“Hadı Rəcəbli qızının yeni şirkətinin təmtəraqlı təqdimatını onun qeydiyyata alınmasından 3 ay əvvəl Central Park Oteldə təşkil etmişdi.
“Tourinvest” MMC səhiyyə və turizm sektorunu bir araya gətirir, bağlantıları Türkiyə və Qazaxıstana qədər uzanır. Qısa müddət ərzində beynəlxalq biznes şəbəkəsinə çevrilən TOURMEDİST-in Amerika, İsrail, İngiltərə, Hindistan, Cənubi Koreya və Yaponiyada 400-dən artıq klinikaya çıxışı var.
2016-cı ildə eyni adla İstanbulda qeydiyyatdan keçən TOURMEDİST SAĞLIK HİZMETLERİ EĞİTİM TURİZM MEDİKAL ÜRÜNLER VE DANIŞMANLIK LTD. şirkətinə isə Rəcəblilər ailəsinin türkiyəli ortağı Osman Toker rəhbərlik edir. İstanbul Ticaret Odasında təsdiq edilmiş qeydiyyat sənədlərinə görə İstanbulun Zeytunburnu Çırpıcıyolu 5/3G/C ünvanında yerləşən şirkət müalicə və cərrahiyyə klinikalarında sahib olmaq, tibbi alət, cihaz və avadanlıqların satışını təşkil etmək hüququna malikdir.
Tourmedist səhiyyə turizmi şəbəkəsinə daxil olan 3-cü mərkəz isə 2016-cı il avqustun 27-də Qazaxıstanda açılıb. Paytaxt Nur-Sultanın Esil rayonu, Kurqaldjinskoe 8 ünvanında TOURMEDIST TOO (ТОВАРИЩЕСТВО С ОГРАНИЧЕННОЙ ОТВЕТСТВЕННОСТЬЮ “TOURMEDIST”) hüquqi adı ilə qeydiyyata alınmış şirkətə də Osman Toker rəhbərlik edir. 2018-ci il maliyyə hesabatına görə Qazaxıstandakı şirkətin dövriyyəsi 362.880 dollar təşkil edib.
Osman Tokerle Hadı Rəcəblinin ailə üzvlərinin ortaqlığı təkcə sağlıq turizmi sahəsi ilə məhdudlaşmır, o həm də sabiq deputatın qızına məxsus olan və ötən ilin fevralında qeydiyyatdan keçmiş “ATOMİYUM” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisidir.
Biznes şəbəkəsinə aid https://atomyum.com/ saytından məlum olur ki, şəbəkənin Azərbaycandan başqa daha iki ölkədə – Belçikada (Leuvensesteenweg 49, 1932 Zaventem, Brussels) və ABŞ-da (4701 Patrick Henry Dr Building 25, Santa Clara, CA 95054, USA) da icarəyə təklif olunmuş iş mərkəzləri var.
















