Rusdilli məktəblər qovğası: bağlansın, yoxsa… – rəylər

234

Ekspertlər məsələyə fərqli prizmalardan yanaşır; rəsmi mövqe də açıqlandı

Bir neçə gündür rusdilli məktəblərin fəaliyyəti ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Adəti üzrə yenə bu mövzuda fikirlər iki qrupa ayrılıb. Bir qrup rusdilli məktəblərin faydasından danışır, bu bölmədə təhsil alan şagirdlərin daha intellektual və açıqfikirli olduğunu qeyd edir. İkinci qrup isə bildirir ki, rusdilli məktəblərin şagirdləri təhsillərini başa vurduqdan sonra rəsmi Azərbaycan dilini mükəmməl səviyyədə bilmir, həmçinin onların rus dilində biliklərinin səviyyəsi də bir çox hallarda qənaətbəxş olmur və sairə. 

Müzakirələr daha çox sosial şəbəkədə cərəyan edir.

Azərbaycanın Rusiyadakı sabiq səfiri, politoloq Hikmət Hacızadə də bu barədə maraqlı status paylaşıb. O qeyd edib: “Bu məsələnin həlli üçün 2 suala cavab verməli:

Kimsə bizə dəqiq sübut etsin ki, rus məktəbini bitirənlər vətənimizı daha az sevir, vətənpərvər ola bilmir.

Bir də sübut edin ki, rus bölməsini bağladıqdan sonra Azərbaycan bölməsinin məzunları başlayacaq dünyanın işilərilə maraqlanmağa və kitab oxumağa (Hazırda Azərbaycan dilində çap olunan kitablar ən çoxu 300 nüsxə satilır! Fikir verin, 9 milyon əhali və cəmi 300 kitab). Bu rəqəmlər onu göstərir ki, rus bölməsini bağlasaq ölkəmiz dünyadan bixəbər qalacaq”.

 

Hikmət Hacızadə: “Jirinovskini tibbi müayinədən keçirmək lazımdır”

Hikmət Hacızadə

H.Hacızadə daha sonra qeyd edib ki, dünyagörüşü də rus sektoru bitirənlər arasında daha genişdir: “… Bir də ki rus məktəbini bağlamaqla Azərbaycan sektoru avtomatik dirçələcək? Bir böyük məsələ də var – rus və ya ingilis dilini bilmək bir şeydir, amma rus və ya ingilis məktəbində oxumaq, oradakılarla ünsiyyətdə olmaq tamam başqa şeydir. Rus məktəbi insana bunları verə bilir: qadına müasir, bərabərlik üstündə qurulmuş davranış, humanizmin müasir səviyyəsi (18-ci əsr səviyyəsi yox), dünyaya müasir baxış, ünsiyyətcillik və mənasız utancaqlıqdan qurtarır, böyük-kiçik münasibətlərinin (avtoritarizmin) yumşaldılmasi və s. Böyük həyat bilikləri, hansıları ki, kitabdan da tapib tez oxuya bilməzsiniz…”

Hacızadənin bu fikirləri mövcud müzakirələri daha da qızışdırıb.

Sabir Rüstəmxanlı dairəsini DƏYİŞDİ - modern.az

Sabir Rüstəmxanlı

Xalq şairi, VHP sədri Sabir Rüstəmxanlı bildirib ki, 40 ildir ki, bu məsələnin davasını edir: “Kənar dildə oxuyub, öz dilində təhsil alana yuxarıdan aşağı baxmaq cahilliyin, cəhalətin zirvəsidir. Öz dilini, öz mədəniyyətini bilməlisən. 

Bütün normal xalqlar, millətlər birinci növbədə ana dili məktəblərini inkişaf etdirir, uşaqları ana dilində təhsil alır, daha sonra başqa dilləri öyrənilər. Biz “uşaqlarımız məktəblərdə ana dilində təhsil alsın” deyəndə bir sıra kimliyi bəlli olmayan şəxslər ortaya düşürlər ki, “bu rus və yaxud başqa dillərə qarşı çıxmaqdır” və sairə. Halbuki  biz heç bir dilə qarşı çıxmırıq. Xarici dil öyrənmək zəruridir, öyrənməli və öyrədilməlidir. Hətta imkan varsa ərəb, çin dilini də öyrənsinlər, bunun heç bir ziyanı yoxdur. Lakin bir şəxsin potensialının tam ortaya çıxması üçün onun ana dilində oxuması zəruridir.

Bir neçə gün öncə mənim rusdilli yazıçı dostlarımdan biri yazmışdı ki, “Ermənilər Rusiya mətbuatında, televiziya kanallarında aktiv çıxışlar edirlər. Amma Rusiya mətbuatında azərbaycanlı yoxdur, çünki rus dilində təhsil alan yoxdur, buna görə rusdilli məktəblərin sayını artırmaq lazımdır” və sairə. Qeyd edim ki, azərbaycanlılar qədər rus dilini mükəmməl bilən xalq tapmaq çətindir. Rusiyada yüz minlərlə rus dilini mükəmməl bilən alimlərimiz, sıravi vətəndaşlarımız var. “Rus dilini bilən azərbaycanlıların sayı azdır, ona görə Rusiya mətbuatına çıxa bilmirik” düşüncəsi yanlışdır. Məlum məsələlərə görə ermənilər Rusiya mətbuatında çoxdur. Ona görə ki, onlar uzun illərdir ki, Rusiyada yaşayırlar, oranın vətəndaşlığını alıblar, böyük idarələrdə çalışırlar, çevrələri böyükdür. İkinci bir ciddi arqument isə odur ki, Moskva televiziyalarına, fikir meydanlarına çıxmaq üçün xarici dildən daha çox özünü bilməlisən. Ola bilər ki, rus dilində gözəl danışırsan, amma Azərbaycanı, onun tarixini bilmirsən. Beləliklə, rus dilini bilmək əsas deyil, Azərbaycanı bilmək əsasdır. Sənin için ilk növbədə Azərbaycanla dolmalıdır.

Bizim Azərbaycandakı məktəblərimiz bizim uşaqlarımızın içini Azərbaycanla deyil, Rusiya ilə doldurur. Onun Azərbaycan hissəsi boş qalır. Həmin uşaqlar Rusiya tarixi, ədəbiyyatı, eqoisti ilə böyüyür. Ona görə də Azərbaycan bölməsində təhsil alanlara yuxarıdan aşağı baxır”.

Mən Eldar Quliyevi ümumiyyətlə rəqib saymıram…” – Aygün Muradxanlı Yeni  Sabah

Aygün Muradxanlı

Yüksəliş Partiyası Təşəbbüs Qrupunun üzvü, jurnalist Aygün Muradxanlı isə bildirdi ki, ölkəmizdə dövlət dili Azərbaycan dilidir və dövlət büdcəsindən maliyyələşən məktəblər istisnasız olaraq bu dildə olmalıdır:

“Rus dili xarici dildir. O, yalnız xarici dil kimi dövlət məktəblərində keçilə bilər. Bununla yanaşı, ingilis, fransız, türk dilində olan məktəblər kimi özəl rusdilli məktəblərin olması da normaldır. Kim övladının gələcəyini rusdilli məkanda görürsə, buyursun, ödənişini eləsin, oxutsun.

Dövlət müstəqilliyimizin 30-cu ilində baza təhsil işğalçının və bizi 200 il əsarətdə saxlayanın dilində olsun, ya olmasın müzakirələri ölkənin müstəqil dövlət kimi təhsil konsepsiyasının qüsurlu, olmamasının göstəricisidir. Bu konsepsiya heç bir halda Azərbaycan Respublikasının möhkəmlənməsinə xidmət etmir. İldən-ilə TN adını pilot layihə qoyub Bakıda, regionlarda rus bölmələrinin sayını artırırsa, gələcəyimiz rus dilində danışan, düşünən, Rusiyanın informasiya məkanının təbliğatı ilə böyüyən bir nəslin təsiri altına düşürsə, hansı müstəqillikdən danışmaq olar? Rusiya hər dəfə Azərbaycan rəsmiləri ilə görüşündə bu məsələni qaldırır. Marağını qətiyyən gizlətmir. Bu, səssiz işğaldır. Rusiya bir tərəfdən Ermənistanı silahlandırır, Azərbaycana təcavüz siyasətini davam etdirir, digər tərəfdən, özəlliklə Bakıda rusdilli təbəqəni genişləndirməklə faktiki olaraq paytaxtımızda mövqelərini möhkəmləndirir. Artıq təkcə rəsmi qurumlarda deyil, hər yerdə – xəstəxanalardan xidmət sektoruna qədər rus dili əsas dil statusu qazanır. Azərbaycanın dövlət orqanlarına adi ərizəni belə doğru-düzgün yaza bilməyən rusdillilər yerləşdirilir. İşə qəbulda xarici dil tələbi qoyulur, rus dili bilənə üstünlük verilir. Bu, Azərbaycan Respublikasına qarşı cinayətdir. Hər il minlərlə azərbaycanlı gənc təhsil ardınca xaricə gedir. Onların 95 faizi ana dilində təhsil alanlardır. Bu, ciddi beyin axınıdır. Rusdillilər isə aşağı keçid balları ilə təhsil alır, onlara münbit iş şəraiti yaradılır, beləliklə, idarəetmədə ildən-ilə onların sayı çoxalır.

Statistika da sübut edir ki, rusca oxuyanlar içərisində Rusiyaya ali təhsil ardınca gedənlər heç 1 faiz deyil. Milli düşüncədən, milli qürurdan şikəst edilmiş bu gənclik məhz Azərbaycan üçün yetişdirilir. Dünyanın hansı ölkəsində işğalçı ölkənin dili az qala dövlət dili ilə eyni statusa malikdir? Bu gün Avropada işləmək, yaşamaq, təhsil almağın ilk şərti dövlət dilini bilməkdir. Bir millətin özünə, dövlətinə sayğısı dilinə, mədəniyyətinə sayğısından başlayır. Bu məsələ kökündən çözülməlidir. Çünki bu, sadəcə, təhsil yox, milli təhlükəsizlik məsələsidir”.

Azad İsazadə: “Məktəblərdə 1-2 psixoloq tapılar, ya tapılmaz, halbuki…”

Azad İsazadə

Psixoloq Azad İsazadə: “Mən rusdilli məktəbi bitirmişəm. Və məktəbi bitirəndə çox utancaq idim. Amma qonşu Azərbaycan bölməsində təhsil alan dostlarım heç də utancaq deyildilər. Mən onlarla dostluq etməyə başlayanda bu utancaqlıq yavaş-yavaş  aradan qalxdı. Beləliklə, utancaq və yaxud aktiv olub-olmamaq hansısa  dildə oxumaqdan asılı deyil. Bu daha mühüm bir prosesdir. Burada ailə, həyat, qohum-tanış, mühitin təsirləri var.

Ümumiyyətlə, bütün postsovet məkanında, o cümlədən Ukraynada, Gürcüstanda və digər yerlərdə rusdilli məktəbin olub-olmaması siyasi xarakter daşıyır.

Ötən əsrin 90-cı illərində ölkəmizdə rusdilli məktəblərin azalması ilə bağlı fikirlər var idi. Həmin vaxt əhali övladlarını daha çox Azərbaycan bölməsinə qoyurdu, o cümlədən mən də. Bunun siyasi tərəfləri də var idi. Lakin sonra vəziyyət dəyişdi. Rus bölməsi yerində qaldı, biz hətta bunu bayraq kimi də əlimizdə istifadə etdik ki, “baxın, Ermənistanda, Gürcüstanda rusdilli məktəblər bağlanır, amma bizdə qalır”. Hətta rusiyalı siyasətçilər də Bakıya gələndə bu məsələni müsbət dəyərləndiriblər. Deməli, bu daha çox siyasi xarakter daşıyır.

Söhbət dildən getmir. İngilis, rus, türk, fransız dilində də oxumaq olar. Amma biz mütləq anlamalıyıq ki, proqramda mükəmməl Azərbaycan dili olmalıdır. Yəni biz ilk növbədə Azərbaycan dilinin tədrisini elə səviyyəyə qaldırmalıyıq ki, bilinməsin ki, şagird hansı dildə məktəbi bitirir. Şagird ilk növbədə öz ana dilini və ədəbiyyatını bilməlidir.

Sovet dövründə rusdilli məktəblərə meyillilik daha çox idi, bu, əsasən karyera, perspektiv üçün lazım idi. Bu gün təhsil baxımından bunu ingilis və türk dili əvəz edib. Çoxlu sayda tələbələr Türkiyəyə və yaxud Avropaya təhsil almağa gedir. Deməli, hansısa məktəbi bağlayıb və ya açmaqla məsələ həll olunmayacaq. Söhbət keyfiyyətdən gedir. Hansı məktəbdə təhsil keyfiyyətli olacaq, valideynlər övladlarını daha çox həmin məktəbə qoymağa çalışacaq”.

Səni xilas etdi sirli təbiət... - Əhməd Qəşəmoğlu | Edebiyyatqazeti.az

Əhməd Qəşəmoğlu

Sosioloq Əhməd Qəşəmoğlunun fikrincə isə rusdilli bu məktəblərdə oxuyanların əksəriyyətində milli hisslər zəif olur: “Biri var rus məktəbi, bir də var rusdilli məktəb. Bunlar mahiyyəti etibarı ilə çox fərqlidirlər. Təəssüf ki, təhsil sisteminə məsul olan şəxslər bu məsələyə lazımi qiymət verməyiblər. Bu günə qədər rus bölməsi rus məktəbi olaraq fəaliyyət göstərib. Yəni dərsliklər əsasən Rusiyadan gəlib, rus ideologiyasına xidmət edib. Ona görə də bu məktəblərdə oxuyanların əksəriyyətində milli hisslər zəif olur. Onlar öz tarixlərini lazımınca bilmir, milli qəhrəmanlarını demək olar ki, tanımırlar. Bəzi şagirdlər elə orta məktəbdə oxuduğu zamandan öz millətinə bir az yuxarıdan aşağı baxır”.

Əhməd Qəşəmoğlu onu da qeyd edib ki, məktəblər rusdilli, amma Azərbaycan mütəxəssislərinin hazırladığı dərsliklərlə tədris olunsa insanlar bu qədər həyəcanlanmaz, bu məktəblərin bağlanmasına çağırış edilməz: “Əksinə, belə məktəblər faydalı da ola bilər. Təsəvvür edin ki, bu məktəblərdə bir vaxt oxuyan erməni şagirdlər Azərbaycana mədəniyyəti, tarixi barədə lazımi məlumat alsaydılar daşnakların təsiri altına belə tez düşməzdilər. İndi də bu məktəblərdə Azərbaycan məhəbbətlə böyüyən xeyli gənclər yetişə bilər. Beləliklə, rusdilli məktəblərin sayını çoxaltmağa çalışanlardan tələb etmək lazımdır ki, orada təhsil sistemi milli maraqlara uyğun olaraq qurulsun. Milliyyətindən asılı olmayaraq hər bir şagird Azərbaycan dilini də öyrənsin. Xüsusilə azərbaycanlıların öz ana dilini öyrənmələrinə böyük ehtiyac var! İnsanlar bilməlidir ki, ana dili insanın milli kodlarının açılmasında, daxili potensialının hərəkətə gəlməsində əvəzsiz rol oynayır.

Təbii ki, bu qədər rus məktəbini qısa bir zamanda bağlamaq olmaz. Belə məktəblər ölkəmizdə olsa yaxşıdır. Amma milli maraqlara uyğun olaraq rusdilli məktəblər kimi. Hindistandakı, bir çox başqa ölkələrdəki ingilisdilli, amma milli maraqlara xidmət edən məktəblər kimi. Rus məktəbi kimi yox”.

“Son zamanlar Azərbaycanda rus məktəblərinin fəaliyyəti ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Əslində təhsil sahəsinə aid olan məsələ mövcud şəraitdə siyasiləşdirilir. Zənnimcə, bu iki məsələ ayrılmalıdır”.

525-ci Qəzet - Fərid Şəfiyev: "Ermənistanın göstəricisini yüksəltmək qərarı  səhvdir"

Fərid Şəfiyev

“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.

O qeyd edib ki, uzun illər postsovet məkanında rus dilinin vəziyyətinin və rusdilli məktəblər məsələsinin siyasi mövzu olması təbii haldır:

“Bu, bir tərəfdən Rusiyanın geosiyasi mövqeyi, digər tərəfdən müstəqil dövlətlərin daxili siyasətindəki bəzi proseslərlə bağlı olub. Müsbət haldır ki, Azərbaycanda etnik rus mənşəli əhaliyə qarşı heç bir ayrı-seçkilik yoxdur və onlar Azərbaycan Respublikası Konstitusiyasının Azərbaycanın digər vətəndaşları üçün tanıdığı hüquqlardan tam şəkildə yararlana bilirlər. Rus məktəblərinə gəldikdə, qeyd etmək lazımdır ki, Azərbaycan dövlət büdcəsindən bu məktəblərin fəaliyyəti tam maliyyələşdirilir. Lakin bu məsələdən siyasi divident qazanmaq istəyi uğursuzdur. Ermənistanda rus məktəblərinin sayının əhaliyə nisbətən az olmasına və ümumiyyətlə, son vaxtlar ölkənin daxili siyasətində hökm sürən antirus meyllərinə baxmayaraq Tovuz hadisələrinin gedişatı göstərdi ki, Rusiya dövləti öz ənənəvi müttəfiqini dəstəkləməkdə davam edir.

Bu baxımdan Azərbaycanda rusdilli məktəblərin fəaliyyətinə təhsil və iqtisadi inkişaf kontekstində baxmaq lazımdır. Ölkənin müstəqilliyinin möhkəmlənməsi eyni zamanda rəsmi Azərbaycan dilinin güclənməsini və hər bir vətəndaşı tərəfindən sərbəst istifadə edilməsini tələb edir. Bununla yanaşı, müasir iqtisadi inkişaf xarici dillərin və ilk növbədə ingilisi dilinin mənimsənilməsini labüd edir”.

F.Şəfiyev vurğulayıb ki, Azərbaycanda olan rusdilli məktəblərin şagirdləri təhsillərini başa vurduqdan sonra rəsmi Azərbaycan dilini mükəmməl səviyyədə bilmir, həmçinin onların rus dilində biliklərinin səviyyəsi də bir çox hallarda qənaətbəxş olmur:

“Beləliklə, mövcud şəkildə fəaliyyət göstərən rusdilli məktəblər nə təhsil, nə də siyasi məqsədlərə cavab vermir. Eyni zamanda ənənəvi olaraq bu məktəblərdə müəyyən akademik baza mövcuddur. Azərbaycanda fəaliyyət göstərən rusdilli məktəblər beynəlxalq təcrübəyə əsasən ikidilli (immersion) sistemə keçə bilər. Bir sıra dövlətlərdə və regionlarda, məsələn, Kanadada və ABŞ-ın ispandilli əhalisinin yaşadığı ştatlarında bu sistem tətbiq olunur. Bu sistemə əsasən məktəblərdə akademik fənlərin tədrisi iki dildə paralel aparılır. Məsələn, bizim təcrübədə kimya Azərbaycan, fizika rus və ya tarix Azərbaycan, ədəbiyyat rus dilində tədris oluna bilər (bu çərçivədə müxtəlif variantlar təklif oluna bilər). Beləliklə, təhsilini başa vuran şagird ilk növbədə rəsmi Azərbaycan dilini, daha sonra xarici dili, indiki halda rus dilini əsaslı şəkildə mənimsəyər. Bu təcrübə eyni zamanda gələcəkdə digər dillərlə, məsələn, ingilis dili ilə bağlı da tətbiq oluna bilər.

Nəticə etibarilə, rusdilli məktəb məsələsi siyasi gündəmdən çıxmalı və sırf Azərbaycanın elmi-tədris müstəvisində inkişaf etdirilməlidir”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”