Rus analitiklər Qarabağla Türkiyədən danışdı: “Bizim üçün geosiyasi fəlakət oldu”

459

Hurriyyet.org xəbər verir ki, Azərbaycanın Qarabağdakı zəfərindən sonrakı vəziyyəti qiymətləndirən rusiyalı ekspertlər Türkiyənin Cənubi Qafqazda mühüm mövqeyə sahibləndiyini diqqətə çatdırıblar.

“Sabah” qəzetində  Rusiya mətbuatının Qarabağ müharibəsindən sonra Rusiyanın regiondakı vəziyyətindən narahatlığını əks etdirən məqalə dərc edilib.

Məqalədə rus analitiklərin Türkyənin regionda Rusiya qarşısına rəqib fiqur olaraq çıxarıldığını söylədikləri yazılıb: “Ankaranın hərbi dəstəyi Azərbaycanın Rusiyanın regiondakı ənənəvi müttəfiqi Ermənistanı məğlub eləməsinə kömək etdi. İndi Moskva NATO dövləti olan Türkiyənin hərbi nəzarətçilərinin atəşkəsi müşahidə eləmək üçün Cənubi Qafqaza gəlməsini qəbul edib”.

“Türkiyə Cənubi Qafqazda mühüm mövqe qazandı”

Məqalədə rusiyalı siyasi analitik Konstantin Eggertin fikirləri də dərc olunub. O, Qarabağda baş verənlərin Rusiya üçün geosiyasi fəlakət olduğunu, bununla da Türkiyənin Cənubi Qafqazda mühüm mövqe qazandığını qeyd edərək söyləyib: “Əslində Rusiya tərəfindən təlimləndirilmiş və silahlandırılmış Ermənistan ordusu Türkiyə tərəfindən silahlandırılmış və türk təlimi almış Azərbaycan ordusu tərəfindən məğlub edildi. Türkiyə, Çin və İran kimi regional fiqurların bundan çıxaracağı nəticələr Moskvada çox danışmadan və ya Kremlin təsirlərindən qorxmadan Orta Asiya və Cənubi Qafqazda daha da güclənə biləcəkləri olacaqdır”.