Regionda yeni əməkdaşlıq platforması – Bakının təklif etdiyi altılıq modeli mümkündürmü?

756

“Biz bölgədə yeni bir işbirliyi platformasını yaratmalıyıq. Artıq, ilkin bəyanatlar verildi. Bu, çoxtərəfli platforma ola bilər. Bu işbirliyi platformasında iştirak edən bütün bölgə ölkələri bundan ancaq faydalana bilər.”

Bunu dekabrın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuata bəyanatında Azərbaycan Prezidenti İlham Əliyev deyib. Ənənəvi Türkiyə-Azərbaycan-Gürcüstan, Azərbaycan-Rusiya-İran, Türkiyə-Rusiya-İran işbirliyinin olduğunu xatırladan Prezident İlham Əliyev qeyd edib ki, bütün bu işbirliyi platformalarını ümumiləşdirib vahid platforma kimi təqdim etmək olar. Prezident həmçinin bildirib ki, əgər Ermənistan rəhbərliyi müharibədən düzgün nəticələr çıxararsa, öz əsassız iddialarından əl çəkərsə və gələcəyə baxarsa, o zaman onların da bu platformada yeri ola bilər: «Biz buna açığıq və müharibədən sonra Azərbaycanın mövqeyi və verilən bəyanatlar bunu deməyə əsas verir. Biz bu səhifəni bağlamalıyıq, biz bu ədavətə son qoymalıyıq».

Türkiyə Prezidenti R. T. Ərdoğanla isə qeyd edib ki, platforma 6 dövlətin iştirakı ilə yaradıla bilər. Onun sözlərinə görə, bu fikrini Rusiya Prezidenti Vladimir Putin da dəstəkləyib: «Rusiya, Türkiyə, Azərbaycan, İran, Gürcüstan və dəstəklədiyi təqdirdə, Ermənistan da bu işbirliyi platformasına daxil ola bilər».

Türkiyə Prezidenti həmçinin qeyd edib ki, Yeravan Ankara münasibətində pozitiv addımları atarsa, Türkiyə Ermənistanla sərhədləri açmağa hazırdır.

Beləliklə qeyd edilən 6 dövlətin vahid platformada əməkdaşlığı nə dərəcdə mümkündür?

“Bu, qətiyyən hər hansı hərbi-siyasi ittifaqlara alternativ deyil»

 

 

Milli Məclisin deputatı Zahid Oruc “Turan” agentliyinə bildirib ki, 1999-cu ildə ATƏT-in İstanbul sammitində keçmiş, mərhum prezident Heydər Əliyev belə bir təşəbbüslə çıxış etmişdi: «Söhbət Qafqazda sülh və əməkdaşlıq paktından gedirdi. Mahiyyət etibarilə bəlkə də miqyasca o deyilən ideyanı aşır, amma o biri yandan özlüyündə, fundamentində, əsas zirvəsində dayanacaq strategiya ondan ibarət idi ki, bu 3+3 formatında hər hansı bir birlik formalaşsın. Bu qətiyyən Avropaya, Asiyaya, hər hansı digər hərbi-siyasi ittifaqlara alternativ deyil».

Siyasətçi qeyd edib ki, dünyada bu cür çalışan formatlar mövcuddur: «Avropa, Asiya və Amerika məkanında müxtəlif iqtisadi məramların altında birliklər var. Ona görə də mən hesab edirəm ki, 90-cı illərin sonu, yaxud da 10 il öncədən deyilən ideyanı gerçəkləşdirə bilməməyin səbəbi o idi ki, işğal ortada idi. Münasibətləri hər hansı səviyyədə yaxınlaşdırmaq faktiki olaraq mümkün deyildi».

Z.Oruc bildib ki, ayrılıqda bir formada onsuz da bu əlaqələr var: «Gördüyünüz kimi, İran, Türkiyə, Rusiya arasında tutaq ki, Suriya üzərində əməkdaşlıq platforması var, Astana formatı çalışır. O cümlədən ayrılıqda Türkiyə-Rusiya iqtisadi-ticarət dövriyyəsi qardaş ölkənin cədvəlində birinci yerdə durur. Hətta sayın Ərdoğanın Bakıya bu əzəmətli tədbirə (dekabrın 10-da keçirilən hərbi paradı nəzərdə tutur) səfərini dəyərləndirərkən türk politoloqları deyirdi ki, Atlantik İttifaqının üzvü olan bir dövlət sanki oradan müəyyən qədər kənarda dayanır və məqsədyönlü bir şəkildə Avrasiya məkanında addımlar atır.”

“Tarixlə yaşamaq mümkün deyil axı”

Z.Orucun deməsinə görə, tarixən Avrasiya məkanında geopolitik ittifaqların diktəsi həmişə Türkiyə tərəfindən gəlib: “Bu başqa məsələdir ki, tarixdə müxtəlif savaşlar – Rusiya-İran, Rusiya-Türkiyə, yaxud da İran-Türkiyə və sair arasında baş verib. Ancaq tarixlə yaşamaq mümkün deyil axı. Bunun əsasında siyasəti qurmaq çox çətin olar. Ona görə, ən başlıca məsələ o idi ki, türk dünyasının bu iki nəhəng lideri hərbi zəfərlə məhdudlanıb, qalmayıb. Onlar regionun gələcəyi ilə bağlı arxitektura irəli sürürlər. Qafqaz üçün bunun çox böyük ehtiyacı var. Bu regionun təhlükəsizliyi, iqtisadi, sosial baxımından çox önəmlidir».

Deputat vurğulayıb ki, təklif olunan platforma davamlı olaraq çalışa bilər: «Şimal-Cənub layihəsi əgər Azərbaycan, İran və Rusiyanı birləşdirirsə başqa dövlətlər də bu platformada iştirak edə bilər. Böyük İpək Yolu Çindən başlayan bir kəmər özü burada maraqlı formada iştirak edir. Ona görə də, regionu Ermənistanın 90-cı illərdə öz gücü ilə deyil digər vasitələrlə əldə etdiyi mirası ilə tormozlanmış, natamam formada saxlamaq düzgün deyil. Region açılmalıdır. Ticarət, iqtisadi proseslər yaxşı siyasi münasibətlər yaradacaq. Dünyada böyük investorlar hansısa bir imperiyaların varisi olduğuna görə aparıb ora yatırım qoymurlar”.

“Ermənistan buna məhkumdur”

Zahid Oruc deyib ki, investorların real mənafeyi var: “Bu irəli sürülən stratejinin Qarabağ üzərindən bölgədə dəyişmiş geopolitik münasibətlərə və qüvvələr nisbətinə adekvat olduğunu düşünürəm. Ermənistan buna məhkumdur.Türkiyənin 83 milyon əhalisi, 140 milyon Rusiyada, İranda 60 milyon, Azərbaycan və Gürcüstan hamısı bir yerdə 300 milyondan artıq bir əhali və bir neçə trilyon dollara çatan ümimi daxili məhsul (ÜDM), bir neçə yüz milyarda çata biləcək iqtisadi-ticarət əlaqələri. Mümkündür ki, gələcəkdə müxtəlif formalarda burada başqa dövlətlər də iştirak eləsin. Bundan nə Avropa Birliyi, nə NATO, nə digər ittifaqlar narahat olmayacaq».

 

 

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov isə “Azadlıq” radiosuna bildirib ki, Ermənistanda hazırda siyasi böhran yaşanır: «Bu böhran onunla bağlıdır ki, bir neçə ilin ərzində Ermənistan siyasətçilərinin bu ölkə üçün həyata keçirdiyi siyasətin nəticəsində Ermənistan müharibədə məğlub oldu və indi çox aktual məsələlər ortaya çıxıb».

Diplomat hesab edir ki, indi əsas məsələ Ermənistanın hansı siyasəti yürüdəcəyidir: «Yəni, bundan sonra Ermənistanda hansı siyasət olacaq? Qonşulara aid hansı siyasət həyata keçiriləcək? Əsas məsələ budur və təbii ki, axtarışda olan erməni siyasi elitaya hansısa mesajları vermək indiki mərhələdə çox vacib məsələdir. Dekabrın 10 -da müharibənin yekunlarına və Azərbaycanın zəfərinə həsr olunmuş paradda bu fikirlərin səsləndirilməsi çox vacib və müdrik bir addım idi».

T. Zülfüqarov deyib ki, gələcək mümkün əməkdaşlığın formaları ilə bağlı suallar çoxdur: «Bu sualların cavabı Ermənistan qonşulara hansı çağırışlar səsləndirəndə bəlli olacaq. Hələlik, həm Azərbaycan, həm Türkiyə gözləmə mövqeyindədilər və gözləyirlər ki, Ermənistandan hansı mesajlar qonşulara tərəf səsləndiriləcək».

O, qeyd edib ki, noyabrın 10-da imzalanan bəyanatda qeyd olunmuş bir məsələ öz həllini gözləyir: «Bu Azərbaycan və Naxçıvan Muxtar Respublikasının arasında olan kommunikasiyaların bərpasıdır. Təbii ki, bu kommunikasiyalar təkcə Azərbaycan üçün vacib deyil. Eyni zamanda bu Türkiyə üçün də vacibdir. Əgər biz nəzərə alsaq ki, bu kommunikasiya vasitəsi ilə İrana da çıxış mövcuddur, bu İran üçün də maraqlı ola bilər. Eyni zamanda bu kommunikasiya Ermənistan ərazisindən keçə bilər. Bu baxımından biz görürük ki, iqtisadi marağı olan tərəf çoxdur.”

Tofiq Zulfuqarov deyib ki, Prezident İlham Əliyevin bu kommunikasiyalara aid səsləndirdiyi fikirə diqqət yetirmək lazımdır: “O demişdi ki, bu kommunikasiyanın bərpasına həm də Rusiya çox önəm verir. Bu da bir növ Şimal-Cənub dəhlizinin fəallaşmasına xidmət edən bir layihə olacaq. Təbii ki, Ermənistan tərəfi də burada hansısa öz maraqlarına uyğun fəaliyyət göstərə bilər. Yəni sülhün perspektivləri indi daha yaxşı görsənir. Təbii ki, müharibədən sonra qalan itkilərin acısı, dağıntılar və sair emosional fon yaradır. Amma biz hamımız gələcəyə baxmalıyıq və gələcəkdə müharibə olmasın deyə məhz bu layihələri barəsində fikirləşməliyik».

“AzPolitika”