“Rüfətin taleyi hər addım başı məni düşündürür” – ELDAR SABİROĞLU ENERJİ BÖHRANINDAN DANIŞMADI

    18

    “Bu böhran haqqında müəyyən fikirlər səsləndirib, özümü ermənilərlə "əlaqədə" əlavə "sübutlarla" yükləməyə imkan vermək istəmirəm”

    Dünən gecə Mingəçevir İstilik Elektrik Stansiyasinda baş verən partlayışla əlaqədar sabiq deputat, ehtiyatda olan polkovnik Eldar Sabiroğluna müraciət edərək, onun fikirlərini öyrənməyə çalışsaq da, nədənsə, o, bundan imtina etdi və sualımıza cavab vermədi. Bildirdi ki, hadisənin çox ciddi və təhlükəli xarakter daşıdığı göz önündədir:

    “Ancaq müəyyən səbəblər vardır ki, hansısa mülahizə yürütməyi özümə rəva görmürəm. Çünki buna müxtəlif rənglər verən "sədaqətli" dəstənin barəmdə məsuliyyətsizcəsinə söyləyə biləcəkləri, təhqiramiz fikirləri eşitmək istəmirəm. Konkret desəm, düşmən obrazı yaratmağa çalışanların hədəfinə çevrilməyi arzulamıram. İnanın ki, bu cür yanaşmam qorxudan irəli gəlmir. Bir tərəfdən başımı dedi-qodulardan kənar saxlamağa, digər tərəfdən hakimiyyətin şərləyərək həbsə atdığı övladım Rüfətə qarşı yeni təqib və işgəncə hallarının baş qaldırmasına fürsət verməməyə çalışıram.

    Bu hakimiyyətdən mən görəcəyimi gördüm. Rüfətdən intiqam aldılar. Ona görə də Rüfətin taleyi hər addım başı məni düşündürür. Çünki bunlar üçün insanın dəyəri elə də böyük əhəmiyyət kəsb etmir. Sizə heyrətləndirici bir əhvalatı danışacam. YAP-ın bu iqtidara hörmət gətirməyən zinqrovlu üzvlərindən birisinin haqqımda qələmə aldığı tərbiyəsiz yazısından bir böhtanı diqqətinizə catdırıram. Görün adam nə deyir: "Eldar Sabiroğlu Müdafiə Nazirliyində xidmət etdiyi zaman ermənilərə informasiyalar ötürməklə məşğul olub". Səfeh açıqlama olsa da etiraf edək ki, ağır ittiham idi. Mən Baş Prokurorluğa və keçmiş Milli Təhlükəsiz Nazirliyinə rəsmi müraciət edərək ittihamin araşdırılmasına səy göstərdim. Ancaq faydası olmadı. Həmin qurumlardan aldığım cavab belə oldu ki, o, deputatdır, söylədiyi fikirlərə məsuliyyət daşımır. Məhkəməni işarə verdilər. Azərbaycanda məhkəmə sisteminin hansı vəziyyətdə olduğunu bildiyimə görə, bu addımı atmadım.

    Düşünə bilərsiz ki, məsələnin İES-ə dəxli nədir? Əlbəttə, dərin dəxli yoxdur. Ancaq enerjidəki bu böhran haqqında müəyyən fikirlər səsləndirib özümü ermənilərlə "əlaqədə" əlavə "sübutlarla" yükləməyə imkan vermək istəmirəm”.

    Hurriyyet.org