RUS AGENTURASI XALQI PREZİDENTƏ QARŞI QALDIRMAĞA ÇALIŞIR

    6

    Deputat Elmira Axundovanın oğlunun bədbaxt edib küçələrə saldığı adamların dadına çatmaq istəməyim ruspərəst əbləhlər üçün göydəndüşmə oldu

    Ölkənin milyardlarını oğurlayanlara söz deməyən iqtidar, mənim qocalıq təqaüdümü əlimdən alıb

    Orta əsrlərdə Avropada kilsə yaxşı qazanc yolu tapmışdı, imkanlı insanlara bütün günahların əfv edilməsi barədə xüsusi sənəd-induligensiya satılırdı. Özü də onun müəyyən müddəti vardı. Səlib yürüşləri zamanı bütün əli silah tutanlara ömürlük induligensiya verilirdi. Yəni, gedin qırın, talan edin, müsəlmaların kəndlərini, şəhərlərini yandırıb yaxın, körpələrinə də aman verməyin, Həzrəti İsanın vəkili kimi kilsə bütün günahlarınızı əfv edir.

    Ölkə daxilində isə əməlləri əgər kralın, ya da imperatorun mənafeyinə zidd deyildisə, feodal istədiyini edirdi. Bütün cinayətlər adi bir kağız parçası ilə ört-basdır olunurdu. Avropanın bir neçə ölkəsində protestantlıq təlimi qələbə çalandan sonra Roma papası indulugensiya alverini dayandırdı. Bizdə isə Prezidentin adi bir qərarı nəzarətsiz qalmış məmurlar üçün həm induligensiyadır, həm də immunitet aktıdır.

    Hünərin var birinə söz de, hər həpənd, hər fırıldaqçı aldığı fəxri adı, titulu, ənamı üzünə sipər kimi tutaraq əlindən gələni beş qaba çəkir. Özlərini rayonlarda əsl dərəbəyləri kimi aparan icra başçıları (Allah YAP-ı quranlardan biri olan Sirusa rəhmət eləsin, o kişi bunlar üçün gözəl ad tapmışdı, “simasız quldurlar”) ilk dövrdə dolanmağın tövrünü tapdılar, Prezidentin şəninə çox baha başa gələn heykəl, “Heydər Əliyev mərkəzi”, fəvvarələr, bayraq muzeyi, idman kompleksi və başqa reklam xarakterli işləri sahmanlayandan sonra başladılar fironluğa. Milyonlar xərcləyib yollar çəkirdilər, təmir işləri də görülürdü, amma çox keçməmiş məlum olurdu ki, külli miqdarda vəsait oğurlanıb, təzə yollar tamam yararsız hala düşüb. Mən hələ meşə sərvətlərinin vəhşicəsinə məhv edilməsindən danışmıram.

    Ellik zəmanətlə bir-biriləri bağlı olan bəd əməl yiyələrinə söz demək müşkülə dönür. Bunların əsl hamiləri isə Prezident aparatında oturmuş ağalar idi. Elə buna görə də yerlərdən göndərilən minlərlə ərizə və şikayət məktubu zibil qutularına atılır.

    Prezidenti ustalıqla xalqdan təcrid edə bilmiş ziyanəvərlər ancaq və ancaq sadiq təbəəliyi izhar edən məktubları, təbrikləri yuxarı buraxırlar. Neçə illərdir ki, xalqı Prezidentdən şəxsən özünə qarşı qaldırmağa çalışan rus agenturası müəyyən dərəcədə məqsədinə nail olub. Necə yəni, min ərizədən birinə də cavab verilməsin? Daha o simsarsız, şikayətinə baxılmayan adam qalmayıb ki, iqtidarın ünvanına ağır söz işlətməsin. Bütün fitnə-fəsadı yaradıb, dövlətə qarşı əsl düşmənçilik dalğasının qalxmasını istəyən rezidenti ifşa etmək demək olar ki, mümkün deyil.

    Əlində min sübut, daşdan keçən sənəd, lent yazısı, kifayət qədər yazılı şahidlik ifadəsi də olsa xeyri yoxdur.

    Çox artıq-əksik edənin, özünü çoxbilmiş kimi göstərənin başına itin oyununu açırlar ki, başqalarına görk olsun.

    Deputat Elmira Axundovanın oğlunun bədbaxt edib küçələrə saldığı adamların dadına çatmaq istəməyim ruspərəst əbləhlər üçün göydəndüşmə oldu. Bu vaxta qədər məni dolaşdıra bilmirdilər, cavan deyildim ki, cibimə narkotik qoyaydılar, çox çətinliklə yeriyirəm, deməli hansısa eyş-işrət yerində məni dalaşmağa çəkmək qeyri-mümkün idi, ondan-bundan ara düzəltmək üçün pul almamışam, o ki qaldı hərdən tünd danışmağıma, burada da elə çətin bir şey yox idi, internetdə nələrin baş verdiyini hamı bilir.

    Sadəcə olaraq Elmira Axundovaya aparatda oturan hamisi belə buyurub, bu qocanı sındırmaq üçün bəhanə tapa bilmirik, hələlik sən onu məhkəməyə ver, guya səni təhqir edib, prosesi uzatmaq, onu bala-bala çərlətmək bizim üçün çətin deyil. Oğlunu da bizim hakimlərin köməyi ilə zərər çəkənə döndərib məsuliyyətdən qurtararaq.

    Bu günlərdə eşidirəm ki, neçə-neçə adamı müflis edib küçələrə salan deputat balası günahkar kimi yox, zərərçəkən şəxs kimi tanınıb!! Bir axmağı salıblar ortaya, pulları əllərindən çıxanlar qalıblar yana-yana, mənim də qocalıq təqaüdümü kəsib saray məddahı Elmira Axundovaya veriblər. Aparatda oturan baş rezidentin məsələyə müdaxiləsi olmasaydı heç bir hakim yeddi arxası ilə qələt edib belə zinakarlığa qol qoymazdı.

    Onuncu aydır 90 manat qocalıq təqaüdü alıram. Məni mərhumiyyətə düçar edən alçağın bir planı var, qocanı tədricən küncə sıxışdırmaq, o əvvəl-axır dözə bilməyib ağzına gələni deyəcək və elə bu anda onu təhqir üstündə qapazlayıb içəri salarıq. Nə olar, mən indiyə qədər məhv edilmiş qeyrətli insanlardan artıq deyiləm. Amma, ay ruspərəstlərin ölkədəki sərdarı, çox yaşamayacaqsan, mən elə indidən necə can verəcəyini görürəm.

    Qibləgahın Rusiya özü it günündədir, dişləri sınmış bu canavar daha 20 Yanvar, Xocalı qətlamını təşkil edə bilməyəcək. Qanlı imperiyanı bərpa etmək üçün dəridən qabıqdan çıxanlar Azərbaycandakı mənhus şəbəkələrini əvvəl-axır itirəcəklər.

    Qoca yaşında məni çörəksiz, dərmansız qoyan rezident, əvvəl-axır öləcəksən, çox sirrlər açılacaq, törəmələrinin halını fikirləş. Sən elə bilirsən ki, məhvər dönəndə onlar hansısa xarici ölkədə kef çəkə-çəkə yaşayacaqlar?

    Ölüm-zülümlə qazanılmış müstəqilliyin əsl düşmənləri ölkənin daxilindədir. Aprel döyüşlərinin gedişatı ilə tanış olanda,ən yüksək rütbəli zabitlərin göz qırpmadan şir kimi vuruşmalarını eşidəndə, gül kimi balalarını itirmiş anaların “Başın sağ olsun” Vətən! , Fəxr edirəm ki, balam Azərbaycan üçün şəhid oldu!” naləsi hamını sarsıdanda qəzəbimiz kükrəyir, nifrətimiz bülövlənir.

    Bu iqtidarın bəxti onda gətirib ki, xalqın ən hüquqsuz, ən simsarsız, ən çox mərhumiyyətə uğramış, ən çox da əzilən, adam yerinə qoyulmayan təbəqəsi cəmiyyət daxilində düşmənçilik toxumlarının səpilməsini, xaosun yaranmasını istəmir.

    Çünki, elə kasıb ailəsi yoxdur ki, onun övladı orduda qulluq eləməsin, şəhidlərin, əlillərin əksəriyyəti də elə bu zümrədəndir. Harınların, millətin olan-qalanını tarac edənlərin bicbalalarını biz həmişə ən bahalı əyləncə mərkəzlərində, “Jara” kimi mənhus məclislərdə (orada biletin qiymətini yada salın!) görürük.

    Alçaldılan, təhqir olunan kasıb-kusubun susmağını, dözümlülük göstərməsini bizim tüfeyli ideoloqlar öz ayaqlarına yazırlar. Yəni, iqtidar nahaq yerə onlara pul xərcləmir, onlar millətlə yaxşı dil tapıblar, nə desələr cəmiyyət “ləbbeyk!” deyib əmrə müntəzir duracaq. Mən isə deyirəm, ay siz öləsiniz, xudanəkərdə xarici siyasət məsələsində bizim Prezidentin tək bircə dəfə büdrəməsi bəsdir ki, Azərbaycan köhnə kişilər demişkən, bir türfətül eyndə ziru-zəbər olsun.

    Amma bir işdə var ki, səbrin də həddi-hüdudu var. Ölkənin mənəvi həyatının fəlakət həddinə çatdığını dəqiq bilmək üçün cinayət xronikasını izləyin. Alababat əyalət tarixçisi kimi onu bilirəm ki, müharibə vəziyyətində olan ölkələrdə amansız qanunlar işləyirdi, kiçik bir səhv ya güllələmə ilə bitirdi, ya da dəhşətli katorqa ilə.

    Kiçik bir ricət

    Dünya şöhrətli alimimiz Yusif Məmmədəliyev bir müddət BDU-nun rektoru işlədi. Xoşbəxtəm ki, məhz o illərdə unuversitetdə təhsil aldım. Yusif müəllim adi alim, adi mehriban insan deyildi, ona hamı nur parçası deyərdi. Ən ağır şizofreniya xəstəliyinə düçar olanın ağlına gəlməzdi ki, illər keçəcək məhz bu kişinin əyləşdiyi kresloda Abel (Siz Allah, bu ada fikir verin!) Məhərrəmov kimi subyekt oturacaq. Heç demə bu alimnümanın iki cah-cəlallı restoranı da varmış, birinin adı “Mona Liza”, birinin də adı “Monte Kristo”! Bəh, bəh, lap poeziyadır!

    Qəzetlərdən öyrənirəm ki, bu restoranlarda bir nəfər üçün yerin qiyməti yüz manata yaxındır. Restoranları şərabla təmin edən kim olsa yaxşıdır? Abel müəllimin İspaniyada səfir işləyən oğlu. Allah bədnəzərdən saxlasın, ata burada, oğul İspaniyada millət üçün canlarını fəda ediblər!

    Ölkənin ən adlı-sanlı, şanlı tarixi ilə şöhrət qazanmış univetsitetinin rektoru bir zərrə də həya eləmədən restoran biznesi ilə məşğul imiş! Mən hələ diplomat adına xələl gətirən oğlunun şücaətlərindən danışmıram.

    Boyunu yerə soxum, a belə iqtidar! Bütün məsuliyyətimlə deyirəm, vallah, billah heç bir ölkədə belə adama universitet etibar etməzdilər. Başqa bir qəzetdə Səlim Müslümovun qohum-əqrəbasının, sülaləsinə daxil olan məmurların siyahısı ilə tanış oldum…

    Hamısı da yağlı vəzifələrdə. Bu nə cür olur, bir saray məddahının xatirinə mənim təqaüdümü kəsməyə vaxt tapan bişərəf məmur, illər uzunu xalqı soyan bandanı görmür?

    O ay yoxdur ki, bu, ya digər məmurun “savab” əməllərindən xəbər tutmayaq. Başları mədhiyyə oxumaqdan, gözə küı üfürməkdən, özləri və əziz giramları üçün pul qazanmaqdan ayrılmayan “ideoloqların” ağalıq etdiyi torpaqda başqa cürə də olmazdı.

    Firuz Haşımov