“Rusiya Ermənistanı xilas etməkdə maraqlı deyil, çünki…”

129

Tofiq Zülfüqarov: “Moskva düşünür ki, madam ki, Ermənistan sabah Qərbə üz tutacaq, ona niyə kömək edim ki?”

Artıq altıncı gündür ki, ordumuzun düşmənə qarşı uğurlu əks-hücum əməliyyatı davam edir. Azərbaycan ordusunun bir-birindən sarsıdıcı həmlələri qarşısında davam gətirməyən, istər canlı qüvvə, istərsə də texnika baxımından böyük itkilərlə qarşılaşan Ermənistan, “sülh yalvarışları”nı dilə gətirməkdə, vəziyyətdən çıxmaq üçün digər dövlətlərin yardımına ümid etməkdədir.

Maraqlıdır, müharibənin gedişində Rusiyanın hansısa məqamda proseslərə müdaxilə etməsi, Ermənistana dəstək verməsi mümkündürmü? Rusiya hazırkı anda hərbi əməliyyatların gedişatına müdaxilə etməkdə nə dərəcədə maraqlıdır?

Moderator.az-a açıqlama verən sabiq XİN rəhbəri Tofiq Zülfüqarov, Rusiyanın Ermənistana yardım etməkdə maraqlı olmadığını vurğuladı:

“Hazırda Paşinyan hökumətinin yürütdüyü siyasətdə qəribə bir ziddiyyət mövcuddur. Erməni toplumu sanki Paşinyana sosial sifariş ünvanlayıb. Bu sifarişin də mahiyyəti Rusiya ilə “vidalaşıb” Qərbyönümlü siyasət yürütməkdir. Ermənilər başa düşür ki, onlar Rusiyadan aldıqlarını alblar və indi yeni investisiyalar, texnologiya və s. almaq üçün Qərbyönlü siyasətə ehtiyac var. Amma eyni zamanda işğalçılıq siaysətinin əsas təminatları Rusiya ilə bağlıdır. Təhlükəsizlik təminatı və s. buna nümunədir. Bu baxımdan məlum ziddiyyəti heç cürə həll etmək mümkün deyil.

Ermənistanın niyyəti Rusiyaya da yaxşı məlumdur. Elə bu səbəbdən də Rusiya Ermənistana yardım etməkdə maraqlı deyil. Rusiya düşünür ki, madam ki, Ermənistan sabah Qərbə üz tutacaq, o zaman ona niyə kömək edim ki?

Paşinyan davamlı təxribatlar törətməklə hərbi əməliyyatların başlanmasında maraqlı idi və o, bu müharibənin nəticələrinə görə Rusiyanı ittiham edəcək. Ittiham olunanlardan biri də Rusiya daxilindəki Rusiyapərəst siyasətçilər olacaq. Bu baxımdan artıq strategiya bəllidir. Inamıram ki, Rusiyada bu strategiyanı görməyəcək qədər sadəlövh siyasətçilər mövcud olsun. Bu strategiyada Rusiyanın maraqlarına uyğun heç nə yoxdur. Ona görə də Rusiya Ermənistanı xilas etməkdə maraqlı olmayacaq”.

Seymur ƏLİYEV