“Region Liqasında Qarabağ regionunun yaradılması ilə bağlı işlər görüləcək”

144
Fərrux İsmayılov yeni vəzifədə hədəflərini açıqladı
Xəbər verdiyimiz kimi, AFFA-nın Kütləvi Futbol Departamentinə yeni rəhbər təyin olunub. Bu vəzifəni millinin sabiq üzvü, “Neftçi”nin U-16 komandasının baş məşqçisi Fərrux İsmayılov yerinə yetirəcək. O, uzun illər yığmada birgə çıxış etdiyi Cahangir Həsənzadəni əvəz edib. Sabiq qolkiper isə Bernard Lippertdən sonra boş qalan AFFA-nın texniki direktoru vəzifəsində çalışacaq.
Yeni işində uğurlar arzulamaq və təyinatı ilə bağlı fikirlərini öyrənmək üçün Fərrux İsmayılovla əlaqə saxladıq. Sabiq forvard “Futbol+”ə açıqlamasında əvvəlcə Kütləvi Futbol Departamentinin rəhbəri vəzifəsinə təyin olunması barədə danışdı: “AFFA-dan məsləhət bilindi ki, bu postda olum. Elxan Məmmədov mənə bu vəzifəni layiq bildi. Bu səbəbdən də ona xüsusi təşəkkürümü bildirirəm. Keçidlə bağlı “Neftçi” rəhbərliyi ilə danışdım. Onlar da mənə dəstək oldular. Bu məndə bir qədər də özünəinam yaratdı. Klub rəsmiləri ilə halallaşdıqdan sonra Kütləvi Futbol Departamentinin yeni rəhbəri olmağa razılıq verdim. Bir daha federasiyada məni bu vəzifəyə layiq bilənlərə, şəxsən Elxan Məmmədova təşəkkürümü bildirirəm”.
İsmayılov pandemiya üzündən Kütləvi Futbol Departamentində bir sıra tədbirlərin icrasının dayandırıldığını söylədi: “Uzun illərdi futbol camiəsindəyəm. Bu işi bilən biriyəm. İlk işim Cahangir Həsənzadənin gördüyü işlə tanış olmaq oldu. Həqiqətən də departament rəhbəri kimi çox böyük işlər görüb və həyata keçirib. İndi pandemiya ilə bağlı burda bir sıra tədbirlərin həyata keçirilməsi dayandırılıb. Lakin tezliklə yarımçıq qalan və yeni layihələrə start verəcəyik”.
Fərrux bəy Kütləvi Futbol Departamentinin əsas məqsədlərindən birinin işğaldan azad olunan torpaqlarda futbolun daha da inkişaf etdirilməsi olacağını qeyd etdi: “Cahangir bəyin dövründə Cocuq Mərcanlıda çox əla işlər görülüb. İndi gözləyirik ki, bütün torpaqlarımız işğaldan azad olunsun. Bundan sonra AFFA olaraq bir çox tədbirlər həyata keçirəcəyik. Əsas məqsədlərdən biri həmin rayon və şəhərlərinin futbol klublarını yaratmaq olacaq. Bu komandaların Region Liqasında iştirakını təmin edəcəyik ki, bunu da AFFA rəsmən açıqlayıb. Əsas hədəflərdən biri də budu ki, Region Liqasında Qarabağ regionunun yaradılması ilə bağlı işlər görülsün. Əhalimiz orda məskunlaşandan sonra futbolla bağlı çoxlu layihələr həyata keçirəcəyik. İndiki halda xırda addımlar atırıq. Müharibə tam bitəndən sonra prosesləri sürətləndirəcəyik”.
Fərrux bəy AFFA-nın gənc mütəxəssisləri futbol funksionerləri kimi təyin etməsinə də münasibət bildirib: “Mən başa düşə bilmirəm ki, niyə gənclər vəzifəyə təyin olunanda deyilir ki, qocalar qaldı, qocalar olanda isə əksinə. Federasiya rəhbərliyi mənə güvənib və inanıb. Mən də əlimdən gələnin artığını edəcəm ki, onları yanıltmayım. Məndən öncə Cahangir Həsənzadə bu vəzifədə idi. Qıraqdan onun etdikləri görünməyə bilər, amma bu departament üçün çox işlər həyata keçirib. Federasiyada çalışan biri olsaz və ya bizim departament barədə maraqlansaz, onun həyata keçirdiklərini görüb, təəccüblənərsiz. Düzdü, mən Cahangir Həsənzadədən bir yaş böyüyəm.
Amma gənc biri olaraq mənə olan güvəni doğruldacam. Çünki futbolun içində olmuşam və bu sahədən kifayət qədər anlayışım var. Bu gün bizim kimi gənclərlə inkişaf yolu tutmaq olar. Çünki illərlə Azərbaycan futboluna xidmət etmişik. AFFA başbilənlərinin bizə inanıb, güvənməsi, departamentlərdə vəzifələrə təyin etməsi alqışlanası addımdı”.