“Rusiya istəsəydi, KTMT-nin iclasını çağırardı və…” – Müsahibə

147

Hurriyyet.org-un məlumatına görə, Teleqraf.com saytının suallarını politoloq Qabil Hüseynli cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

– Qabil müəllim, Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində baş verən hadisələri necə qiymətləndirirsiniz?

– Tam aydın oldu ki, Ermənistan Tovuz rayonu ilə sərhəddə məqsədyönlü şəkildə təxribat təşkil edib. Bu təxribatın məqsədi də Azərbaycanı guya Ermənistan ərazilərinə hücum edirmiş kimi göstərmək və bunu da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına şikayət etmək, nəticə etibarilə bu təşkilata aid olan dövlətlərin hərbi gücünü Azərbaycana qarşı çevirmək idi. Söhbət ilk növbədə Rusiya hərbi qüvvələrindən gedir. Amma bu provokasiya bütün istiqamətlər üzrə iflasa uğradı. Azərbaycan ordusu erməni ordusunun “burnunu” yaxşıca ovdu, ona yaxşı bir dərs verdi. Üstəlik, hamı gördü ki, hücum edən tərəf Ermənistandır. Bu səbəbdən də Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın KTMT-yə etdiyi müraciət də qəbul edilmədi. Yəni, faktiki olaraq KTMT-nin Daimi Şurasının iclası da baş tutmadı. Bütövlükdə aydın oldu ki, bu hadisələrin arxasında erməni hiyləsi, erməni təxribatı və Azərbaycana qarşı yönəlmiş çox hiyləgər və mənəviyyatsız hərəkətlər dayanırmış. Artıq bütün dünya bu məsələlərin əsl mahiyyətini bilir.

– Rusiyanın budəfəki hadisələrlə bağlı mövqeyini necə qiymətləndirirsiniz?

– Könül istərdi ki, Rusiya keçmiş sovet dövlətinin varisi kimi bu məsələlərdə daha fəal iştirak etsin. İndiki dövrdə də Rusiyanın fəaliyyəti haqqında hər hansı ciddi fikir söyəmək mümkün deyil. Çünki Rusiya istəsəydi KTMT-nin iclasını çağıra və orada hər hansı uydurma bəyanat qəbul etdirə də bilərdi. Amma faktlar o qədər üzdə idi ki, bunları etmək mümkün olmadı. 2016-ci ilin aprel döyüşləri zamanı ermənilər hücuma keçmək, diversiya qrupları ilə Azərbaycan ordusunun içərilərinə doğru hərəkət etmək istəmiş, Azərbaycan ordusunun əks hücumu nəticəsində çox yaxşıca bir dərs almışdılar. Eyni hadisələr Tovuz əməliyyatları zamanı da baş verdi. Hər halda Rusiyanın proseslərə müdaxilə etmək baxımından təmkinli mövqeyini dəyərləndirməmək mümkün deyil. İkinci isə Rusiya atəşkəs rejiminin əldə edilməsində səylər göstərdi, hər iki tərəfə müraciət etdi və bu səylər də bəhrəsini verdi. Bu müsbət cəhəti mütləq qeyd etmək lazımdır.

– Rusiya aprel döyüşləri zamanı hərbi əməliyyatların dayandırılması üçün çox israr etdi, Müdafiə naziri Sergey Şoyqu, Xarici İşlər naziri Sergey Lavrov tərəflərə dəfələrlə zəng etdilər. Amma bu dəfə biz bunun şahidi olmadıq…

– Bəli, haqlısınız. 2016-cı ilin aprelin ilk günlərində Azərbaycan ordusu çox uğurlu hərbi əməliyyatlara başlamışdı. Ordumuz Cəbrayıl rayonunadək gedib çıxmış, Lələtəpə yüksəkliyini əldə etmiş, Sərsəng su anbarı tamamilə mühasirəyə alınmış, Madagiz su elektrik stansiyası da Azərbaycan ordusunun atəş nöqtəsi altında düşmüşdü. Aprel döyüşləri zamanı Rusiya fəal müdaxilə etdi və Ermənistanı labüd məğlubiyyətdən qurtardı. İndiki Tovuz əməliyyatları zamanı isə görünür müəyyən mətləbdən agah imiş. Yəni, Ermənistan ordusunun hücuma hazırlaşdığı da, hücum əməliyyatları zamanı yeni Azərbaycan torpaqları işğal etməsi faktı da görünür Rusiyaya məlum imiş. İlk vaxtlar Rusiyadan umduğumuz fəallığı görə bilmədik. Düzdür, Lavrov atəşkəsə nail olmaq üçün hər iki ölkənin XİN başçılarına zəng etdi. Amma o qədər də ciddi səylər göstərmədilər. Çünki ilk vaxtlar ermənilər daha fəal idilər. Azərbaycan ordusu müəyyən itki verirdi. Belə bir düşüncə var idi ki, guya erməni ordusu hücuma keçəcək, yeni ərazilər götürəcək və nəticə etibarilə Azərbaycan ordusunu məyus edəcək. Amma elə ki, Azərbaycan ordusu bütün qüdrətini işə saldı, bütün gücünü ortaya qoydu, erməni ordusunun ağız-burnunu yaxşıca ovuşdurdu və onu ağır itkilərə məruz qoyub onu pələsəng etdi, bu zaman Rusiya həyəcan təbili çaldı və yenidən Lavrov, yenidən başqa siyasilər meydana daxil olaraq atəşkəs rejiminin əldə edilməsi üçün səylər göstərməyə başladılar. Azərbaycan istəsəydi hücum edib Ermənistan ərazisindən ən azı iki-üç rayonu ələ keçirə bilərdi. Məsələn, Oktemberyan rayonunu, Tavuş vilayətini götürə və Ermənistanın dərinliklərinə doğru irəliləyə bilərdi. Amma bu Azərbaycan üçün lazımlı deyildi. Belə bir hadisə baş versəydi, o zaman Azərbaycan KTMT ilə baş-başa qala bilərdi. Ən azından onun tərəfindən Ermənistana kömək məqsədilə müəyyən qüvvələr gələ, məsələn, Gümrüdəki 102 saylı Rusiya hərbi bazası, yaxud İrəvan yaxınlığındakı Erebunu hərbi hava bazası yaxınlığında yerləşən Rusiya hərbi təyyarələri də işə düşə bilərdi. Bax, bu nöqteyi-nəzərdən Azərbaycan bu bölgədəki hücum əməliyyatının – Ermənistan ərazilərinin işğalının hansı məsuliyyət yaradacağını yaxşı başa düşdü. Sadəcə olaraq Ermənistanın dərsini verdikdən, erməniləri yaxşıca əzişdirdikdən sonra Azərbaycan ordusu öz mövqelərində qərarlaşdı. Rusiya da Ermənistan ordusunun zəifliyini, acizliyini görüb barışdırıcı mövqe tutmaq məcburiyyəti qarşısında qaldı və tərəfləri atəşkəs rejiminə çağırdı. Başqa dövlətlərdən, beynəlxalq təşkilatlardan da belə çağırışlar gəldi və əticə etibarilə atəşkəsə nail olundu.