Rusiya əsgərinin Qarabağdakı mövcud rolu sülhməramlı missiyasına ziddir

783

Erkin Qədirli: “Bu gün Rusiya SSRİ-nin son illərində Qarabağda yaradılmış və bizim əleyhimizə işləmiş “xüsusi idarəetmə”nin oxşarını qurur”

Tofiq Zülfüqarov: “Azərbaycan üçün ən xeyirli mövqe Türkiyə-Rusiya qarşılıqlı əlaqələrinin daha da möhkəmləndirilməsini dəstəkləməkdən ibarətdir”

Məhəmməd Əsədullazadə: Azərbaycan Rusiyaya rəsmi qaydada müraciət edib, sülhməramlı missiyasından kənar çıxan general-leytenant Rüstəm Muradovun dəyişdirilməsini tələb etməlidir

Xəbər verdiyimiz kimi, bugünlərdə Rusiya Müdafiə Nazirliyi tərəfindən Dağlıq Qarabağdakı sülhməramlı qüvvələrin yenilənmiş əməliyyat xəritəsi dərc edilib. Qeyd edək ki, sözügedən xəritədə Rusiya sülhməramlıları tərəfindən Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr tarixli birgə bəyanatında nəzərdə tutulan hüdudları aşan məqamlar mövcuddur. Məhz bu səbəbdən də dərc olunan xəritə Azərbaycanda haqlı narazılıqla qarşılanıb. Çünki Rusiya bu cür əməllərlə sülhməramlı missiyasının səlahiyyət çərçivəsini aşır, noyabrın 10-da əldə olunmuş razılaşmanın tələblərini kobud surətdə pozur.

Düzdür, Azərbaycan ictimaiyyəti tərəfindən kəskin qınaq atəşinə tuş gələn Rusiya Müdafiə Nazirliyi sülhməramlı qüvvələrin yerləşdiyi ərazilərin əks olunduğu xəritəyə yenidən düzəliş etsə də, artıq qeyd olunan fakt rus əsgərinin sülhməramlı missiyasını layiqincə icra edəcəyini ciddi şübhə altına alıb.

“Rusiyanın torpaqlarımızda hər hansı hərbi varlığını ölkəmizin müstəqilliyinə təhlükə sayıram”

“Hürriyyət”in məlumatına görə, mövzu ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Erkin Qədirli də bu qənaətdədir ki, Rusiya əsgərlərinin Qarabağa girməsini “sülhməramlı” adlandırmaq doğru deyil: “Birincisi, sülhməramlı missiyalar hansısa beynəlxalq təşkilatın, məsələn, BMT, ATƏT və s. qərarı əsasında verilmiş mandata görə olur. Sülhməramlı missiya, bir qayda olaraq, bir neçə dövlətə tapşırılır. Bir dövlətə də tapşırıla bilər, amma bu, çox nadir hallarda olur. İkincisi, mandatda sülhməramlı missiyanı icra edənlərin səlahiyyətləri və məsuliyyətləri, eləcə də dəqiq ərazisi göstərilir. Missiyanı icra edənlərin özləri hansısa dəyişikliyi edə bilməzlər”.

Sülhməramlı missiyanı icra edənlərin onlara bu missiyanı tapşıran beynəlxalq təşkilat qarşısında hesabatlı olduqlarını vurğulayan millət vəkilinin sözlərinə görə, Rusiyanın gerçəkləşdirdiyi hərbi əməliyyat bu meyarların heç birinə cavab vermir. Rusiyanın özünü sülhməramlı adlandırmasının da heç nəyi dəyişmədiyini deyən Erkin Qədirli Rusiya əsgərlərinin Qarabağa girməsinin əleyhinə olduğunu qeyd edib: “Ümumiyyətlə, Rusiyanın torpaqlarımızda hər hansı hərbi varlığını ölkəmizin müstəqilliyinə təhlükə sayıram. Çeşidli yazılarımda bunu dəfələrlə bildirmişəm. Hələ ReAl-ın bununla bağlı bəyanatını demirəm. Bunun fonunda məni Rusiyanın etdiklərinə haqq qazandıran birisi kimi qələmə vermək cəhdlərini ən azından qərəzli sayıram. Ola bilsin ki, “qoruyucu dövlət” ifadəsi kiməsə müsbət göründü, ya da mənim ona sözügedən kontekstdə müsbət yanaşdığımı güman edənlər oldu. Bu da yanlış yanaşmadır. “Qoruyucu dövlət” (Protecting Power) bir beynəlxalq hüquq terminidir, iki kontekstdə işlədilir. Sülh kontekstində – diplomatik əlaqələri olmayan dövlətlərin bir-birilə münasibətlərdə maraqlarının üçüncü dövlət tərəfindən təmsilçiliyi (Vyana Konvensiyası). Müharibə kontekstində – savaşan dövlətlərin neytral bir dövlətə müraciəti əsasında beynəlxalq humanitar hüquqdan doğan görəvlərin üçüncü dövlət tərəfiindən yerinə yetirilməsi (Cenevrə Konvensiyaları). Rusiyanın birinci kontekstə aidiyyatı yoxdur. İkinci kontekst, müharibə olduğuna görə, uyğun ola bilərdi, amma Rusiya buraya da uyğun gəlmir. Birincisi, Rusiya neytral dövlət deyil, düşmənimizin hərbi müttəfiqidir. Beynəlxalq hüquqa görə ancaq neytral dövlət qoruyucu ola bilər. İkincisi, nə Ermənistan Rusiyaya qoruyucu dövlət olmaqla bağlı müraciət edib, nə Azərbaycan. Belə müraciətlər bir qayda olaraq Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə edilir. Çox zaman Beynəlxalq Qırmızı Xaç Komitəsinin özü qoruyucu dövlətin görəvlərini yerini yetirir. Beləliklə, bu iki meyar, Rusiyanın qoruyucu dövlət sayılmaması üçün yetərli əsas verir. Bununla belə, Rusiya, faktiki olaraq, qoruyucu dövlətdir, amma Cenevrə Konvensiyalarının anlamında deyil, bir məcaz kimi. Rusiya buraya erməniləri qorumağa gəlib. Bunu daha öncədən da anlamaq olardı. İndi isə Rusiyanın etdiklərindən aydın görmək olur. Bu gün Rusiya SSRİ-nin son illərində Qarabağda yaradılmış və bizim əleyhimizə işləmiş “xüsusi idarəetmə”nin oxşarını qurur.

“Qarabağda o ermənilər qalmalıdır ki, onlar Türkiyə və ya Rusiyada yaşayan ermənilərlə eyni hüquqlara malik olmağa, eyni şəraitdə yaşamağa razılıq verəcəklər”

“Hürriyyət” xəbər verir ki, Kremlin bölgədəki mövcud rolunu şərh edən keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov isə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məsələlərdə Rusiya xarici siyasətinin ardıcıl tənqidçilərindən biri olduğunu bildirib: “Tək Bakıda yox, elə başqa yerlərdə də bir çoxları bunu anti-Rusiya mövqeyi kimi qəbul edirdilər, baxmayaraq ki, mən, münaqişə zonasındakı son hərbi əməliyyatlar zamanı hamımızın şahidi olduğu Azərbaycan üçün yaranan müsbət tendensiyaları qiymətləndirənlərdən biri olmuşam. Buna görə emosiyasız təhlil dedikdə, obyektiv, faktoloji yanaşmanı nəzərdə tuturam. Həmişəki kimi, beyinlərdə kök salmış köhnə təsəvvürləri dağıdan bir neçə tezis irəli sürürəm. Birincisi, Rusiya gəldiyi yerdən bir daha getmir. Bəs Şərqi Avropa, Baltikyanı ölkələri, Azərbaycan (Qəbələ RLS), Mərkəzi Asiyanın əksər ölkələri, ərəb ölkələri və s.? Gedir və onun hərəkətləri konkret vəziyyətdən asılıdır. İkincisi, özlərini həddindən artıq emosional şəkildə “Türkiyənin dostları” təqdim edənlər Rusiya və Türkiyənin tarixi düşmənçiliyi haqqında dayanmadan təbliğat aparırlar. Onlar sanki görmürlər ki, eyni tezis erməni və ermənimeylli təbliğatçıların gündəlik nəşrləri və verilişlərində dillərindən düşmür. Maraqlı təsadüfdür, deyilmi? Üçüncüsü, “Rusiya Qarabağa gəldi və orada öz hərbi bazasını yaratdı” tez-tez rast gəlinən stereotiplərdən biridir. Lakin sual yaranır ki, əgər Rusiya hərbçiləri burada həbi baza əldə etmək istəyirdilərsə, hərbi əməliyyatların başlanmasına imkan vermək nəyə lazım idi? Ermənilərə əmr vermək kifayət idi ki, onlar öz sahibinin istənilən istəyini dərhal yerinə yetirsin. Hətta Rusiya bizə nəsə qaytarıb, əvəzində “baza” almaq məqsədi güdürdüsə, nəyə görə o logistika və hərbi strategiya baxımından belə anlaşılmaz, coğrafi konfiqurasiyaya malikdir? Öz “bazasını” İranla sərhəddə çıxışdan məhrum etməyin, Laçın və Kəlbəcər rayonlarını Azərbaycana qaytarmağın mənası nədir?”

Bunu da məntiqsiz yanaşma kimi dəyərləndirən keçmiş xarici işlər nazirinin fikrincə, Rusiyanın bölgədəki rolunu qiymətləndirmək üçün bəzən emosional yanaşmalarımızı yenidən nəzərdən keçirməliyik: “Dördüncüsü, əgər Rusiyanın “baza” əldə etmək məqsədi varsa, Türkiyənin “Birgə bəyanat” çərçivəsində proseslərdə iştirakına və onun monitorinq missiyasının rəhbərlərindən biri olmasına rəsmi şəkildə razılıq vermək nəyə lazım idi? Aydındır ki, “monitorinq” sözü “nəzarət” və “idarəetmə” sözlərinin sinonimidir. Beşincisi, nəzərə almaq lazımdır ki, nizamlanma prosesinin yeni formatının həmsədrləri olan Türkiyə və Rusiyanın hər ikisi ATƏT-in Minsk Qrupunun həmsədri olan ABŞ tərəfindən sanksiyalara məruz qalıblar, bölgədən qovulmuş Fransa ilə isə çox gərgin münasibətlərdədilər. Altıncısı, hər iki “yeni həmsədr” – Türkiyə və Rusiya dövlət başçıları səviyyəsində bəyan etdilər ki, “Qarabağın statusu” artıq təyin olunub və o, Azərbaycanın tərkib hissəsidir. “Qatara gecikmiş” Minsk Qrupunun həmsədrləri isə gəlib deyirlər ki, danışıqları davam etdirmək lazımdır. Bu zaman onlar, Azərbaycan əsgərinin beynəlxalq səviyyədə tanınmış ərazilərimizdən qovduğu Ermənistanın da danışıqlar prosesinə qaytarılmasını nəzərdə tuturlar. Yuxarıda deyilənləri nəzərə alaraq, Rusiyanın bölgədəki rolunu qiymətləndirmək üçün bəzən emosional yanaşmalarımızı yenidən nəzərdən keçirməliyik. Dərk etməliyik ki, Türkiyə və ən əsası, Azərbaycan üçün ən xeyirli mövqe Türkiyə-Rusiya qarşılıqlı əlaqələrinin daha da möhkəmləndirilməsini dəstəkləməkdən ibarətdir. Düşünürəm ki, bu qarşılıqlı əlaqə ermənilərin və azərbaycanlıların sivil şəkildə aralanmalarına xidmət edən alətə çevrilməlidir. Qarabağda isə o ermənilər qalmalıdır ki, onlar Türkiyə və ya Rusiyada yaşayan ermənilərlə eyni hüquqlara malik olmağa, eyni şəraitdə yaşamağa razılıq verəcəklər”.

“Rusiyanın məqsədi Dağlıq Qarabağda 100 min ermənini yerləşdirmək və bundan sonra öz qalıcılığını əsaslandırmaqdır”

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə isə hesab edir ki, Rusiyanın sülhməramlı qüvvələrinin Dağlıq Qarabağda ermənilər üçün infrastruktur yaratması, əhalinin sosial müdafiəsi və digər hallarla məşğul olması, öz missiyalarından kənara çıxmaqdan başqa bir şey deyil: “Demək olar ki, hər gün Rusiya Ermənistandan Qarabağa ermənilərin köçünü həyata keçirir. Burada məqsəd Dağlıq Qarabağda 100 min ermənini yerləşdirməkdir. Bundan sonrakı fəaliyyətdə öz qalıcılığını əsaslandırmaq olacaq. Rusiyalı sülhməramlıların Dağlıq Qarabağdakı komandanı general-leytenant Rüstəm Muradov erməni separatçılarının rəhbəri Arayik Arutunyana və ümumiyyətlə, ermənilərə simpatiya edir. Onun Azərbaycanın hərbi cinayətdə ittiham etdiyi separatçıların rəhbəri Arayik Arutunyanla kameralar qarşısında səmimi görüşləri və ona özgüvən verməsi sülhməramlı kimi neytrallığını pozur. Həmçinin, öz fəaliyyətini şəxsi münasibətlər səviyyəsində quraraq Arayik Arutunyanın silahlı müdafiəsini təşkil edir”. Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədrinin sözlərinə görə, məhz bu səbəbdən də Azərbaycan Rusiyaya rəsmi qaydada müraciət edib, sülhməramlı missiyasından kənar çıxan, ermənilərin qızışdırılmasına rəvac verən general-leytenant Rüstəm Muradovun dəyişdirilməsini tələb etməlidir”.

Vazeh BƏHRAMOĞLU