“Rusiya düşük addımlar atır, hələ bir dünya lideri olmağa çalışır” – NATİQ CƏFƏRLİ

378

“İllərdir deyirdik ki, çoxşaxəli ixrac modelinə keçmək, Avropa Birliyi ilə saziş bağlayıb Avropa bazarına çıxmağa cəhd etmək, Orta Asiya, Yaxın Şərq bazarında özünə yer etmək lazımdı”

“Rusiya “Covid”lə bağlı vaksinasiya başlayıb. İlk inyeksiyadan 21 gün sonra 2-ci dəfə vaksin vurulur”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərliyə məxsusdur.

Politoloqun sözlərinə görə, əsas şərtlərdən biri budur ki, vaksin vurulan ən azı 42 gün spirtli içki içməməlidir, yoxsa effekti olmayacaq: “Rusiya deyəsən, bəri başdan effeksiz vaksinasiyaya informasiya fonu hazırlayır. Yeni il, yanvarın 7-də provoslav Milad bayramı, 12 gün yanvar tətili, 13 də “köhnə-yeni” il və hələ də davam edən “özünüizolyasiya” rejimi – rusiyalı necə içməsin?! Mümkündür bu?! İkincisi, indi bu özünü böyük, güclü sayan dövlət Azərbaycan-Türkiyə yaxınlaşmasına, hərbi parada görə məmləkətdən pomidor-alma ixracına qadağa qoyub, belə düşük addımlar atır, hələ bir dünya lideri olmağa çalışır. Bizim hökumət də 29 il müstəqillik dövründə aqrar sektorda ixracatda Rusiyadan ciddi asılığı azalda bilmədi, bu isə Kremlə imkan verir ki, hər dəfə pomidorumuzu əlinə alıb üstümüzə gəlsin. İllərdir deyirdik ki, çoxşaxəli ixrac modelinə keçmək, Avropa Birliyi ilə saziş bağlayıb Avropa bazarına çıxmağa cəhd etmək, Orta Asiya, Yaxın Şərq bazarında özünə yer etmək lazımdı. Amma biz SSRİ dövründən öyrəndiyimiz yolla getdik, indi bunun fəsadlarını yaşayırıq”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org