Regionda böyük savaş gözləntisi

993

Çinin İranla bağladığı 400 milyard dollarlıq müqavilə ABŞ-ı nə üçün narahat edir…

Dünya nəhənglərinin qarşıdurması regionda hansı fəsadlara səbəb ola bilər?

Dünyanın hazırkı gündəmi pandemiya olmaqla yanaşı, həm də geosiyasi müstəvidə yenidən şəkillənmədir. Zatən, dünyanın qlobal idarəetməyə keçilməsini sürətləndirmək üçün bu prosesin əsas addımı pandemiya ilə atıldı. 20-ci əsrin əvvəlində Birinci Dünya Müharibəsi ilə dünya ərazilərinin və resursların bölüşdürülməsi başlasa da, bu müharibə İkinci Dünya Müharibəsi ilə davam etdirilsə də, proses hələ bitməyib. Belə demək olarsa, artıq 3-cü mərhələyə qədəm qoyulub.

20-ci əsrə qədər dövrün qüdrətli imperiyası olan İngiltərə, Fransanın dəstək verərək ingilis koloniyasından dövlət kimi ortaya çıxardığı ABŞ-ın dirçəlməsi ilə daha passiv mövqeyə sıxılmışdı. Amma hazırda baş verən prosesin ana xəttindən biri keçmişdə nüfuz dairəsinə aid olan ərazilərə yenidən qayıdışdır. Buna Yaxın Şərq də daxildir, İran da.

«Hələb qatili” adlandırılan Qasim Süleymaninin ABŞ tərəfindən “ləğv edilməsi”ndən sonra İran ABŞ-a qisas hədə-qorxusu gəlsə də, intiqamın səsi-sorağı çıxmadı. Əlbəttə, hazırda İranın öz reputasiyasını bərpa etmək üçün göstəriş xatirinə intiqam səhnəsi düzənləməsi lazım gəlir. IHS Markit ekspert şirkətinin Yaxın Şərq üzrə risk qiymətləndirmə şöbəsinin rəhbəri Firas Modad, ABŞ və İran arasındakı böhranın “qeyri-müəyyən qarşıdurma” ssenarisinə uyğun inkişaf edəcəyini, müharibə olmayacağını söyləyir.

ABŞ və İran arasındakı böhran iranlı general Qasim Süleymaninin yanvar ayının əvvəlində İraqda Amerikanın xüsusi əməliyyatı nəticəsində ölümündən sonra daha da kəskinləşdi. İran buna “qisas qismində” ABŞ hərbi kontingentinin yerləşdiyi İraqdakı bazalara raket atəşi ilə cavab verdi. Bundan sonra İran “sentrifuqların sayına dair nüvə anlaşmasında son əsas məhdudiyyətdən” imtina etdiyini açıqladı və nüvə proqramına dair işləri bərpa etmək üçün heç bir məhdudiyyət qalmadığını bildirdi.

İranın nüvə silahına sahib olmasının qarşısını almaq məsələsinin kökü 2015-ci ildən başlayır. Mövcud, qeydiyyatda olan nüvə obyektləri bunlardır: Ənarak, Ərak, Ərdakan Bonab, Buşehr, Çalus, Darhovin, Fordo-Qum, Isxafan, Kerej, Laşkar Abad, Lavizan (Tehran), Natanz, Parşin, Saqhand, Yəzd, Tehranda bir reaktor.

2015-ci ildə “Altılıq”(İngiltərə, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa) və İran Birgə Hərtərəfli Fəaliyyət Planına nail olduqlarını elan etdilər. Razılaşma İranın nüvə proqramının məhdudlaşdırılması qarşılığında sanksiyaların ləğv edilməsini nəzərdə tuturdu. Müqavilə qəbul edildiyi şəkildə üç il də davam etmədi: 2018-ci ilin mayında ABŞ ondan birtərəfli çıxdığını və İslam Respublikasına qarşı sərt sanksiyaların bərpa olunduğunu elan etdi. Bunun qarşılığında İran razılaşma çərçivəsində öhdəliklərinin mərhələli şəkildə azaldığını elan etdi. Sazişdə təmsil olunan avropalı iştirakçılar isə müqaviləni davam etdirmək niyyətlərini açıqladılar.

Ümumiyyətlə, guya, düşmən olduğu dövlətlərlə pərdə arxasında əməkdaşlıq etmək İran dövlətçiliyinə yad deyil. ABŞ-la Əfqanıstanda “gözəl əməkdaşlıq” edən İranın Vaşinqtonla gərginliyi necə baş verdi? Əslində, Barak Obamanın dövründə imzalanan nüvə anlaşması İrana regional siyasətdə manevr etmək imkanı verdi, ona nəfəs aldırdı. Nəticədə ölkə İraq və Suriyadakı hərbi varlığını ciddi şəkildə artırdı. Trampın prezidentliyi dövründə Çinə elan etdiyi ticarət müharibəsi çərçivəsində İrana da təzyiqləri gözlənilən idi. Bu yaxınlarda Yəmənin Səudiyyə tərəfindən dəstəklənən anti-İran yönümlü hökumət kabineti üzvlərinin elə hava limanındaca təyyarədən enərkən hücuma uğraması da İrana bu ölkədəki nüfuzunu yayma siyasətinə altdan uzanan əlin dəstəyi idi.

İki gün əvvl Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunying paytaxt Pekində təşkil etdiyi mətbuat konfransında, “Bütün tərəflərin təcili olaraq ABŞ-ı hərtərəfli razılaşmaya – nüvə razılaşmasına – qayıtmağa məcbur etmələri lazımdır”, – dedi. İrana qarşı tətbiq olunan bütün sanksiyaların qeyd-şərtsiz ləğv edilməli olduğunu bildirən Hua, hərtərəfli razılaşmanın yenidən yoluna qoyulması üçün lazımi şərtlərin yaradılmasının vacibliyinə diqqət çəkdi. Hua ayrıca İranın nüvə məsələsinə qarışan bütün tərəfləri sakit və təmkinli olmağa, hərtərəfli razılaşmanın qorunması ilə bağlı konsensusa sadiq qalmağa, gərginliyin artmasından çəkinməyə və diplomatik səylərə yer verməyə çağırdı.

Çin-İran əlaqəsini analiz edərkən bəzi məqamlara diqqət yetirmək lazımdır. Xatırladaq ki, hələ 2016-cı ildə prezident Si Jinpinqin İrana səfəri daha sonra Çin-İran arasında 25 illik enerji müqaviləsi imzalanması ilə nəticələndi. Çin ilə Əhatəli Strateji Əməkdaşlıq sazişi çərçivəsində “yol xəritəsi”nin razılaşdırılması məqsədi ilə avqustun sonunda xarici işlər naziri Cavad Zərif Çinə səfər etmişdi. Bu barədə iddia “Petroleum Economist” saytında yayılan məqalədə irəli sürülmüşdü. İran Neft Nazirliyinin yüksək rütbəli məmuru sayta bildirmişdi ki, Zərifin Çin səfəri zamanı 25 illik anlaşma əldə olunub və bu anlaşma neft-qaz sektorunda qlobal səviyyədə enerji sektorunda dəyişiklik yaradacaq. Hansı ki, anlaşmanın əsas hissəsini Çinin İranın neft, qaz və neft kimyası sahəsinin inkişafına 280 milyard dollar sərmayə qoyulması nəzərdə tuturdu. Bundan başqa, anlaşmada İranın nəqliyyat və sənaye strukturunu inkişaf etdirmək üçün əlavə olaraq 120 milyard dollar dəyərində yatırım qoyulması nəzərdə tutulmuşdu. Bu anlaşmaya əsasən, Çin firmalarına İranın yeni, fəaliyyətini dayandırmış və tamamlanmamış enerji mərkəzlərində sifariş almaqda öncəlik tanınmalı idi.

Bu anlaşmanın daha bir maraqlı tərəfi ondan ibarət idi ki, Tehran və Pekin arasında əldə olunmuş anlaşmaya əsasən Çinin İrandakı layihələrini qorumaq məqsədi ilə bu ölkəyə 5 minə yaxın hərbi qüvvə yerləşdiriləcək. Bundan başqa İranda istehsal olunan neft və neft-kimya məhsullarının Çinə təhlükəsiz daşınması üçün əlavə canlı qüvvə və texnika, yəni gəmi ayrılmalı idi. Buraya, lazım gəldiyində, Fars körfəzindən istifadə də daxildir.

Məqalədə eyni zamanda iddia olunurdu ki, anlaşmaya əsasən, Çin İrandan neft-qaz və neft-kimya məhsullarını 12 faiz daha ucuz qiymətə almaq və bu zaman Çin şirkətlərinə iki illik ləngimə imkanı tanınacaqdı. O cümlədən, bu anlaşmada iki ölkə ticarətində ABŞ dollarından istifadə olunmamaq və ödəmələrdə isə Almaniya, Avstriya və bir Türkiyə bankından istifadə də nəzərdə tutulurdu. Layihəyə eyni zamanda Pekindən Londona qədər uzanacaq tarixi “İpək Yolu” layihəsini canlandırmaq daxildir. Bu da o deməkdir ki, İran da “İpək Yolu”na daxil ediləcək.

Müqavilədə Çinin iranlı işçiləri işə cəlb etməsi maddəsi də var. Bu da İranda işsizliyin azalmasına xidmət edəcək.

Maraqlıdır ki, anlaşmada Çinin Sincan Uyğur bölgəsindən başlayaraq Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın da daxil olduğu Avropaya qədər uzanan 2300 kilometr uzunluğu olan “İpək Yolu” xəttinin İrandakı bir dayanacağı da Təbriz olacaq. Xatırladaq ki, İran XİN rəhbəri Cavad Zərif buna dair Uzaq Şərq səyahətinə çıxmış, Çin, Yaponiya və daha bir neçə ölkədə olmuşdu. İndi isə məlum olur ki, Pekin və Tehran arasında böyük həcmdə yatırımdan söhbət gedir. 400 milyardlıq yatırım İran kimi 40 ildən çoxdur embarqolar altında olan ölkə üçün böyük nəfəslikdir.

Məlum olduğu kimi, İran dünyanın ikinci qaz ölkəsi, 3-cü neft ölkəsidir. İranın təsdiq edilmiş neft ehtiyatları 157 milyard barel, qaz ehtiyatları 33,6 trilyon kub metrdir. Bu isə böyük potensialdır. İran hazırda minimal ölçüdə neft və qaz sata bilir. ABŞ hökumətinin sanksiyalarından sonra Tehran neft satışını azaldıb. İranın əsas neft alıcısı Çindir. Yaxın Şərq və Afrikada fəaliyyətlərini genişləndirən Çinin məhz təhlükəsizlik və sabitlik faktorunu əsas götürərək İranla anlaşdığı güman edilir.

Digər tərəfdən, İran həm də strateji nöqtədə yerləşir və Yaxın Şərqə çıxış əldə etmək istəyən Çin üçün əlverişli ölkədir. Nəhayət, ABŞ-la “ciddi münaqişə”də (əslində ciddi münaqişə yoxdur, butün olanlar görüntüdür, İrana islam ümmətinin liderliyinə bəraət qazandırmaq üçün düzənlənən oyundur) olan Tehranın hazırkı siyasəti Çinlə uyğun gəlir. Həm də iqtisadi baxımdan daha ucuz neft və qaz alacaq Çin üçün bu anlaşma əlverişlidir. Tehran isə Çin vasitəsilə böyük neft alıcısını qoruyub saxlayır.

Əlbəttə, Livan və “Hizbullah”ı da unutmamalıyıq. ABŞ və İsrailin İranın yüksək çinli rəsmilərinə “hücumları”ndan sonra, İran İnqilab Keşikçiləri Ordusunun Hava Qüvvələri Komandiri Əmir Əli Hadzzadənin “Livan və Qəzza İsrail işğalına qarşı cəbhədədir” ifadəsi mübahisələrə səbəb oldu. Livanda “Hizbullah” rəhbəri Həsən Nəsrullah İranın açıqlamalarını dəstəkləyərkən, prezident Mişel Avn isə “Livanlılar vətənlərinin müstəqilliyi, torpaqları və sərhədləri naminə suverenlik və qərar qəbul etmək azadlığında heç kimlə ortaq deyillər“, – dedi. Livandan bu mövzuda fərqli fikirlərdə olan adamlar İran və İsrail arasında ölkənin cənubunda qarşıdurma ehtimalını qiymətləndirdi. Livanın keçmiş rəhbəri Haririnin Gələcək Partiyasından olan millət vəkili Məhəmməd əl -Həcər İranın açıqlamalarına cavab olaraq, “İran, Ərəb bölgələrində yerləşdirdiyi silahlardan istifadə etmək, mövqelərini möhkəmləndirmək və təsirlərini artırmaq istəyir“, – dedi. O, “Livanda müharibə və sülh qərarıHizbullah”ın və ya İranın əlində deyil, Livanda olmalıdır. Bu vəziyyət, silahların dövlətə təslim edilməsi ilə bağlı israrımızı əsaslandırır”, – deyə fikrini ifadə etdi. Livandakı “Hizbullah”ın ölkəni İsrail istilasından qoruduğunu iddia edərək, raketlər də daxil olmaqla, inkişaf etmiş silahlara sahib olduğunu xatırladan Haccar, bunun “qanunsuz” olduğunu bildirdi. Livanlı general Xalid Həmadə isə İranın İsrail və ABŞ ilə gərginliyinin çoxdan bəri olduğunu xatırladaraq, “Qarşılıqlı təhdid açıqlamaları yeni deyil. Bu dəfə edilən təhdidlərin daha ciddi olduğunu düşünmürəm. İran çətin vəziyyətdədir, ABŞ ilə silahlı qarşıdurmaya girə bilməz. Eynilə İsrail də Livana qarşı kiçik miqyaslı əməliyyat başlatmaq istəmir”, – deyə vəziyyəti qiymətləndirdi. İsrailin İranın Suriyadakı altyapısını hər həftə məhv etdiyini bildirən Hamade, “Livan torpaqlarından İsrailə qarşı bir hərbi əməliyyat olacağını düşünmürəm, xüsusən də Tehran rəhbərliyi bu hücumdan bir şey əldə edə bilməz”, – deyə bildirdi.

Bəs, baş verən bu proseslər yaxın tarix üçün nə vəd edir? İran üzərində iki dünya nəhənginin – Çin və ABŞ-ın qarşıdurması regionda hansı xoşagəlməz hadisələrə gətirib çıxara bilər? Azərbaycan bu qarşıdurmada tərəfə çevrilməlidirmi və bu halda ölkəmizin seçimi necə olmalıdır?

Bu və digər suallara yazımızın ikinsi hissəsində aydınlıq gətirəcəyik.

Ülviyyə ŞÜKÜROVA