“Rusiya indiki halda çıxılmaz vəziyyətdədir”

44

Mübariz (Əhmədov) Azərbaycanlı: “Əslində Kreml nə Ermənistanı əldən vermək istəyir, nə də Azərbaycanı”

“Ermənistan artıq can üstədir, yaxın günlərdə öləcək”

“Rusiya Ermənistanı sığallaya-sığallaya, incitmədən, Qərbə tərəf hürkütmədən Qarabağı Azərbaycana təslim etməyə məcbur qalıb”

“Azərbaycan Ordusu bu gün BMT-nin masa üzərində qalıb saralmış məhz həmin qətnamələrini güc yolu ilə icra edir və buna tam haqqı var. Ona görə də Ermənistan hökuməti işğalçılıq siyasətindən əl çəkib, “Qarabağ – Azərbaycandır!”, – deyib təslim olmayınca, biz heç bir halda döyüşü dayandırmamalıyıq”. Bunu “Hürriyyət”ə müsahibəsində müstəqil jurnalist Mübariz (Əhmədov) Azərbaycanlı bildirib. Müsahibimiz Azərbaycanın öz torpaqlarını bu dəfə necə olur-olsun mütləq azad edəcəyini deyib.

– Mübariz bəy, sizcə, Rusiyanın neytral qalacağına dair əminlik olmasaydı, Azərbaycan əks-hücuma keçərdi?

– Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün hüququ həmişə olub. Bunu BMT-nin hələ 1993-cü ildə qəbul etdiyi 4 qətnamə də təsdiq edir. Yəni, Ermənistan öz işğalçı qoşunlarını Azərbaycanın beynəlxalq təşkilatlar və dünya dövlətləri tərəfindən tanınmış olan ərazisindən qeyd-şərtsiz çıxarmalı idi. Əks təqdirdə isə Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə əsasən, öz torpaqlarını işğalçıdan azad etmək hüququna malik idi.

Ancaq məsələ ATƏT-in Minsk qrupuna həvalə edildiyindən Azərbaycan tərəfi istəyirdi ki, bu iş danışıqlar yolu ilə qan tökülmədən həll olunsun. Təəssüf ki, bu üzvlər isə məsələni daha çox ermənilərin xeyrinə uzadılmasına çalışdılar və Qərbin dəstəyi ilə hakimiyyətə gələn Paşinyan  işğal edilmiş torpaqlarımızdan quldur dəstələrinin çıxmayacağını açıq şəkildə bəyan etdi, üstəlik danışıqlara məhəl qoymadan, danışıqların formatını dəyişdirib əldədüzəltmə “dqr”-nın “müstəqil respublika” kimi tanınması barədə hərəkətə keçdi. İranda səfərdə olarkən, erməni klubunda “Qarabağ, bu, Ermənistandır.”, – deməklə, məsələnin sülh yolu ilə həllinin mümkün olmayacağına açıq mesaj verdi. Belə olan halda isə artıq rəsmi Bakı öz qəti mövqeyini ortaya qoymaq zorunda qaldı və indi  Rusiya, həmçinin digər ölkələr “Atəşi dayandırın” çağırışını, bizə deyil, Ermənistana olmalıdır, eyni zamanda, onlardan Azərbaycanın suveren ərazilərindən dərhal çıxmaları tələb olunmalıdır. Ona görə də, burda istər Rusiyanın, istərsə də başqa bir ölkənin bizimlə necə davranıb-davranmamasından asılı olmayaq, gec-tez biz öz torpaqlarımızı onsuz da azad etməliydik və bu, indiki yaranmış siyasi şəraitə təsadüf etdi.

– Putindən tələb olunur ki, Azərbaycanı dayandır. Bu vəziyyətdə biz nə etməliyik?

– Bizi kimsə dayandıra bilməz. Çünki biz həm hüquqi, həm də mənəvi tərəfdən bu işdə haqlıyıq. Əgər Rusiyanın ərazisini hansısa başqa bir ölkə işğal etmiş olsaydı, nəinki 30 il gözləyərdi, heç 30 dəqiqə belə səbr etməzdi. İşğalla kim barışa bilər? Heç kim!  Bu üzdən də kimsənin bizə nə isə deməyə nə mənəvi, nə də hüquqi baxımdan haqqı yoxdur. Azərbaycan Ordusu bu gün BMT-nin masa üzərində qalıb saralmış məhz həmin qətnamələrini güc yolu ilə icra edir və buna tam haqqı var. Ona görə də Ermənistan hökuməti işğalçılıq siyasətindən əl çəkib, “Qarabağ – Azərbaycandır!”, – deyib təslim olmayınca, biz heç bir halda döyüşü dayandırmamalıyıq. Düşməni torpaqlarımızdan qovub birdəfəlik çıxarmalıyıq və sərhədimizi möhkəmləndirməliyik!

– Humanitar atəşkəs haqqında razılaşdırmalara baxmayaraq, ermənilər ilk gündən öz çirkin əməllərini davam etdirdilər…

– Bunun bütün məsuliyyəti Ermənistanın üstündədir. Çünki onların yalvarışından sonra rəsmi Bakı humanistlik edib humanitar atəşkəsə imza atsa da, ancaq ermənilər öz çirkin xislətini bir daha ortaya qoyub, Cenevrə Konvensiyasını kobud şəkildə pozaraq, Gəncəyə raket zərbəsi endirdi. Bundan sonra hansı atəşkəsdən söhbət gedə bilər və hansı erməniyə inanmaq olar? Onlar bu addımı atmaqla, özlərinə ölüm hökmü kəsmiş oldular.

– İşğalçı ölkənin XİN rəhbərinin Rusiyaya səfəri də diqqətdən kənarda qalmır. Sizcə, Lavrov Mnatsakanyanı nə üçün çağırmışdı?

– Rusiya indiki halda çox çıxılmaz vəziyyətdədir. Əslində Kreml nə Ermənistanı əldən vermək istəyir, nə də Azərbaycanı. Çünki əgər o açıq şəkildə haqsız Ermənistanı dəstəkləsə, Azərbaycan kimi iqtisadi-siyasi, həm də etibarlı bir tərəfdaşını itirmiş olacaq. Bundan əlavə, Azərbaycana öz ərazisində Türkiyəyə məxsus hərbi bazanın yerləşdirilməsinə özü şərait yaratmış olacaq. Bu isə Rusiya üçün çox təhlükəlidir. Bu, NATO-nun Rusiya sərhədinə gəlməsi deməkdir.

Digər tərəfdən isə, Rusiya Ermənistanı əlində saxlayıb ona Qərbə, Paşinyanı hakimiyyətə gətirənlərə tərəf qaçmamasına çalışır. Moskva indi Türkiyənin təkidi ilə işğal olunmuş Azərbaycan torpaqlarını qaytarmaq zorundadır. Əks halda bu iki dövlətin üz-üzə gəlməsi qaçılmaz olacaq. Bu isə Rusiya tərəfinə Tükiyə ilə böyük ticari əlaqələri fonunda heç bir halda sərf etmir. Başqa tərəfdən də Rusiya yaxşı bilir ki, Ermənistan işğalçıdır. Ona görə də Rusiya işğalçı Ermənistana görə Türkiyə kimi regionda nüfuzlu bir dövlətlə düşmən olmaq istəmir.

Lavrovun Mnatsakanyanı Moskvya çağırmasına gəlincə isə, bu, sadəcə gözdən pərdə asmaq idi. Güya Moskva Mnatsakyanı çağırdı, hansısa formada tənbeh etdi ki, bir də mülki əhaliyə raket atmasın. Ancaq nəzərə alsaq ki, Lavrovla Mnatsakanyan eyni kökdəndirlər, arxada ona nə dediyini dəqiq söyləmək olmaz. Nə bilmək olar bəlkə, “Dəli Kür” filmindəki molla Sadıq kimi deyib, “gedin işinizdə olun”…

– Gəncə terror ilə Moskvanın təşəbbüsünə zərbə vuran Ermənistanı cəzalandırmaq əvəzinə, Rusiya niyə “humanitar yardım” adı altında işğalçı ölkəyə silah-sursat yollayır?

– Düşünmürəm ki, Gəncə terroruna qarşı Rusiya utandı və ya buna görə Ermənistana hansısa bir təzyiq göstərdi. Əslində Rusiya yaxşı bilir ki, Azərbaycan öz torpaqlarını bu dəfə necə olur-olsun mütləq azad edəcək. Ancaq Ermənistana silah yardım etməklə, özünü elə aparır ki, güya onu dəstəkləyir. Başqa sözlə desək, Rusiya Ermənistanı sığallaya-sığallaya, incitmədən, Qərbə tərəf hürkütmədən Qarabağı Azərbaycana təslim etməyə məcbur qalıb. Çünki Rusiyanın başqa bir variantı yoxdur.

– Rusiya XİN rəhbəri Sergey Lavrov sülhməramlıları təmas xəttinə göndərmək istəyir…

– Əgər Qarabağda təmas xəttini Azərbaycan Ordusu 27 sentyabrda dağıtdısa, hansı təmas xəttindən burda danışmaq olar? Digər tərəfdən də, Lavrov kimdir ki, öz başına Azərbaycanın razılığı olmadan onun suveren ərazisinə hansısa sülhməramlıları gətirə. Bu, beynəlxalq hüquqa zidd bir addımdır. Burda sadəcə Rusiya çalışır öz hərbçilərini Qarabağa gətirməyə legitimlik əldə etsin. Ancaq bu, rəsmi Bakının icazəsi olmadan zor gücü ilə ola bilməz. Əks təqdirdə bu bizim ölkəyə Rusiyanın aqressiyası olar. Digər tərəfdən, sülhməramlı kiminlə kimin arasında dayanacaq? Azərbaycan torpağında onun ordusu ilə terrorçu ermənilərin? Bu heç bir məntiqə sığışmır və heç bir halda mümkün olan deyil!

– Məğlubiyyətdən sonra Ermənistanda siyasi vəziyyət necə ola bilər?

– Düşünürəm ki, 8 milyard borcu olan, üstəlik işğalçılıq siyasətindən əl çəkməyərək, haqsız yerə başladıqları müharibədə xeyli maddi-texniki və əsgəri itkisi olan ölkədə sosial partlayışın olmaması mümkün deyil. Əgər Qərb Paşinyanı xilas edə bilsə, o, birtəhər hələ öz postunda oturacaq. Ancaq xalq Moskvanın istədiyi adamların hakimiyyətə gəlişinə razı olsa, onda çox güman Paşinyan başını götürüb ABŞ-a qaçacaq, yerdə qalanlar isə yenə də əvvəlki kimi Rusiyanın köləsi olaraq qalacaqlar.

– Hər zaman terrorçuluqla mübarizədən danışan dövlətlər indi Ermənistanı Cənubi Qafqazı terror yuvasına çevirməsinə göz yumurlar. Bunun səbəbi nədir?

– Çünki ikiüzlüdürlər. Öz maraqlarını güdürlər. Dünyanı güclülər idarə edir və onları heç kim mühakimə etmir. Ona görə də Azərbaycan Ordusu öz gücünü ortaya qoyduqdan sonra bütün dövlətlər bir az danışdı, ancaq indi hamısı susub oturublar yerlərində. Rusiya isə Qafqazı əlindən çıxarmamaq üçün hələ ki müxtəlif gedişlər getməyə cəhd edir.

– Sizcə, müharibə nə vaxta kimi davam edə bilər?

– Düşünürəm ki, müharibə yaxın vaxtlarda, uzaqbaşı bu ayın sonunda bizim haqq etdiyimiz qələbə ilə başa çatacaq. Çünki, müharibəni aparmaq üçün həm pul, həm də əsgər lazımdır. İqtisadçıların hesablamalarına görə isə, müharibə başlayandan Ermənistan 2 milyarddan artıq pul itirib, hərbi texnikasının 80% məhv edilib və əsgəri ehtiyatı tükəndiyindən döyüşə qocaları göndərir. Paşinyanın 14 oktyabrda xalqa müraciəti onu sübut etdi ki, Ermənistan artıq məğlub duruma düşüb və təslim olmaq ərəfəsindədir. Bu isə o deməkdir ki, Ermənistan artıq can üstədir yaxın günlərdə öləcək. Odur ki, Qarabağ, Azərbaycandır!

YƏHYA