Rumıniyada SOCAR-ın 60-cı YDM-i istifadəyə verilib

294

Ötən gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rumıniyada 60-cı yanacaqdoldurma məntəqəsi fəaliyyətə (YDM) başlayıb.

Musavat.com xəbər verir ki, “SOCAR” brendli yeni yanacaqdoldurma məntəqəsi Macarıstanla Rumıniya sərhədindəki Bihor regionunda yerləşir.

Sözügedən məntəqə bu regionda müştərilərin ixtiyarına verilən sayca 4-cü, ümumilikdə isə cari ildə Rumıniya ərazisində açılan 16-cı “SOCAR” brendli YDM-dir. Hər bir YDM-də olduğu kimi bu məntəqədə də müştərilərə benzin və dizel və “Adblue” (dizel mühərriklərinin iş prosesi zamanı atmosferə atılan zərərli azot oksidinin azaldılması məqsədilə istifadə olunur) yanacaqları, həmçinin məntəqənin ərazisindəki “Nar” kafedə yerli və Azərbaycandan gətirilən məhsulların satışı həyata keçirilməkdədir.

SOCAR-ın ölkə üzrə bütün məntəqələrində quraşdırılan monitorlarda mütəmadi olaraq Azərbaycanın təbliği istiqamətində video-çarxlar da nümayiş olunur. Şirkət tərəfindən qəbul edilən strateji plana uyğun olaraq qarşıdakı illərdə də SOCAR Rumıniyada yanacaqdoldurma məntəqəsi şəbəkəsini genişlənidməkdə davam edəcək.

Hazırda SOCAR Rumıniyanın 24 regionunda “SOCAR” brendli yanacaqdoldurma məntəqəsinə malikdir. Xatırladaq ki, SOCAR Rumıniyadakı fəaliyyətini 2011-ci ildə yaradılmış “SOCAR Petroleum SA” şirkəti vasitəsi ilə həyata keçirir.