Rektordan Nazirlər Kabinetinin qərarına hörmətsizlik

927

İbrahim Cəfərov Gəncə şəhər Təhsil İdarəsinin sabiq rəisi Zakir Hüseynovu kafedra müdiri vəzifəsinə təyin edib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru İbrahim Cəfərov çirkin əməllərindən əl çəkmir. Belə ki, bu “hegemon rektor” Nazirlər Kabinetinin qərarını kobud şəkildə pozub.

Məlumdur ki, son dövrlər ali təhsil müəssisələri tərəfindən müxtəlif vəzifələrin (professor-müəllim, kafedra müdiri, dekan və s.) seçilməsi təxirə düşüb. Daha doğrusu, seçkilərin keçirilməsi ilə bağlı Təhsil Nazirliyi, Nazirlər Kabinetinin qərarına əsaslanaraq, xüsusi karantin rejimi dövründə dekan, kafedra müdiri, professor-müəllim namizədlərinin sənəd qəbulu, gizli səs vermənin aparılması və digər prosedurların təşkili zamanı bir sıra çətinliklər yaranır.

Bununla əlaqədar, ölkəmizdəki sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq, bu tipli seçkilərin xüsusi karantin rejimi başa çatana qədər tarixə salınması tövsiyə olunur.

23.09.2020-ci il tarixli rəsmi sənəddən də açıq-aşkar məlumdur ki, belə bir qərar təsdiqini tapıbdır. Lakin Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov dövlətin qanunlarını bilərəkdən pozaraq, Gəncə şəhər Təhsil İdarəsinin sabiq rəisi Zakir Hüseynovu ADAU-nun İnformasiya Kafedrasının müdiri vəzifəsinə təyin edibdir.

Görəsən, İbrahim Cəfdərovun Zakir Hüseynova qarşı bu “qayğısı”nın arxasında hansı maraqlar var?

Xatırladaq ki, Təhsil İdarəsinin sabiq şefi Zakir Hüseynov bir müddət əvvəl işində buraxdığı nöqsanlara görə, Təhsil Nazirliyi tərəfindən onun müqavilə müddətinə xitam verilmişdir.

Onu da qeyd edək ki, Zakir Hüseynov Təhsil İdarəsinin rəisi işlədiyi zamanlarda, eyni tarixlərdə Azərbaycan Texnologiya Universitetində 0,5 ştat və Azərbaycan Dövlət Aqrar Universitetində 0,5 ştat dərs vəsaiti ilə təmin olunmuşdur. Halbuki, bu şəxsin heç bir zaman adıçəkilən universitetlərdə dərs keçdiyi barədə məlumat əldə etməmişik.

İnanırıq ki, ADAU-nun rektoru İbrahim Cəfərovun bu qanunzuz əməlləri araşdırılıb, hüquqi qiymət veriləcəkdir.

“Hürriyyət”

Redaksiydan: Mövzuya yenidən qayıdacağıq. Qarşı tərəfin mövqeyin də dərc etməyə hazırıq.