türkiyə ilə toqquşmağı gözə alıblar. Bu prosesi belə qiymətləndirmək olar. Yox, əgər muzdlu “Vaqner” qrupu həmin neft yataqlarına hücüm etməsəydi, buranı nəzarətə götürməsəydi, Rusiya-Türkiyə əlaqələrində vəziyyətin bu qədər böhrana gələcəyini düşünmək olmazdı. Hazırda Türkiyə heç də geri çəkilməyəcək. Artıq Sərrac hökuməti buranı hərbi ərazi elan etməklə, hesab edirəm ki, Türkiyə tərəfi çox güclü hücuma keçəcək və “Vaqner” qrupunu da burada zərərsizləşdirə bilərlər. Bu da yenidən Moskva və Ankara arasında ciddi böhrana gətirib çıxaracaq. Amma hesab edirəm ki, tərəflər yenidən danışıqlar masasına gələcək və müəyyən qədər atəşkəsə gedə bilərlər. Ancaq Liviya məsələsində tərəflərin hələ ki, ortaq məxrəcə gəlməsi yaxın perspektivdə mümkün olmayacaq. İndi burada İngiltərə, İtaliya faktoru da var. Bunlar Türkiyəni dəstəkləyir, həmçinin Amerika Birləşmiş Ştatları da burada maraqlıdır ki, Rusiya ilə Türkiyə Liviyada toqquşsun və burada əsas müəyyən dəstəyi Türkiyəyə verməkdədir. Amerika da Liviyada Rusiyanın güclənməsində maraqlı deyil”.

“Neft yataqlarına “Vaqner” qrupu tərəfindən nəzarət olunması “qırmızı xətt”in keçilməsi deməkdir”

M.Əsədullazadənn fikrincə, Rusiya Liviyada məğlub olacaq və Türkiyə burada öz mövqelərini gücləndirəcək: “Bu gündən sonra Liviyada hərbi müstəvidə yeni toqquşmalar gözlənilir. Amma bu prosesdə Qərb dövlətlərinin bir çoxu Türkiyəni dəstəkləyəcəklər. Çünki Rusiyanın Orta Şərqdə artan aqressiv hərbi siyasəti  Avropanı təhdid edir. Avropanın su sərhədlərində Rusiyanın bu istiqamətdə güclənməsi ABŞ başda olmaqla, NATO-nu da narahat edir.  Düzdür, burada Yunanıstan və Fransa istisnadır. Amma digər NATO dövlətləri Türkiyəni dəstəkləyəcəklər və Liviyada prosesi Türkiyə ələ alacaq. Düzdür, burada Misirin rəsmi şəkildə hücüma keçməsi gözlənilmir. Türkiyə burada əsasən, Birləşmiş Ərəb Əmirliklərinə və Rusiyanın “Vaqner” qrupuna çox ciddi zərbələr endirəcək. Çünki həmin neft yataqlarına  “Vaqner” qrupu tərəfindən nəzarət olunması artıq “qırmızı xətt”in keçilməsi deməkdir. Bu, Türkiyə və Sərrac hökumətinə qarşı müharibə elanı deməkdir. Hesab edirəm ki, bir müddət toqquşmadan sonra tərəflər yenidən “taymaut” götürəcək və müəyyən qədər danışıqlara gedəcəklər”.

Şamo EMİN, Hurriyyet.org