Rus ayısı nə deməkdir?

639

Müharibə ən ağır işdir, ciddi hazırlaşmadan, kimdənsə, nədənsə asılılığını qırmadan, ona başlamaq olmaz…

“Rus” ölümsaçan, əsarət gətirən deməkdirsə, biz Qarabağda həm də rusa qalib gəldik. Bu, rusun bioloji yox, tarixən ictimai, siyasi xarakterini verir.  Bu barədə rus əsarətini dadmış, anlaqlı, hələ rusa assimilə olmamış hər kəs oxunaqlı bir inşa yaza bilər.

Ruslar artıq 472-ci il idi ki, türkləri yenirlər. Bu yenilmə  türklərin düşüncə geriliyindən qaynaqlanır. Yenilən türklərin düşüncəsini isə, ərəbin çox geriçi düşüncəsindən ibarət olan İslam dininin yanlış təbliği və səhv idarəçilik formalaşdırır. Demək, yenilməkdən qurtulmaq üçün öncə bizi inkişafdan saxlayan, cəhalət bataqlığına gömən faktorlardan xilas olmalıyıq.

Mən, 1988-ci ilin dekabrında həmin dönəmdə tutduğum vəzifəmə uyğun olaraq, Ermənistan Sovet Sosialist Respublikasından ölüm qorxusu altında canını qurtarıb Bakıya gəlmiş soydaşlarımızdan bir neçəsinin izahatını almışam. Onlar deyirdilər ki, saqqallı ermənilər rus əsgərinin gözü qabağında bizi öldürür, ölüm hədəsi ilə soyur, bütün var-yoxumuzu əlimizdən alır və yurdumuzdan qovurdularsa da, lakin rus əsgərləri onlara toxunmurdular. Bir qadın dedi ki, ermənilər rus əsgərinin gözü qabağlnda bizi bir yerə topalayıb qiymətli nəyimiz varsa aldılar, mən qiymətli bir şeyim olmadığını dedikdə, oğlumu yerə yıxdılar, əgər qızıllarımı verməsəm oğlumun başını kəsəcəkləri ilə hədələdilər, mən də məcbur olub evdəki bütün qiymətli şeylərimi onlara verəsi oldum…

İzahatını aldığım insanlar mənə dedilər ki, rus əsgərləri bizi ermənilərin təqibindən yox, erməniləri, bizim özümüzü müdafiə, cavab hərəkətlərindən qoruyurdular… Bu zaman Ermənistanın Quqark adlı yaşayış yerində Azərbaycan türklərinin onlarla uşağını dəmir boruya doldurub üstünü qaynaqlamışdılar… Səhv etmirəmsə, bunu zəlzələdən sonra Ermənistana yardım üçün gəlmiş Fransız xilasediciləri aşkarlamışdılar… Nəticədə, Ermənistandan 200 mindən çox soydaşımız, yalnız türk və müsəlman olduqlarına görə deportasiya olundular. Ancaq o zaman bircə avropalı media nümayəndəsi belə, gəlib öz yurdundan qovulmuş bir milyondan artıq soydaşımızdan və onları qovan aqressor, işğalçı erməni rəhbərlərindən bunun səbəbini soruşmadılar, özlərini mədəni və demokratik sayan dünya dövlətləri, birlikləri, mediyası, ziyalıları əxlaqsızcasına susdular…

İndi isə, sentyabrın 27-dən noyabrın 10-nadək, azı 25 avropalı və rus jurnalist Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən müsahibə almaqla onu bezdirdilər, hamısı da erməniləri müdafiə məqsədilə… Budur, özlərini mədəni sayan avropalıların ikiüzlülüyünün, xristian tərəfkeşliyinin, ədalətsizliyinin sübutu.

Rus İmperiyasının Quzey Azərbaycanı işğalından 212 il sonra 44 günlük Qarabağın Qurtuluş Savaşı, xüsusən noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi bizə misilsiz, sevinc göz yaşlı qürurlu anlar yaşatdı. Bu Vətən Müharibəsi Azərbaycan əsgərinin qüdrətini ortaya qoydu.

Ancaq qoşunlarımız Xankəndinin 2-3 kilometrliyinə çatdıqda, noyabrın 9-da, birdən-birə gecə yarısı Rusiyanın 1960 nəfərlik işğalçı ordusu ona əsla xas olmayan “sülhməramlı” adıyla Qarabağa  yeridildi… Bununla da parlaq qələbəmiz qəsb edildi, yarımçıq qaldı. Məqsəd, guya erməniləri bizdən qorumaqdır. Sonradan Türkiyə Cümhuriyyətinin eyni sayda Ordusu Qarabağa gətiriləcəkdir… Başqa sözlə, Qarabağ azad olmamış iki, rəqib dövlətin qarşıdurma meydanına çevrilir, eynən Suriya, Livan kimi.

Geydirildiyi dondan asılı olmayaraq, rus qoşunlarının Azərbaycana yeridilməsi əlbəttə ki, dövlət suverenliyimizin pozulması aktıdır. Ancaq bu aqressiya qarşısında nə etmək olardı?… Öz mövcudluğunu, bütövlüyünü qorumaq üçün nə etmək lazımdırsa, o da edilməli idi və deyəsən, axı elə belə də olub… Bu ərəfədə imkanları baxımından müqaisəyə gəlməyəcək Rusiya və Azərbaycan arasında tarixə düşəcək bənzərsiz gedişlər olub. Baş verənlərdən xəbərsizlik fonunda bizimçün qanun, qanunsuzluğa, məntiq, özbaşnalığa qarışdı… Parlaq qələbəmizi  az qala heçə endirmə görüntüsü ilə müşayət olunan olaylar hamımızı pərişan etdi, ümid qırıqlığına caladı. 8 noyabrda Şuşanın qaytarılması coşqusu, sanki yuxuya çevrildi… Biz, yəni Azərbaycan 44 günlük “dəmir yumruq”ikən, əziz igidlərimizin itkiləri üzərindən qələbəmizinmi, yoxsa xəyanətinmi şahidi olduğumuzu kəsdirməkdə, müəyyənləşdirməkdə ikiyə bölündük. Görününlərə görə, xalq haqsız deyildi…

Ancaq deyəsən, (nə yaxşı ki) vaysınmağa dəyməzmiş.  Bu balaca yazını beş gün qabaq şok effektli psixoloji halda başlasam da, qeyri-müəyyənlikdən ardını gətirə bilmirdim, odur ki, hadisələrin gedişatını izləməklə, bir neçə gün də gözləməli oldum. Bu cür qaydasız oyunda və məlumatsızlıq şəraitində nə baş verdiyini olayların fonunda ancaq məntiqlə təxmin etmək olardı ki, biz də bunu etməyə çalışdıq… Bu yöndə fikir yürüdən səmimi vətən sevdalılarını alqışlayıram. Məhz onların və olayların kontrastlar topasında özümüz üçün nələrisə aydınlaşdıra bilməkdəyik…

Demək, nə baş verib və verməkdədir?

…Rusiya bizim əlimizlə Avropaya üz tutmaqla, onun “cızından çıxan” Paşinyan komandasını cəzalandıraraq Ermənistanı öz əyaləti kimi saxlamaq istəyindəykən, bizim cəzaslıqdan getdikcə azğınlaşan Ermənistanın növbəti hücumuna qarşı bu dəfə artıq davamlı əks hücumla və Türkiyənin dəstəyi ilə Qarabağın Qurtuluş Savaşına başlamağımız xalqımızın misilsiz coşqusu ilə ermənilərin keçilməz sayılan, təxmini bilgimə görə Füzuli istiqamətində dörd qat, Ağdam, Ağdərə istiqamətində isə səkkiz qat, franslz hərbi istehkamçılarının layihəsi üzrə qurulmuş müdafiə istehkamlarını sürətlə keçməklə, alınmaz Şuşa qala-şəhərini qaytarmaqla, Xankəndinin 2-3 kilometrliyinə (yəqin ki, Ağa körpüsünə) dirənəndə, çox güman ki, içimizdəki rus maşalarından birinin təxribatı ilə, rusların özlərinin tam lüzumsuz olaraq göyə qaldırdıqları döyüş helikopteri, bizi şərləmək məqsədilə Naxçıvan sərhəddində vuruldu. Deyilənə görə, əvvəlcədən nəzərdə tutduqları kimi, onlara sərfəli məqamda  hərəkətə keçərək, yəqin ki, Rusiyanın Ermənistandakı 102 saylı bazasından  Bakıya iki ballistik raket atmaqla bizimlə müharibə etmək görüntüsü yaratmışsa da, lakin həmin raketlər bizim Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən Xırdalan üstündə vuruldu və  bizi müharibəyə sürükləyə bilmədi. Buna rəğmən, dağıdıcı “ayı pəncəsi”ndən qurtulmaq üçün rus işğal qoşunlarını “sülhməramlı” adıyla məcburən Qarabağa buraxmalı olduğumuzdan sonra, Türkiyəni eyni statusla dövrəyə soxmaqla, bu yırtıcıları neytrallaşdırmağa çalışırıq. Burada ehtimal edilən başqa məcburedici faktorların olması da istisna deyil…

Düzdür, rus hərbi helikopterinin bizim silahlı qüvvələr tərəfindən vurulması ilə bağlı dərhal üzr istənilməsi, zərərçəkmişlərə kompensasiya ödənilməsi haqda bəyanatımız olsa da, Bakıya iki ballistik raket atılması və onun havada vurulması məsələsi üzərindən sükutla keçildiyindən, bu məsələ rəsmən təsdiqlənməmiş qaldı. Görünür, siyasi mülahizələrlə (oxu, Rusiya aqressiyasını qabartmayıb, əksinə onu neytrallaşdırmaq məqsədilə) belə məsləhət görülmüşdür. Sözüm yox. Ehtimallarımız doğrulanacağı halda etiraf edək ki, rəhbərliyimizin sərgilədikləri mövcud real şərtlər daxilində ən optimal və ağıllı müdafiədir.

Rusun olduğu yerdə barış olmur, münaqişə, separatçılıq, savaş olur və bu davalar heç vaxt çözülmür, əksinə qeyri-müəyyən müddətə dondurulmaqla, davam etdirilir.

Ruslar Ermənistanı tam məğlubiyyətdən qirtarmaq üçün gəlmiş, Qarabağda eynən PKK kimi bizə qarşı seperatçı, erməni terrorçu qruplarını yaratmamış getməyəcəklər. Bu, onların məqsədidir. Ancaq güman edirəm ki, bizim artıq xalqla birləşən rəhbərliyimiz (hər halda 27.09.2020-ci il tarixdən üzü bəri), Azərbaycan xalqına (oxu, Ordusuna) güvənərək, yenicə yaratmağa başladığı sağlam kadr ətrafını daha da genişləndirməklə, Türkiyə və Pakistan kimi sadiq müttəfiqləriylə  Rusiyanın bu destruktiv məqsədini onun xəyalına çevirəcəklər. Rus ordusu dabanbasma təqib etməklə erməni cinayətkarlarla iş birliyini pozan Türk Ordusunun, onu  neytrallaşdırmaqla gərəksiz hala salacağının sonucunda suyu süzülə-süzülə Qarabağı tərk etmək məcburiyyətində qalacaqdır. Burada, əlbəttə ki, bizim siyasi rəhbərliyin iradəsi həlledici rol oynayacaqdır.

Kəlbəcərdən, Ağdamdan köçən ermənilər açıqcasına, saymazlıqla evləri, tikililəri yandırır, bizə maksimum ziyan vururlar. Əgər rus potaları oraya belə təxribatlara, cinayətlərə tamaşa eləməyə gəliblərsə, bu, bizim əsəblərimizlə oynamaqdan başqa bir şey deyil, rədd olub getsinlər, bunu onların komandanlığının gözünə soxmaqla, ziyan vuranların cinayət məsuliyyətinə cəlb edilməsi üçün tutulub bizə təhvil verilməsini tələb etmək, baş verənləri mətbuatda işıqlandırmaq və gedişatı Putinə bildirmək lazımdır ki, gələcəkdə qoşunların çıxarılması tələb ediləndə xəbərsiz olduğunu deyə bilməsin.

Ermənilərin özlərini məğlub sayanları da, saymayanları da Qarabağda qalıb, partizan dəstələri qurub, xalqımıza qarşı terror törədəcəkləri halda kimsə oralara köçüb özünü, ailəsini zərbə altına qoya bilməz və qoymayacaq da. Nəticədə, Qarabağın azad edilməsi öz əhəmiyyətini tamam itirmiş olacaq. Odur ki, ruslar və türklərlə paralel bizim əsgərlər də nəzarət etməlidir, yoxsa bütün zəhmətimiz hədər gedə bilər.

Ermənilərə bildirmək lazımdır ki, son 32 ildə, bu gün də, bundan sonra da  bizə vurduqları maddi və mənəvi ziyanı, hər birinə 100 min ABŞ dollarından az olmayaraq şəhidlərimizin qan pulunu onların doğmalarına, onlar olmadıqda isə dövlətimizə, müharibədə əlil olmuş qazilərimizə ömürlük aylıq kompensasiya, yaralılarımıza isə onların müalicə pulu kimi təzminat ödəməli və separatçı cinayətkarları ədalət mühakiməmizə təhvil verməlidirlər. Əks halda tərəfimizdən ədaləti qəbul etməyə zorlanacaqlar. Yalnız bu, onları yeni cinayətlər törətməkdən çəkindirə bilər.

Respublika rəhbərliyinin xalqla birliyin faydasını daddıqları kimi, ona xəyanətin də nə ilə nəticələnə biləcəyinin fərqində olacağını düşünürəm. Odur ki, əminəm, Azərbaycan 44 günlük “dəmir yumruq” olmaqda davam edəcək, hər gün daha yaxşı olacaq, bir-birimizə qarşı daha səmimi, daha sayğılı olacağıq. Çünki  Qarabağ Azərbaycandır!

Məmmədxan ƏZİZXANLI,

hüquqşünas