“Rusiya Cənubi Qafqazdan çıxmaq fikrində deyil” – MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

105

“Azərbaycan Türkiyə və Qərb ölkələri ilə sıx əməkdaşlıq çərçivəsində hərbi yolla danışıqlarda irəliləyişə imza ata, Kremli fakt qarşısında qoya bilər”

“Rusiyanın Cənubi Qafqazda möhkəmliyi, Ermənistanda hərbi bazasının olması və bu ölkə üzərində öz təsir rıçaqlarını saxlaması, Azərbaycanın manevr imkanlarını müəyyən qədər zəiflədir”

Qarabağla bağlı son danışıqlar və digər davranışlardan məlum oldu ki, Rusiyanın köhnə strategiya və taktikasına uyğun olaraq konfliktlərin olduğu regionlarda sadəcə özünü göstərmək siyasəti var. Bunu Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov teleqraf.com-a açıqlamasında bildirib. Onun sözlərinə görə, bütün bunlar ona işarə edir ki, Rusiya bundan sonra daha çox öz problemləri ilə məşğul olacaq, Cənubi Qafqazdakı münaqişələr də daxil olmaqla, konfliktlər artıq onun üçün əhəmiyyət kəsb edən məsələlərdən uzaq olacaq.

Tofiq Zülfüqarov hesab edir ki, hazırda Rusiya üçün ciddi məsələ kimi Ukrayna və Belarus qalıb: “Hesab edirəm ki, bütün güc və imkanlarını ora yönəldəcək. Zənnimcə, Mixail Saakaşvilinin Ukrayna hökumətinə dəvət edilməsi onu göstərir ki, Rusiyadan uzaqlaşma prosesləri daha da güclənəcək. Lukaşenko-Moskva əlaqələrinə də nəzər salmaq olar. Uzağa getməyək, elə Rusiya Baş naziri ilə Çeçenistan rəhbərliyi arasında olan münaqişə… Bütün bunlar daxili böhranın göstəriciləridir. Belə vəziyyətdə Ermənistanın ambisiyalarını dəstəkləyən tapılacaqmı? Təbii ki, Sergey Lavrov istisna olmaqla. Mən buna inanmıram”. Sabiq xarici işlər naziri bu qənaətdədir ki, Rusiya Ukraynada, Abxaziya, Osetiya, Dnestrayanı bölgədə, elə Qarabağ konfliktində tutduğu mövqedən tədricən geri çəkiləcək: “Bu proses artıq görsənir. Abxaziyada gedən proseslər, Şimali Osetiyada olan hadisələr, Rusiya-Qazaxıstan arasında gərginliklərin meydana çıxması… Yəni yetərincə belə hadisələri saymaq olar. Bu mənada yeni şərait yaranırsa, ona uyğun yeni siyasət olmalıdır”.

“Kreml rəsmi Bakı ilə apardığı konfedensial danışıqlar prosesində o zaman yaşıl işıq yandıra bilər ki, öz sülhməramlı qüvvələrini Dağlıq Qarabağa yerləşdirsin və Azərbaycan Rusiyanın ittifaqlarında, xüsusi planlarında yer alsın”

Mövzu ilə bağlı Hurriyyet.org-a açıqlama verən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Rusiyanın Cənubi Qafqaz regionunda lokomativliyi, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində son günlər Xarici İşlər Nazirliyi səviyyəsində verdiyi mesajlar o deməkdir ki, Kreml münaqişə ətrafında hər hansı hərbi əməliyyatların baş verməsində maraqlı deyil: “Rusiya bu mesajları verməklə bir növ status-kvonun qorunmasına çalışır. Hesab edirəm ki, indiki şəraitdə Moskvanın münaqişənin həllində atacağı hər hansı ciddi addımı olmayacaq. Kreml rəsmi Bakı ilə apardığı konfedensial danışıqlar prosesində o zaman yaşıl işıq yandıra bilər ki, öz sülhməramlı qüvvələrini Dağlıq Qarabağa yerləşdirsin və Azərbaycan Rusiyanın ittifaqlarında, xüsusi planlarında yer alsın. Hazırkı mərhələdə Rusiya aktiv görünür və çalışır ki, həm Ermənistan, həm də Azərbaycanı nəzarətində saxlayaraq, prosesdə hər hansı bir irəliləyişin qarşısını alsın. Bildiyiniz kimi, aprelin 21-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə videokonfrans formatında görüşü baş tutub. Həmin videokonfransdan da göründüyü kimi, Rusiya danışıqlar prosesində öz aktivliyini saxladı. Sergey Lavrovun verdiyi bəyanatdan da aydın oldu ki, Rusiya heç də Cənubi Qafqazdan çıxmaq fikrində deyil”.

“Moskvanın gələcək planları əsasən postsovet məkanında Rusiyanın mövqelərini gücləndirməkdir”

Keçən həftə Rusiya prezidenti Vladimir Putinin “SSRİ-nin yenidən bərpası qorxusu postsovet məkanında tədricən aradan qaldırılır” deməklə, MDB ölkələri arasında inteqrasiyanın mümkünlüyünü dilə gətirdiyini vurğulayan politoloqun fikrincə, Kremlin gələcək planları əsasən postsovet məkanında Rusiyanın mövqelərini gücləndirməkdir: “Həmçinin, Moskva üçüncü ölkələrin Rusiyanın periferiyasında mövqelərinin güclənməsinin qarşısını almağı planlaşdırır. Odur ki, Kreml Şərqi Avropa, Mərkəzi Asiya, Yaxın Şərq və Cənubi Qafqazda öz mövqelərini qorumağa çalışacaq. Buna görə də Rusiya Dağlıq Qarabağ münaqişəsinin BMT-nin məlum qətnamələri əsasında həllinə töhfə verməyəcək. Masa üzərində olan “Kazan formulu”, Yenilənmiş Madrid prinsipləri isə Rusiya üçün sadəcə bir deklarasiya sənədidir və bu, status-kvonun qorunması deməkdir. Bütün bunları nəzərə alaraq, demək olar ki, Azərbaycan yalnız Türkiyə və Qərb ölkələri ilə sıx əməkdaşlıq çərçivəsində hərbi yolla danışıqlarda hər hansı bir irəliləyişə imza ata, Kremli fakt qarşısında qoya bilər. Onu da qeyd etmək lazımdır ki, Rusiyanın Cənubi Qafqazda möhkəmliyi, xüsusilə də Ermənistanda hərbi bazasının olması və bu ölkə üzərində öz təsir rıçaqlarını saxlaması, Azərbaycanın manevr imkanlarını müəyyən qədər zəiflədir. Odur ki, rəsmi Bakı Türkiyə, o cümlədən ABŞ və Avropa ilə sıx işbirliyi nəticəsində mövqelərini ciddi şəkildə gücləndirə bilər”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org