“Rus donanması öz gücünü göstərmək istəyib”

183

Qabil Hüseynli: “Rusiya gəmilərin Bakıya gəlişinin çox şişirdilməsinin tərəfdarı deyiləm”

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2020” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün Rusiya Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının “Mahaçkala” və “Astraxan” kiçik artilleriya gəmiləri, “SB-738” xilasedici yedək gəmisi avqustun 17-də Bakıya gəlib. Görəsən, Türkiyə ordusunun Azərbaycanda təlim keçirtdiyi ərəfədə, Rusiya hərbi gəmilərinin Azərbaycana gəlməsi təsadüf, ya Azərbaycana təzyiqidir?

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Rusiyanın hərbi oyunlara ən mükəmməl və yeni gəmilərini göndərməsini təsadüf hesab etmir.

– Qabil bəy, hazırkı durumda Rusiya hərbi gəmilərinin Azərbaycana gəlməsi təsadüf ola bilərmi?

– Hərbi oyunlar əvvəlcədən planlaşdırılmış və müntəzəm olaraq keçirilən tədbirdir. Bu oyunlar on ilə yaxındır keçirilir. MDB məkanında da həmişə Xəzər dənizində keçirilir. Türkmənistanda, Qazaxıstanda və Rusiyada növbəli şəkildə keçirilir. Bu il də Azərbaycanın növbəsidir.

– Türkiyə mediası Rusiya gəmilərinin Azərbaycana gəlməsini Rusiyanın Azərbaycana təzyiqi kimi qiymətləndirir. Bu barədə nə deyə bilərsiniz?

– Əlbəttə ki, Rusiya öz gücünü nümayiş etdirməkdən ləzzət alır. Eyni zamanda, bu, bir oyundur. Hərbi oyunlarda tank qoşunlarının oyunu da keçirilir. Əslində, bu ənənəyə çevrilibdir. Sözsüz ki, Rusiya özünün ən mükəmməl və yeni gəmilərini göndərib. Burda həm də rus donanmasının gücünün göstərilməsi ideyası da var. Hər halda bu bir oyun olduğundan o qədər də ciddi əhəmiyyət vermir. Bunun şişirdilməsinin də tərəfdarı deyiləm.

– Son tarixə iddia olunan “Beynəlxalq Ordu Oyunları-2020” oyunları haqda heç bir ölkənin mediasında informasiya olmadığı halda, tələsik bir yarışın keçirilməsinin arxasında nə dayana bilər?

– Əslində, mən bunu əvvəlcədən mediada oxumuşdum. Ola bilsin ki, bu oyunlar çox da tanıdılmayıb. Bütövlükdə, həmin yarışların keçirilməsiylə bağlı əsasnamədə göstərilibdir. Bu oyunların keçirilməsində məqsəd həmin ölkələrin döyüş potensialını artırmaq, ordular arasında yaxın dostluq əlaqələrini daha da gücləndirməkdir. Qeyd edim ki, bu yarışlar çox ciddi şəkildə keçirilir. Hər bir ölkə də çalışır ki, özünün döyüş texnikasının üstünlüyünü, gəmilərin idarə edilməsini və gəmilərlə birlikdə hərbi taktikaların həyata keçirilməsini yüksək səviyyədə təşkil etsin və keçirilən yarışların qalibi olsun.  Azərbaycan üçün əsas məqsəd güclü hərbi dəniz donanmasına malik olduğunu nümayiş etdirməkdir. Hər bir dövlətin müəyyən hərbi strategiyasından irəli gələn məqsədləri var. Bu məqsədlər də dəniz oyunlarında özünü göstərir.

– Türkiyə ordusu Azərbaycana gələndə gül-çiçəklə qarşılanmadığı halda, Rusiya hərbiçiləri gül-çiçəklə qarşılandı. Sizcə, burda dövlətçiliyimizə qarşı təxribat elementləri varmı?

– Türkiyə ordusu əsasən Naxçıvana gəldi və orda da çox təntənəli qarşılanma mərasimi oldu. Əvvəlcə, bayraqların dəyişdirilməsi mərasimi keçirildi. Dostluq körpüsünə qədər Azərbaycan ordusu böyük məsafəni yürüş etdi. Türk ordusu isə öz növbəsində Ağrı dağından böyük məsafə qət edib gəlmişdi. Rusiya ordusuna gəldikdə isə, sadəcə nəzakət xətrinə təşkil olunmuş qarşılanma idi. Bunun çox şişirdilməsinin tərəfdarı deyiləm. Türkiyə ordusu həqiqətən də coşquyla qarşılanıb.

YƏHYA