RUSİYA ÇƏTİN SEÇİM QARŞISINDA… – Moskva Ermənistana görə Azərbaycanı tam itirməyi göz önünə ala bilərmi?

66

Azərbaycan Ordusunun işğalda olan torpaqların azad edilməsi əməliyyatına başladığı ilk gündən Rusiya Federasiyası proseslərin mərkəzindədir.

 

Müharibənin birinci ongünlüyündə Moskvanın səssizliyi və Nikol Paşinyanın prezident Vladmir Putinə yalvarışları, sonrakı həftədə atəşin dayandırılması üçün aktiv diploimatik səyləri əsas müzakirə obyekti oldu. Oktyabrın 10-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri Moskvaya dəvət olundu və Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə 4 bəndlik atəşkəs razılaşması imzalandı.

Rusiya Azərbaycandan əvvəlki status-kvonun bərpasını, danışıqların köhnə formatla davam etdirilməsini istəyir. Rəsmi Bakı isə ən yüksək səviyyədə bəyan edib ki, artıq nə status-kvo, nə də təmas xətti yoxdur. Ermənistan ən qısa müddətdə danışıqlar masasına oturub işğal olunmuş ərazilərin boşaltmaq üçün qrafik verməlidir. Azərbaycan müharibəni dayandırmayıb, sadəcə Ermənistana şans verib. Əgər vəziyyət dəyişməsə, torpaqları azad etmək üçün əməliyyatları davam etdirmək hüququnu özündə saxlayır.

 

Atəşkəs rejimi ilk gecədən Ermənistan tərəfindən pozulmağa başlayıb. Oktyabrın 10-da gecə saatlarında Gəncə şəhəri ballistik raketlə vurulub, nəticədə 10 nəfər həlak olub, 35 nəfər yaralanıb.

Oktyabrın 14-də Azərbaycan Müdafiə Nazirliyi Gəncəyə raket atan sistemlərin müəyyənləşdirlərək Ermənistan ərazsində məhv edildiyini açıqlayıb.

Qarabağ istiqaməıtində isə döyüşlər dayanmayıb, Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına cavab olaraq düşmənin canlı qüvvəsini, hərbi texnikasını darmadağın edərək önəmli döyüş mövqeləri qazanıb.

Rusiyanın Azərbaycana psixoloji təzyiqləri nə ilə bağlıdır?

Rusiya cəbhədəki situasiyadan ciddi narahatlıq keçirir, bir qədər əvvəlki səssizliyini pozaraq Azərbaycana qarşı hiss olunacaq fəaliyyətə start verib. İlk növbədə Kremlin nəzarətində olan media gecə-gündüz Azərbaycan əleyhinə təbliğata başlayıb. Hər gün müxtəlif telekanallarda təşkil olunan tok-şoularda ekspertlər, teleaparıcılar Moskvanı prosesə müdaxilə etməyə, Azərbaycanı ittiham edirlər. Şübhəsiz ki, belə ab-hava yaratmaq Bakıya psixoloji təzyiqdən başqa bir şey deyil.

Bu isə gözlənilən idi. Moskvanın narazı salan bir neçə məqama nəzər salaq:

Rusiya ilk növbədə Azərbaycan Ordusunun keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazisi hesab olunan Hadrut qəsəbəsinin və ətraf yüksəkliklərin ələ keçirməsindən, strateji əhəmiyyətli Suqovuşandan, Murovdağan erməni birləşmələrini çıxarılmasından narazı qalıb.

Moskva Türkiyənin Azərbaycana mənəvi-siyasi dəstəyindən, bu ölkənin istehsal etdiyi müasir döyüş aparatlarının, yüksək dəqiqliyiə malik silahların Azərbaycana verilməsindən də narazıdır.

Eyni zamanda Türkiyənin mövqelərinin Cənubi Qafqazda möhkəmlənməsini birmənalı şəkildə istəmir. Azərbaycanın israrlı təşəbbüslərinə rəğmən Ankaranın münaqişənin sülh yolu ilə nizamlanması prosesində iştirakını əngəlləmə yə uğursuz cəhdlər edir.

Buna görədə, Moskva görüşündə əldə olunan razılaşmaya prosesin ancaq Minsk qrupu həmsədrlərinin vasitəçiliyiilə tənzimlənməsi bəndi də salınıb. Türkiyə açıq şəkildə bundan narazıdır və Moskva qarşısında tələblər qaldırıb. Azərbaycan da Türkiyə rəsmiləri ilə eyni mövqedən çıxış edərək Ankaranın danışıqlar masasında oturmasını istəyir.

Moskvanın öz hərbçilərini Qarabağa göndərmə ehtimalı varmı?

Beləliklə regionda cərəyan edən proseslər Moskvanın maraqlarından kənara çıxıb və Rusiya rəhbərliyinin onu əvvəlki məcrasına qaytarmağz cəhdlər edir.

İlk növbədə Sergey Lavrovla bərabər müdafiə naziri Sergey Şoyqu prosesə qoşulub. Şoyuq dünən Türkiyəli həmkarı Hulusi Aakarla telefon danışığında bildirib ki, Qarabağdakı “terrorçular” Rusiyanı ciddi narahat edir.

O, söhbətin hansı terroçulardan getdiyini konkretləşdirməsə də məsələ aydındır: Rusiya bununla prosesə hərbi müdaxilə edə biləcəyi fikrini formalaşdırma istəyir. Ancaq hamıya məlumdur ki, mühsribə Azərbaycan torrpaqlarında gedir və

Rusiya hərbiçilərinin münaqişə müdaxiləsi tamamilə beynəlxaq hüquqa zidd hərəkət olacaq .

Eyni zamanda bu, Türkiyənin də adekvat addım atmasına şərait yarada bilər.. Məlumdur ki, Türkiyə rəhbərliyi üçüncü tərəfin müdaxiləsi olacağı təqdirdə Azərbaycana ordu hissələri göndərəcəyini bəyan edib.

Ona görə də, kifayət qədər problemləri olan Moskvanın öz hərbiçilərini Qarabağa göndərmə ehtimalı yoxdur.

 

 

Burda Gürcüstanda, Ukraynada olduğu kimi “öz vətəndaşlarını, rus milli azlığını qorumaq” kimi formal səbəblər də mövcud deyil. Ermənistanla Rusiyanın KTMT çərçivəsində hərbi müttəfiqliyi var, amma Putinin də etiraf etdiyi kimi müharibə Azərbaycan ərazilərində gedir. Ermənistana hərbi zərbələr endirilməyib və bununla bağlı heç bir bəyanat da ortalıqda yoxdur.

Beləliklə, Rusiyanın Ermənistana açıq hərbi dəstək verməsini şərtləndirən heç bir səbəb yoxdur.

Buna rəğmən son günlər ortaya çıxan faktlar Kremlin tərəfsizliyinə və vasitəçiliyinə kölgə salıb. Məlum olur ki, Rusiya müttəfqinin məğlubiyyətini istəmir, dağıdılmış erməni ordusunun təchizatı üçün iri partiylarla Ermənistana silah daşıyır.

Bununla beynəlxalq hüququ pozur və özünün vasitəçi mandatına kölgə salır.

Belə davam edərsə, yəni Rusiya Ermənistana hərrbi dəstəyini daha da artırarsa Azərbaycan da müttəfiqləri də əlaqələri daha da sıxlaşdıra bilər.

Əvvala, Türkiyə ilə Azərbaycan arasında çoxdan müzakirə olunan birgə müdafiə sazişi imzalana bilər.

İkincisi, Azərbaycan ərazisində Türkiyənin hərbi bazalarının qurulmasına başlanar.

Üçüncüsü , Ankara Azərbaycan Ordusuna verdiyi dəstəyin həcmi bir neçə dəfə artırar və sair.

 

 

Nəzərə alsaq ki, Türkiyə ordusu dünyanın ən güclü orduları sırasında birincı beşlikdə dayanır, imkanlarına görə, NATO-da ikincidir, onun Azərbaycanda mövcudluğu istənilən təzyiqləri mənasız edir.

Təbii ki, Moksva bu reallığı ciddi şəkildə nəzərə alıb. Buna görə də, Rusiyanın öz addımlarını daha korrektə atacağı, Azərbaycanı itirməməyə çalışacağı ehtimal olunur.

Moskva sabit və güclü tərəfdaş olan Azərbaycanı, yoxsa problemli Ermənistanı seçəcək?

Çünki Ukrayna və Gürcüstandan sonra Azərbaycan kimi vacib qonşunu birdəflik itirməsi Rusiyaya böyük zərbə olar.

Əvvala, Azərbaycan müstəqillik qazandıqdan sonra Rusiya ilə tərəfdaşlıq münasibətlərinə həmişə sadiq olub. Siyasi, iqtisadi, hərbi əməkdaşlıq yüksələn xətt üzrə davam edib, humanitar, mədəni əlaqələr də başqa postsovet ölkələri ilə müqayisədə dinamik xarakter daşıyıb. Neft gəlirlərinin bir hissəsi Rusiyanın banklarında saxlanılır, ticarət dövriyyəsinin həcminə görə birinci üçlükdədir.

Bu ölkədə çoxsaylı azərbaycanlılar həm də Rusiya iqtisadiyyatına böyük töhfələr verirlər. Moskva bu faktordan Azərbaycana qarşı təzyiq kimi istifadə etməyə çalışsa da onun əks təsirlərini də nəzərə almalıdır.

 

 

İki ölkə arasında bu əməkdaşlığı Ermənistan-Rusiya əlaqələri ilə müqayisə etmə mümkün deyil. Yerevan faktiki olaraq Moskva üçün ağır yükə çevrilib, uzun illərdir, erməni iqtisadiyyatı Rusiyanın güzəştləri hesabına ayaqdadır, milyardlarla dollarlıq hərbi texnika-silah sursat havayı verilib. Ermənistan ancaq Rusiyanın regiondakı geopolitik maraqlarıın həyata keçirilməsində zəif alətdən başqa heç bir cəlbediciliyi ilə seçilmir. Bunun əvəzində isə erməni cəmiyyətindən xəyanət görüb. Qərb dairələri ilə sıx əlaqədə olan Paşinyanın hakimiyyətə gəlməsindən sonra bu ölkədə rus maraqlarının ayaqlar altına atılması faktdır.

Onu da qeyd edək ki, Azərbaycan Ermənistandan fərqli olaraq Rusiyanın regiondakı maraqlarını yaxşı balanslaşdırır. Hətta bəzən digər postsovet ölkələri kimi əlindəki təzyiq alətlərindən ona qarşı istifadə etmir. Məsələn, Qarabağ münaqişəsinin Rusiya tərəfindən yaradılması, Azərbaycan torpaqlarının işğalında bilavasitə rol oynaması açıq şəkildə deyilmir.

Gürcüstan, Ukrayna isə Rusiyanı işğal faktına görə divara dirəyib, onun ağır sanksiyalara məruz qoyulması üçün bütün vasitələrdən istifadə edib.

Azərbaycan beynəlxalq aləmin qarşısında yalnız Ermənistanın təcavüzkarlığını qaldırır. Bu onu xeyli dərəcədə beynəlxalq dəstəkdən məhrum etsə də, Moskva ilə konfliktə getməməyə üstünlük verir, onun regiondakı maraqlarını nəzərə alır.

Ancaq Rusiya açıq şəkildə birtərəfli mövqe tutduğunu nümayiş etdirərsə, təbii ki, Bakı da bu siyasətini dəyişə bilər. Hansı ki, Prezident İlham Əliyev dünəni çıxışında bunun mesajını verdi.

Sitat: “Bu gün Türkiyə bölgədə və yeni coğrafiyada çox önəmli sabitləşdirici rol oynayır. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın bu toqquşmaların ilk saatlarında verdiyi dəstək sabitliyi qorudu. Bəziləri bəlkə bunu anlamırlar. Əgər o sözlər olmasaydı, əgər mənim qardaşım deməsəydi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır, bəlkə də burada vəziyyət qarışardı. Bəlkə də başqa kimsə burada, necə deyərlər, bulanıq suda balıq tutmağa çalışacaqdı. Ona görə bundan sonra bu bölgədə biz yeni bir strateji mənzərə, strateji baxış yaratmalıyıq. Artıq bu barədə düşünməyə başlayırıq, ancaq hadisələri qabaqlamaq istəmirik”.

 

 

 

Yekun olaraq qeyd edək ki, Azərbaycan işğalda olan bütün ərazilərin azad etmək üçün ortaya qətiyyətli mövqe qoyub. Türkiyə bu yolda Azərbaycana bütün mümkün dəstəyi verəcəyini bəyan edib. 30 ildir davam edən işğala son qoyulması üçün başqa variantlar qalmayıb.

1994-cü ildən davam edən atəşkəs dövründə siə Rusiya münaqişəni həll etmək istəməyib, ondan ancaq tərəflərə təzyiq etmək, regionda hərbi-siyasi varlığını davam etdirmək üçün istifadə edib.

Azərbaycan işğalla barışmır, Moskvanın onun dayandırmaq cəhdlərinə isə Türkiyə ilə birləşərək müqavimət göstərir.

Nəticələr ortadadır: işğalda olan ərazilərin bir hissəsi azad edilib, erməni ordusu sarısıdıcı məğlubiyyətlə üzləşib. Bu prosesi dayandırmaq artıq mümkün deyil…

Elçin Rüstəmli

AzPolitika.info