“Rus ordusu Qarabağa strateji hədəf üçün gəlib”

780

Natiq Cəfərli: “Xankəndindən köçən insanlar Rusiya səfirliyinə müraciət etməlidirlər ki, bizi də ora apar”

Ən zəif cəhətlərimizdən biri strateji düşünə bilməməyimizdir. Biz günlük düşünürük, emosional düşünürük…”

“Azərbaycan neytral dövlət kimi gələcəkdə Rusiya ilə anlaşa bilər”

Dekabrın 1-də Azərbaycan ordusu Laçına daxil oldu. Artıq işğal tarixləri geri qayıdış tarixləri ilə əvəz olunmaqdadır. Bəs, Laçının qaytarılması dövlətimizə siyasi və iqtisadi müsətvidə nə kimi dividentlər gətirəcək? Bu barədə REAL partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli ilə söhbətləşdik.

(Əvvəli ötən sayımızda)

– Natiq bəy, sizcə, Azərbaycanın Şuşaya, erməni-rusun isə Xankəndinə çəkəcəyi alternativ yol Dağlıq Qarabağın ermənilərdə qalan hissəsini bölməyə hesablanmayıb?

– Müəyyən təhlükələr var. Amma müəyyən üstünlüklər də var. Şuşadan yan keçməklə yolun çəkilməsini biz istəyirik, Laçından yan keçən yolun çəkilməsini də biz istəyirik ki, bu şəhərlərə hər hansı bir təhlükə olmasın. Amma müəyyən təhlükələr var. Rus ordusu ora gəlibsə, strateji hədəf üçün gəlib. Rusun vecinə də deyil Dağlıq Qarabağ, erməni. Onun strateji maraqlarından biri odur ki, Cənubi Qafqazda Türkiyə və digər dövlətlərin güclənməsinə imkan verməsin. Amma üstünlükləri də var ki, biz Ermənistanın yavaş-yavaş prosesdən uzaqlaşdığını görürük. Rusların Qarabağ torpağı ilə könül bağı yoxdur. Onunla anlaşmaq daha asandır. Azərbaycan neytral dövlət kimi gələcəkdə Rusiya ilə anlaşa bilər. Rusiyanı narahat edən məsələlərə Azərbaycandan “net” cavab olacaqsa, yəni bizdən Moskvaya təhlükə gəlməyəcəksə, 5 ildən sonra rusların Xankəndində qalmasının mənası qalmayacaq.

Azərbaycan tərəfi də çox maraqlı siyasi gedişlər etdi, məsələn rus sülhməramlılarının Qarabağa gəlməsini parlament təsdiq etməyib. Doğru da edib. Bu dəqiqə rus hərbçiləri Dağlıq Qarabağda hüquqsuzdurlar. Bir müddətdən sonra özlərini pis aparsalar deyəcəyik ki, sənin burada olmağın qanunsuzdur.

– 10 oyabrda əldə olunmu sülh bəyannaməsinin hüquqi təsdiqi yoxdur, bəs sülh müqaviləsi necə olacaq? Parlametdə təsdiq olunacaqmı?

– Məncə, başqa cür olacaq. İlk 5 il müddətində hüquqi rəsmiləşdirmə olmayacaq. Rus hərbçilərinin 5 il müddətində özünü necə aparacaqlarına baxılacaq. Əgər görsək ki, bizim Xocalıya, Xocavəndə, Xankəndiyə qayıtmağımıza kömək olurlar -necə ki, olmalıdırlar, onnların borcudur – lap yaxşı, biz bundan istifadə etməliyik və yumşaq güclə öz torpaqlarımıza qayıtmalıyıq. 5,10,15 il irəliyə baxdıqda demoqrafik planda biz udacağıq. Mən bizim cəmiyyətimizi anlayıram, bu gün hər şeyin həll olunmasını istəyir. Ən zəif cəhətlərimizdən biri strateji düşünə bilməməyimizdir. Biz günlük düşünürük, emosional düşünürük. Dünyanın məşhur beyin mərkəzlərinə baxaq. 10,20 il əvvələ baxaq. Bu mərkəzlər konfranslar keçirir, 2040-2050-ci illəri müzakirələr aparırlar, hansı iqtisadi, sosial, siyasi problemlər olacaq, uzunmüddətli proqramlar açıqlayırlar, vizyoner baxış göstərirlər. Bizdə hamı xəyal qırıqlığı yaşadı ki, niyə Xankəndini tutmadıq. Mümkün olsaydı, etməzdik? İlham Əliyev istəməzdi bunu?

– Əlbəttə istəyərdi…

– Amma müəyyən məhdudiyyətlər var idi, vertolyot vuruldu, raketlər uçdu. Biz mümkün olanın ən maksimumunu etdik. Bundan o tərəfi o idi ki, Rusiyanı qarşıya alıb şəhərlərin, kəndlərin dağılmasını gözünün qabağına almalı idin. Azərbaycan əsgərinin 44 gündə biləyinin gücü ilə qazandığı qələbəni prezident diplomatik qələbəyə çevirdi. Biz israrlı olmalıyıq. Mən gözləyirəm ki, Xankəndindən köçən insanlar Rusiya səfirliyinə müraciət etsinlər ki, bizi də ora apar. Gərək hər şeyi dövlət etsin? Vətəndaş təşəbbüskarlığı olmalıdır və dövlətin zəmanəti ilə, təhlükəsizlik qaydalarına əməl etməklə rus sülhməramlısına deyirsən, “düş qabağa, məni apar torpağıma. Mən orada məktəb tikəcəyəm, xəstəxana tikəcəyəm, bank şöbəsi açacağam, hətta xalçaçılıq sexi açacağam camaat işləsin. Torpağımı becərəcəyəm”. Bunun başqa yolu yoxdur, Rusiya nə deyəcək?

– Rusiya nəsə deyə də bilməz.

– Bəli, biz bunu Xankəndi, Xocalı və digər bölgələrimizlə bağlı israrla dilə gətirməliyik.

– Yəni vətəndaş aktivlyi ön plana keçməlidir.

– Bəli, vətəndaşlarımız da artıq öz məsuliyyətini hiss etməlidirlər ki, hərbi mərhələ bitdi. Bu, böyük qələbədir. Amma diplomatik zəfərlər də addım-addım gəlməkdədir. Azərbaycan əlini gücləndirir. Elə bilirsiniz, türk ordusunun buraya gəlməsinin səbəbləri yox idi? Var idi. Azərbaycan tərəfi də, Türkiyə tərəfi də provokasiyalardan çəkinirdi. Ağdam, Kəlbəcər, Laçın qayıtmamış türk qoşunu gəlir, orada görsənən kimi – onların terror kimi axmaq xasiyyətləri də var – bir terror aktı törədə bilərdilər, onların axmaq bir terror alqısı var. İndi Laçın qayıtdı, şəhərin də böyük hissəsi nəzarətimizdə olacaq.

– Natiq bəy, prezident Laçına qayıdış münasibətilə etdiyi çıxışında Ermənistanla Dağlıq Qarabağın arasında 3 il ərzində Laçından kənar keçəcək yeni koridorun tikiləcəyini bildirdi. Yeni koridor hansı məntəqələrdən keçəcək?

– Yeni koridor ərazinin relyefindən asılı olacaq. Relyef harada uyğundursa orada inşa ediləck ki, daha asan və tez başa gəlsin. Yəqin ki, bunun üçün geodeziya çalışmaları aparılacaq. O yol da Laçın şəhərinin təhlükəsizliyinin təminatı üçün 10-12 km aralı olmalıdır.

– Bu koridor kimin nəzarətində olacaq sizcə? Rusiyanın?

– Girəcəyindən ta Xankəndinə qədər Rusiyanın nəzarətində olacaq. Bu bizim ödədiyimizi bədəldir. Kim deyirsə, bunun başqa yolu var idi, populistdir və yalan danışır.

– Sərsəng su anbarı haqda düşüncələriniz nədir?

– Çox yaxşı sualdır. Mənə elə gəlir alqımızı və düşüncəmizi dəyişməliyik. Sərsəng su anbarının olduğu torpaqlarda erməni yaşasa da, rus əsgəri zamindir orada. Gəlib bu iki tərəflə danışırsan ki, mən də suvarmadan istifadə edəcəm, sən də. Bizim cəmiyyətin radikal çıxışları məni narahat edir. Deyirlər ki, erməni burada qalmamalıdır. Bu sözlər bizi haqlı ikən, haqsız duruma salır.

– Amma prezident dəfələrlə bildirdi ki, sivil ermənilər bölgədə qalıb yaşaya bilər.

– Söhbət hakimiyyət və müxalifətdən getmir. Sohbət cəmiyyətdən gedir, cəmiyyət buna hazır deyil. 5 ildən sonda dünyanın, Rusiyanın vəziyyətinin necə olacağı bilinmir.

– Naxçıvan koridoru barədə nə düşünürsünüz?

– Mənə elə gəlir ki, o müqavilənin ən önəmli bəndlərindən biridir. Burada da Ermənistan oyundan kənarda qalır. Ona Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları nəzarət edəcək. Orada heç erməni qoşunu olmayacaq. Bu çox vacibdir, çünki məsuliyyəti Rusiya daşıyacaq. Biz desəydik ki, birgə faəliyyət, erməni tərəfi təxribat törədəcəkdi, mənə elə gəlir, həm köhnə yol bərpa olunacaq – Araz çayı boyu olan yol, həm də ən qısa nöqtələrdən yol çəkiləcək, Laçından kənar çəkiləcək yol həm də bununla kompensasiya edilməlidir. İkinci yolun da təhlükəsizliyinə Rusiya təminat verəcək. Bu koridor çox əhəmiyyətlidir. Türkiyədən başlayaraq Qırğızıstana qədər bir coğrafiyada körpü rolunu oynayacaq. Azərbaycan ənənvi bazarlardan çıxmalıdır.

– Bu koridor alınarsa, Rusiyanın dövlət olaraq maraqları nə olacaq?

– Rusiya da iki-üç istiqamət üzrə dəmir yollarının çoxşaxəli modelinə keçmək istəyir. Onlar da Şərq-Qərb dəhlizi layihəsinə qoşulmaq istəyir. Bizdə də Bakı-Tiflis-Qars dəmir yolu var. Rusiyanın da Şimal-Cənub layihəsi var və bu layihə üçün ən qısa yol budur, buradan istifadə etmək istəyir.

– Məhz bu amilə görə Rusiya Naxçıvan koridorunun açılmasına isti yanaşır?

– Bəli, həm də nəzarəti əlində saxlamaq istəyir. Ermənistanın sərhədlərini Rusiya qoruyur. Bu müqavilə gələcəkdə Ermənistanda hakimiyyətə gələ biləcəklərə mesajdır ki, sabah orada daha çox qərbyönümlü hakimiyyət olsa, yeri gəlmişkən o ölkədə Qərb trendi güclənəcək, çünki Rusiyadan asılılığın heç bir xeyir gətirmədiyini düşünən böyük bir kəsim var. Hətta Rusiya bizi satdı deyənlər çoxdur. Onların Qərbə inteqrasiyasında Azərbaycan açar rolunu oynayacaq. Kommunikasiyaların açılması Ermənistana da xeyirdir. Dalana dirənmiş halda yaşayırlar. Yalnız Gürcüstanla alınmır. İranla, Azərbaycanla, Türkiyə ilə sərhədlər açılmalıdır. Hətta Türkiyə ilə sərhədlərin açılması onlar üçün çox vacibdir. Ermənistanın yeni təyin edilmiş iqtisadiyyat naziri iş adamıdır. İki gün əvvəl çox maraqlı açıqlamalar edib. Onun beyni yuyulmayıb. O deyir: “Türkiyə ilə sərhəd açılmalıdır. Azərbaycanla da kommunikasiyalar açılmalıdır və normal yaşamağı öyrənməliyik”. Bu günə qədər erməni tərəfindən belə deyən yox idi. Bir dəfə Abdullah Gülün vaxtında futbol diplomatiyasında ermənilər deyirdilər ki, “Dağlıq Qarabağın nə aidiyyatı var ki, biz qonşuyuq, sərhədlərimizi açaq, ticarətimizi edək. Dağlıq Qarabağı da işğal etmişik, yaxşı etmişik”. İndi o məsələ də bitib, Dağlıq Qarabağda işğal da yoxdur, status da yoxdur. İndi Ermənistan başının çarəsinə baxmalıdır, Rusiyadan incik düşmüş böyük bir kəsim var. Biz bundan yararlanmalıyıq. Bizim iqtisadi maraqlarımız ona xidmət edir ki, Ermənistanla da iqtisadi münasibətlərimizi sıxlaşdırmalıyıq. Biz bir müddət sonra dominant olacağıq. Bizim hətta Qərbi Azərbaycandan deportasiya olunan insanların ora köçürülməsini düşünə bilərik. Biz 10 ilə 100 min insan köçürə bilsək 50 ildən sonra orada 3 milyon insan yaşayacaq. Bizim demoqrafik problemimiz olmayıb. Həm də strateji düşünməliyik. 10 illik, 50 illik. Düşünürük ki, mənim ömrüm yetsin bunu görüm. Amma belə deyil, mən görməsəm oğlum bunu görsün, nəvəm bunu görsün. Dövlət strateji olmalıdır, strateji vizyonu olmalıdır.

– Natiq bəy, bəs Qazax rayonunun 7 kəndi barədə nə düşünürsünüz? Qaytarılacaqmı?

– Azərbaycanın silahsız əsgərləri artıq ermənilərlə danışıqlar aparılır ki, bu ərazilər də qaytarılsın. Məncə, həll olunacaq.

– Amma bu tək anklav deyil. 4 belə anklav var…

– Yəqin ki, gələcəkdə bu danışıqların mövzusu olacaq. Rus ordusu Qazaxda olsaydı, bunu tez edərdi. Putin bu torpaqları alıb Azərbaycana hədiyyə edərdi ki, Rusiyanın bizdəki imicini düzəltsin. Yəqin Şuşa və ya Laçın yolu çəkilərkən ümumi güzəştə gedib, bu torpağı alacağıq. Mən xalqımızın hisslərini anlayıram. Pırıl-pırıl, gənc uşaqlarımız şəhid olub, biz bu qələbəni onlara borcluyuq. Amma nə biz buradan köçəsi deyilik, nə Ermənistan başqa yerə köçəsi deyil. Keçmişdə buraxdığımız səhvlərdən nəticə çıxararaq və gələcəyə yönəlik planlar quraraq qonşu kimi yaşamağı öyrənməliyik. Qarabağ məsələsi hakiimyyətin ayağından tutan problem idi. Gəlin keçək başqa məsələləri həll edək. Biz elə bir yol tutmalıyıq ki, uğurlu rifah dövləti quraq. Uğurlu rifah dövləti qursaq bundan sonar da bölgənin lokomotivinə çevrilə bilərik. Necə ki, bundan əvvəl də belə olmuşuq. Xarici siyasətimiz də iqtisadi gücə uyğunlaşmalıdır. Çünki biz artıq böyük oynamağa məcburuq. Biz böyük ölkələrin oyununa girmişik. Burada Türkiyə, Rusiya, İran faktoru var. Qərbin maraqları, İsrail faktoru var burada. Bu maraqları bir-birinə uyğunlaşdıracaq ən optimal variant nədisə siyasətimizi oan uyğun qurmalıyıq. Qarabağ məsələsi bitdimi? Bitdi. Nöqtəni qoyub, keçirik ölkə qurmağa. Sivil, demokratik, inkişaf etmiş rifah dövləti qurmağa. Bundan sonrakı hədəfimiz budur.

Ülviyyə ŞÜKÜROVA