“RUSDAN SÜLHMƏRAMLI OLMAZ” DEYƏNLƏR HAQLI ÇIXIR… – Sülhməramlıların “xəritə hoqqası” nəyə xidmət edir?

402

Deyəsən, “Rusdan sülhməramlı olmaz” deyənlərin sözü düz çıxır. Ancaq Azərbaycandan da nə Moldova, nə Gürcüstan, nə də heç Ukrayna olmaz. Yəqin bunu da Moskvada oturan “imperiyabaş” yönəticilər azdan-çoxdan başa düşürlər. 

Ən azından 44 günlük Vətən Müharibəsi Rusiyanı idarə edənlərin və şovinist mövqelərini gizlətməyən avantüristlərin gözlərini xeyli açıb. Və onlar da anlayırlar ki, Azərbaycan xalqını, dövlətini, ən əsası isə Ordusunu başqaları ilə səhv salmaq qətiyyən doğru deyil. Həmçinin, Azərbaycan-Türkiyə qardaşlığının gözlərinə ox kimi batmasına rəğmən, bu gerçəkliyi və onun yaratdığı real gücü də görməzdən gələ bilməzlər…

Məlum olduğu kimi, Rusiya Müdafiə Nazirliyinin Qarabağdakı sülhməramlılarının nəzarət zonasına dair 30 noyabrda dərc olunan xəritənin 13 dekabrda “appendiksi” peyda olub.

Rusiya sülhməramlılarının bu gecə yaydıqları yeni xəritə – bunun əsl adı özbaşınalıq!

10 noyabrda razılaşdırılmış xəritə

Həmin xəritədə faktiki olaraq belə göstərilir ki, Azərbaycan ordusunun Şəhidləri bahasına azad etdiyi Hadrut ərazisindəki iki kənd və yüksəkliklər də rusların nəzarətinə verilməlidir…. Bu isə onsuz da rus sülhməramlılarına etibar etməyən əhalinin böyük hissəsində haqlı olaraq, daha böyük narahatçılq və narazılıq yaradır. İnsanlar düşünürlər ki, deyəsən ermənilərin edə bilmədiklərini ruslar etməyə çalışırlar…

Əslində, Rusiya prezident səviyyəsində etiraf etdi ki, müharibənin gedişində Ermənistana hər cür hərbi dəstək göstərib. Azərbaycan Prezidenti də bu barədə dəfələrlə danışdı, Rusiyadan ermənilərə silah-sursat daşındığını dedi.

Lakin Putinin Qarabağın Azərbaycan ərazisi olduğuna və rəsmi Bakının icazəsi olmadan buraya müdaxilə edə bilməyəcəklərinə dair dedikləri Rusiyaya qarşı münasibəti bir qədər stabilləşdirmiş oldu. Ancaq noyabrın 10-dan sonra baş verənlər, bölgədəki sülhməramlıların davranışları, nəhayət Rusiyanın məlum xəritəni sanki özünün hansısa Taqanroq vilayətinin xəritəsi kimi ürəyi, kefi istədiyi formada dəyişməsi az qala açıq təcavüz aktı təəssüratı bağışlayır.

 

 

Sanki bunlar bölgəyə məhz Azərbaycanın razılığı ilə və Azərbaycanın ərazisinə gəldiklərini unudublar, özü də ilk gündən. Və burada hansı şərtlər çərçivəsində fəaliyyət göstərməli olduqlarını da bir tərəfə qoyaraq, özlərinə bu torpaqların sahibi haqqını tanımağa başlayıblar.

Azərbaycanın dekabrın 10-da keçirdiyi hərbi parad və orada ermənilərin Rusiyadan yarı-havayı aldığı və ordumuz tərəfindən darmadağın edilmiş hərbi texnikasının nümayişi, eləcə də Rəcəb Tayyib Ərdoğanın bu paradda iştirakı təbii ki, təkcə Ermənistana növbəti tərs sillə yox, həm də onun havadarları üçün qıcıq, narazılıq mənbəyi oldu. Baxmayaraq ki, bu paradın keçirilməsi Azərbaycanın halal haqqı idi.

Ancaq əsrlərdir halal haqqımıza kor baxan və onu hər addım başı əlimizdən almağa öyrəşənlər üçün bunu qəbul etmək asan deyil. Elə ölkəmizdən Rusiyaya tərəvəz və meyvə idxalına qadağa qoyulması, ardınca “sülhməramlıların” xəritə hoqqası da bunun bariz nümunəsidir. Belə çıxır ki, bu günə qədər ermənilər gündə bir saxta xəritə icad edirdilər, indi də ordumuz onların başını əzəndən sonra estafeti rus “sülhməramlıları” qəbul ediblər…

Əslində, Qarabağda Rusiya ordusunun “sülhməramlı qüvvələr” qismində yerləşdirilməsinə dair plan yeni deyildi. Bunu “Lavrov planı” da adlandırırlar. Moskva əvvəllər də bu məsələni gündəmə gətirməyə və rəsmi Bakının həmin təklifi qəbul etməsinə çalışmışdı. Ancaq ilk dəfə bu təklifi quldurbaşı Robert Köçəryan irəli sürmüşdü. İndi məlum səbəblərdən belə çıxır ki, Köçəryanın və onun havadarlarının arzusu gerçəkləşir. Sadəcə, Azərbaycan burada əvvəl düşünüləndən daha üstün və nisbətən uduşlu mövqedədir. Ona görə də hər hansı yolla olursa-olsun bu üstünlüyü də əlimizdən almağa çalışırlar.

Unutmayaq ki Rusiya sülhməramlılarının yerləşdirilməsinə dair Moskvanın planına ilk inanan Gürcüstan oldu və bu, Abxaziya və Cənubi Osetiyanın itirilməsi ilə nəticələndi. Belə görünür ki, Cənubi Qafqazda, Ukraynada, Moldovada, hətta Qazaxıstanda da özünün geosiyasi maraqlarının təmin edilməsi üçün separatçı hərəkat və qurumlardan təzyiq vasitəsi kimi istifadə edən Moskvanın növbəti hədəfi Qarabağ bölgəsidir.

İstisna etmək olmaz ki, ruslar keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin əvvəlki hüdudlarını bərpa etməyə və təbii ki, Ermənistanla, eləcə də onun digər havadarları ilə birgə “status məsələsi”ni gündəmə gətirməyə çalışacaqlar. Bunun siyasi zəmini artıq indidən yaradılır. Putinin münaqişənin bitdiyinə dair məlum açıqlamasına rəğmən, Rusiyanın məlum dairələri, Ermənistan, Fransa, Minsk Qrupu və s. hər yolla sübut etməyə çalışırlar ki, münaqişə həll olunmayıb. Bu, rəsmi Bakının mövqeyini açıq şəkildə inkar etmək cəhdidir və bu cəhd “status məsələsi”nə dair planlara xidmət edir.

Bəli, Ermənistan uduzub, ancaq bununla yanaşı, rus “sülhməramlıları”na xilas həlqəsi kimi baxır. Rusiya isə, deyəsən Gürcüstanda, Moldovada və Ukraynada etdiklərini təkrarlamaq istəyir. Baxmayaraq ki, elə həmin ölkələrdə də Rusiya əslində özünə qarşı nifrət və inamsızlıqdan başqa heç nəyə nail ola bilmədi.

 

 

Belə görünür ki, eyni “nailiyyəti” Azərbaycanda da qazanmaq istəyir. Ancaq Moskvada hələ də anlamırlar ki, Rusiya Azərbaycana daha səmimi və etibarlı strateji tərəfdaş kimi baxsaydı, bundan yalnız qazana bilərdi. Lakin nədənsə yüzillərdən bəri xəyanətləri və xəbisliklərilə ad çıxaran ermənilər “Rusiya, rədd ol” şüarları ilə az qala rusların üzünə tüpürsə də, Rusiyanın seçimi dəyişmir – ermənidən bərk-bərk yapışır və deməli özünü buna layiq bilir…

Hazırda çıxara biləcəyimiz nəticə budur ki, Hadrutda baş verən olay hələ başlanğıcdır. Oxşar durumun Zəngilan, Laçın və Qubadlı ərazilərində də yaşanmasının mümkünlüyünə dair iddialar var. Görünür, hələ bu cür provakasiyalar çox olacaq.

Keşmiş təcrübələri nəzərə alsaq, belə çıxır ki, dövlətimizi, ordumuzu indi də öz torpaqlarımızda Rusiyanın özbaşınalıqları ilə uzun mübarizə gözləyir. Lakin bu, bizi durdura bilməz və durdurmamalıdir. Çünki tarixin də göstərdiyi kimi, nə çar, nə də sovet bolşevik qoşunları burada daimi qala bilməyiblər. Elə Putin Rusiyasının ordusunu da gec-tez eyni aqibət gözləyir.

Moskvadakı imperialist dairələr bilməlidir ki, Azərbaycan dövləti və xalqı minlərlə Şəhid vərərək azad etdiyi ərazilərində Rusiyanın öz yeni “forpost” qurmasına imkan verməyəcək.

Bir daha xatırladaq ki, Rusiya sülhməramlılarının vəzifəsi Dağlıq Qarabağ ərazisində təhlükəsizliyi təmin etməkdir Bu məqsədlə onlar Qarabağın hələ də ermənilər yaşayan ərazilərindən də Ermənistana məxsus silahlıların çıxmasını, erməni yaraqlılarının tərkisilah olunmasını təmin etməlidirlər.

Ancaq son hadisələr göstərir ki, sülhməramlılar işinin öhdəsindən gələ bilmirlər. Və ya bunu istəmirlər. Əvəzində üzərlərinə vəzifə olmayan işlərlə məşğul olur, Ermənistandan Qarabağa əhali köçürməyə çalışırlar.

Buna görə də Rusiya sülhməramlılarının üzərinə düçən vəzifəni də Azərbaycan Ordusu və hüquq-mühafizə orqanları yerinə yetirməli olur. Xocavənddə və Hadrutda meşələrdə gizlənib Azərbaycan əsgərlərinə və mülki şəxslərə hücum edən terrorçu ermənilərin Şanlı ordumuz tərəfindən zərərsizləşdirməsi də bunu əyani göstərir.

Belədə haqlı olaraq sual ortaya çıxır: Üzərinə düşən vəzifələri yerinə yetirməyib, təxribatçı fəaliyyətlə məşğul olan Rusiya sülhməramlılarına nə ehtiyac var?

Sonda qeyd edim ki, hələ 1968-ci ildə Rusiya Çexoslavakiyanı işğal edəndə çexlər onlara ”Иван, иди домой!” (”İvan, evə get!”) deyərək, etiraz edirdilər. Həmin vaxtdan bu şüara rusların girdiyi bütün ərazilərdə tez-tez rast gəlinir. Əgər Rusiya bu cür davam etsə, deyəsən bu şüar bizdə də aktual olacaq….

Cəlal Məmmədov

“AzPolitika.info”