Rus icmasından Azərbaycanın haqq savaşına böyük dəstək – düşmənə mesaj

126

Rusiya dövlətinin işğalçı Ermənistana dirsək göstərdiyi bir məqamda ölkəmizdəki rus vətəndaşlarımız da Ordumuzun qələbəsi üçün əlindən gələni edir

Ermənistanın bütün cəhdlərinə baxmayaraq, Rusiya dövləti, onun rəhbərliyi Azərbaycanla əməkdaşlığa sadiq qalaraq, Qarabağda baş verənlərdə tərəf tutmaq istəmir.

Təbii ki, bu mövqe bir tərəfdən Rusiya-Azərbaycan hakimiyyətləri arasında yüksək səviyyəli münasibətlərdən irəli gəlirsə, digər tərəfdən də xalqlarımızın uzun illərdən bəri davam edən münasibətlərinin məntiqi nəticəsidir. Əsrlər boyu ruslar və azərbaycanlılar dinc, yanaşı yaşayıblar. Həmçinin Azərbaycanda rus milliyyətindən olan vətəndaşlar heç zaman ayrıseçkilik münasibəti hiss etməyiblər, rus dilinin, mədəniyyətinin ölkəmizdə yüksək səviyyədə inkişafı barədə prezident Putin başda olmaqla, digər Rusiya rəsmiləri dəfələrlə mövqe ifadə ediblər. Ermənistanla bağlı isə bunları demək olmaz. Ermənistan hətta rus dilinə qarşı da mübarizə elan edib, bu ölkədə yaşayan rusların sayı barmaqla sayılacaq qədər azdır.

Belə olduğu halda, Azərbaycandakı Rus icmasının Ordumuza sovqat yollaması, Bakıda bayraqlı maşınlarla yürüş etməsi də təəccüblü deyil. Axı birinci Qarabağ müharibəsinin gedişində biz rus şəhidlər də vermişik. Elə 27 sentyabrdan bəri gedən döyüşlərdə bir neçə nəfər rus milliyyətindən olan Azərbaycan vətəndaşı Ermənistanın işğalçı ordusu ilə döyüşlərdə qəhrəmancasına həlak olub.

Qeyd etdiyimiz kimi, ötən həftə Bakıda Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycanın Rus icması tərəfindən avtomobil yürüşü təşkil olunub. Azərbaycan, Rusiya və Türkiyə bayraqları ilə bəzədilmiş təxminən 30 avtomobil Milli Məclisin binası qarşısından yürüşə başlayaraq Bakının mərkəzi küçələri ilə, eləcə də Rusiya və Türkiyə səfirliklərinin qarşısından keçməklə irəliləyib. Paytaxt sakinləri  “Qarabağ Azərbaycandır!” şüarı ilə keçirilən avtoyürüşün iştirakçılarını coşğu ilə qarşılayıb.

Mixail Zabelin Azərbaycan Rus İcmasının sədri seçildi | KONKRET

Mixail Zabelin

Azərbaycanın Rus icmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelinin sözlərinə görə, yürüşün məqsədi Azərbaycan Ordusuna dəstək olmaqdır. “Bu, ədalətli Vətən müharibəsində xalqımıza və Ordumuza, Prezidentimizə və Ali Baş Komandanımız İlham Əliyevə dəstəkdir”, – M.Zabelin deyib. “Qələbə Azərbaycanın olacaq, biz öz ərazilərimizi qaytaracağıq”, deyən M. Zabelin bildirib ki,  Azərbaycan, Türkiyə və Rusiya müharibədən sonrakı dövrdə regionda siyasi və iqtisadi sabitliyin təmin olunmasında vacib rol oynayacaq: “Prezidentimiz dəfələrlə qeyd edib ki, ölkəmiz özünü təmin edə bilən ölkədir və ordumuz texniki və peşəkar baxımdan əla təchiz olunub. Birinci Qarabağ müharibəsində həlak olmuş 6 Milli Qəhrəmanımız rus əsillidir. Rus millətindən olan vətədndaşlar bu gün azərbaycanlılarla çiyin-çiyinə ərazilərin müdafiəsinə qalxıb. Qələbə Azərbaycanın olacaq və biz öz ərazilərimizi qaytaracağıq”.

Bundan başqa, Ermənistanın mülki əhalini atəşə tutması ilə bağlı Gəncə və Qərb bölgəsi üzrə Rus İcması bəyanat yayıb, bu cinayət əməli pislənib.

Bundan əlavə, Azərbaycanın Rus icması adından dəfələrlə Ermənistan vəhşiliyinə qarşı etiraz notası verilib. Bununla bağlı mediada da geniş paylaşımlar olub. Mixail Zabelin tərəfindən həm Rusiya prezidenti Vladimir Putinə, həm də xarici işlər naziri Sergey Lavrova erməni vəhşiliklərini pisləyən məktub göndərilib.

O, rus icmasının Azərbaycan Ordusuna yardım kampaniyasından danışıb.

Göründüyü kimi, Rus icması tərəfindən Azərbaycan dövlətinə və ordusuna birmənalı dəstəkdən söhbət gedir. Bəzi müşahidəçilər Rus icmasının birmənalı və açıq dəstəyini həm də Rusiya prezidentinin obyektiv yanaşması ilə əlaqələndirirlər. Hesab olunur ki, rəsmi Moskvanın neytral münasibəti, Putinin “müharibə Azərbaycan ərazisində gedir”, yanaşması öz sözünü deyib.

Elçin Mirzəbəyli: Azərbaycan Prezidenti növbəti dəfə Paşinyanı siyasi arenada darmadağın etdi

Politoloq, BAXCP sədrinin müavini Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, onun fikrincə, bu, Azərbaycanın rus əsilli vətəndaşlarının öz dövlətlərinə, öz ordularına olan dəstəyidir: “Onlar Azərbaycan, Rusiya və Türkiyə bayraqları ilə birlikdə yürüş etməklə regionda davamlı sülhün təminatçısı ola biləcək ölkələrin birliyi ilə bağlı önəmli bir mesaj veriblər. Bu ilk növbədə onların istəyi, arzusudur. Mən də bir Azərbaycan vətəndaşı kimi bu istəyə müsbət yanaşıram və yanaşmanın özünü doğru sayıram”. E.Mirzəbəyli Azərbaycan, Türkiyə və Azərbaycan bayraqlarının bir yerdə olmasının önəm kəsb etdiyini də qeyd etdi: “Azərbaycan, Türkiyə və Rusiyanın əməkdaşlığı hər üç dövlət üçün əhəmiyyətlidir və çox ciddi perspektivlər vəd edir”.

Azərbaycan-Rusiya münasibətləri daha yüksək inkişafa nail ola bilər”

Politoloq Məhəmməd Əsədullazadə isə qəzetimizə bildirdi ki, Rusiyanın Azərbaycanın Qarabağda Ermənistan silahlı qüvvələrinə qarşı əks-həmlə əməliyyatı başlamasının ilk günündən Rusiya tərəfi neytrallağını saxlayır: “Təbii ki, burada Azərbaycan-Rusiya əlaqələrinin inkişafı, həm də regionda dəyişən geosiyasi şərtlər də ciddi rol oynayır. Baxmayaraq ki, Ermənistan Kreml rəhbərliyinin müdaxiləsinə nail olmağa çalışırdı. Ancaq dəfələrlə telefon zənglərinə və yazdığı məktublara baxmayaraq, o, Putindən dəstək görə bilmədi. Təbii ki, Rusiya burada beynəlxalq hüquqa üstünlük verərək və Ermənistan-Rusiya ikitərəfli hərbi əməkdaşlığının yalnız Ermənistan ərazisini əhatə etməsini vurğulamaqla bu müharibənin Azərbaycanın öz ərazisində getdiyi mesajını verdi. Bu mesaj Ermənistan üçün ”soyuq duş” effekti verdi və İrəvan anladı ki, Moskva artıq bu muharibəyə öz maraqları çərçivəsində yanaşır”. M.Əsədullazadə hesab edir ki, Rusiya prezidenti Vladimir Putinin Qarabağla bağlı neytrallağı Azərbaycandakı rus icmasının da aktivliyinə səbəb olub: “90-ci illərdə Rusiyanın Ermənistana açıq dəstəyi buradakı rus icması üçün arzuolunan bir proses deyildi. Hazırda isə Putinin praqmatik və beynəlxalq hüquqa uyğun olaraq məsələyə münasibəti icmanın aktivliyini artırmaqla yanaşı, onların ordumuza dəstəyinə gətirib çıxarıb. Məhz rus icması da Moskvanın bu siyasətindən razı olduğunu və Putinin bu məsələdə obyektivliyini ortaya qoydu. Hesab edirəm ki, Moskvanın hazırkı siyasəti Azərbaycan və Rusiya xalqları arasında, həmçinin ölkəmizdə rus icmasının inkişafına stimul verəcək. Bakıda keçirilən bu yürüş Şəhidlər Xiyabanını ziyarəti və orduya yardımın aparması Ermənistana da bir mesajdır. Ruslar burada Azərbaycanı öz doğma vətəni hesab edirlər və Kremlin bu məsələdə Azərbaycana dəstəyi ikitərəfli əlaqələrdə yeni dinamizmə gətirəcək. Bu, region üçün mühüm amildir”.

Ötən gün axşam saatlarında Şamaxının Rus icmasının Azərbaycan Prezidentinə də müraciəti yayıldı. “Biz sülhpərvər insanlarıq, gözləyir və ümid edirdik ki, Qarabağ məsələsi sülh yolu ilə həll edilər. Lakin bizim də səbrimiz tükəndi. İndi Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi altında öz yenilməz Ordusunun iştirakı ilə şanlı tarix yazır. Azərbaycan haqq yolundadır, haqq işi uğrunda mübarizə aparır. Bütün varlığımızla və bütün qəlbimizlə inanırıq: torpaqlarımız qısa müddətdə azad ediləcək və Azərbaycanın dövlət bayrağı Şuşada ucaldılacaq” – müraciətdə bildirilir: “Biz milliyyətcə rus olan Şamaxı sakinləri də bütün azərbaycanlılar kimi, Sizi – möhtərəm Prezidentimizi sevirik. Respublikamız üçün bu çətin günlərdə Sizə möhkəm cansağlığı və Qələbə arzulayırıq”.

Əsl vətəndaşlıq mövqeyidir! Belə nümunə işğalçı, monoetnik Ermənistanda varmı? Təbii ki, yox!

Elşad PAŞASOY,
“Yeni Müsavat”