“Ərdoğanın Azərbaycana səfəri hər iki tərəf üçün faydalı oldu”

9

Elxan Şahinoğlu: "Türkiyə bir çox dövlətlə əməkdaşlığı məhz Yüksək Səviyyəli Əməkdaşlıq Şuralarının iclasları vasitəsilə nizamlayır"

"Rəsmi Bakı Türkiyənin Suriyada və İraqda terrorçulara qarşı mübarizəsini və bölgədəki maraqlarının qorunması siyasətini dəstəkləyir"

Azərbaycan prezidenti İlham Əliyev və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə fevralın 25-də Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib. Qeyd edək ki, tədbir başa çatdıqdan sonra tərəflər arasında bir neçə mühüm sənədlərinin imzalanması mərasimi olub. Belə ki, ölkə başçıları "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının səkkizinci iclasının Protokolu"nu imzalayıblar.

Bundan başqa, "Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumu (DEİK) arasında əməkdaşlığa dair 2020-2021-ci illəri əhatə edən Fəaliyyət Planı", "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisi arasında inteqrasiya olunmuş xidmətlər mərkəzinin və dövlət xidmətlərinin rəqəmsallaşdırılması üçün texniki infrastrukturun yaradılması haqqında Anlaşma Memorandumu", "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti ilə Türkiyə Radio Televiziya Qurumu arasında əməkdaşlıq Protokolu", "2013-cü il noyabrın 13-də Ankara şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında Saziş"ə Əlavə Protokol", "Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti layihəsi ilə bağlı Anlaşma Memorandumu", "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi", "2012-ci il sentyabrın 11-də imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında texniki tənzimləmə, standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və metrologiya sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Türkiyə Rəqabət Qurumu arasında rəqabət siyasəti sahəsində əməkdaşlıq Protokolu", "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlıq haqqqında Saziş", "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi-maliyyə əməkdaşlığı haqqında Saziş", "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında maliyyə yardımının tətbiqi haqqında Protokol", "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı vizadan azadetmə haqqında Saziş" imzalanıb.

Bu il Azərbaycan-Türkiyə birgə hərbi təlimləri daha da çox olacaq

Onu da nəzərinizə çatdıraq ki, tədbirdə çıxış edən İlham Əliyev Azərbaycanın beynəlxalq arenada bütün məsələlərdə daim Türkiyənin haqq işini dəstəklədiyini bəyan edib. "Elə bir məsələ olmayıb və əminəm ki, olmayacaq ki, Azərbaycan öz dəstəyini Türkiyəyə göstərməsin" deyən ölkə başçısı bildirib ki, hazırda bölgədə gedən proseslərdə Azərbaycan dövləti və Azərbaycan xalqı birmənalı şəkildə Türkiyə dövləti və Türkiyə xalqının yanındadır: "Bizim birliyimiz əbədidir. Bu möhkəm təməl üzərində öz gələcəyimizi qururuq. Ona görə də Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası xüsusi əhəmiyyətə malikdir. Çünki dünya miqyasında bir-birinə yaxın olan ölkələr bu gün öz gələcək iş birlikləri, əməkdaşlıqları barədə qərar qəbul ediblər". Prezident onu da əlavə edib ki, Azərbaycan Türkiyədən müasir silahların alınmasını davam etdirəcək: "Təkcə keçən il 13 birgə hərbi təlim keçirilib, bu il təlimlər daha da çox olacaq. Azərbaycan Türkiyədən müasir silahların alınmasını davam etdirəcək. Birgə istehsalın təşkil edilməsi barədə də danışmışıq".

"Qarşılıqlı investisiyaların həcmi 10 milyardlarla dolları keçirsə, deməli ticarət mübadiləsinin həcmini yaxın 3 il ərzində 15 milyard dollara çatdırmaq problem olmamalıdır"

Картинки по запросу "Elxan Şahinoğlu"

Beləliklə, "Hürriyyət"in məlumatına görə, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası ilə bağlı fikirlərini bölüşən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, ölkə başçısı İlham Əliyev əməkdaşlığın müxtəlif istiqamətləri haqqında danışarkən, hərbi sənaye kompleksləri arasında əməkdaşlığa xüsusi önəm verdiklərini vurğulayıb: "İlham Əliyev Türkiyədən yeni hərbi texnika alacağını bildirdi. İlham Əliyevin bu açıqlamasına Rəcəb Tayyib Ərdoğan bu sözlərlə dəstək verdi: "Ordularımızın güclü olması önəmlidir. Bu baxımdan müdafiə sənayelərimizin gücləndirilməsi önəmlidir". Beləliklə, hərbi əməkdaşlığın yeni mərhələsi gəlir. İki ölkə gələcəkdə birgə hərbi texnika istehsal edəcək. Ərdoğan onu da xatırlatdı ki, terrorla mübarizədə də iki dövlət əməkdaşlıq edir. Ərdoğan buna misal kimi FETÖ terror təşkilatı ilə mübarizədə Türkiyəyə ən çox dəstək verən Azərbaycan olduğunu göstərdi. İkincisi, Rəcəb Tayyib Ərdoğan Bakıda dedi ki, iki ölkə arasındakı ticarət mübadiləsinin həcmini indiki 4 milyard 500 milyon səviyyəsindən 2023-cü ilə qədər 15 milyard dollara çatdırmaq lazımdır. Ərdoğan ticarətdə yüksək hədəfləri əməkdaşlıq etdiyi dövlətlərin liderlərinin hər biriylə görüşdə səsləndirir".

Politoloqun sözlərinə görə, Türkiyə bir çox dövlətlə əməkdaşlığı məhz Yüksək Səviyyəli Əməkdaşlıq Şuralarının iclasları vasitəsilə nizamlayır: "Bir neçə il əvvəl Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 2 milyard dollar idi. O zaman Ərdoğan hədəf kimi ticarət mübadiləsini 10 milyard dollara çatdırmağı göstərirdi. İndi isə Ərdoğan hədəfi daha da böyüdərək 15 milyard dollar rəqəmini səsləndirir. Bu mümkündür. Türkiyənin Azərbaycana yatırdığı investisiyaların həcmi 11 milyard, Azərbaycanın Türkiyəyə yatırdığı investisiyanın həcmi isə 20 milyard dollara yaxınlaşır. 10 il əvvəl iki ölkənin investisiyaları bu rəqəmlərdən xeyli geri qalırdı. Qarşılıqlı investisiyaların həcmi 10 milyardlarla dolları keçirsə, deməli ticarət mübadiləsinin həcmini yaxın 3 il ərzində 15 milyard dollara çatdırmaq problem olmamalıdır. Əsas odur ki, Ərdoğanın dediyi kimi, müvafiq nazirliklər bu istiqamətdə fəaliyyətlərini və qarşılıqlı əlaqələrini genişləndirsinlər".

"Ankara Naxçıvanın inkişafı və sosial problemlərinin həlli üçün dəstəyini azaltmayacaq"

Ərdoğanın Bakıda bir daha Türkiyədən Naxçıvana həm dəmiryol, həm də 160 kilometrlik qaz xəttinin çəkiləcəyini təkrarladığını deyən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri hesab edir ki, bu layihələrin reallaşması Naxçıvan üçün olduqca vacibdir: "Doğrudur, hazırda öldürücü virusun yayılmasının qarşısının alınması məqsədilə Türkiyənin Naxçıvanla sərhəddi bağlanıb. Ancaq bu müvəqqəti xarakter daşıyır. Bu gün Naxçıvanın iqtisadiyyatı Türkiyə ilə daha çox bağlıdır. Ankara Naxçıvanın inkişafı və sosial problemlərinin həlli üçün dəstəyini azaltmayacaq. Beləliklə, Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri hər iki tərəf üçün faydalı oldu. Ərdoğan bölgədə yaranan ağır durum fonunda Azərbaycana səfər edib. Türkiyə cümhurbaşqanının Azərbaycanla əməkdaşlığı misal gətirərək "dörd tərəfdə terror hadisələri baş verdiyi bir vaxtda Azərbaycan və Türkiyə sabitlik adasıdır" sözləri də bundan xəbər verir. İlham Əliyevin "hazırda bölgədə gedən proseslərdə Azərbaycan dövləti və Azərbaycan xalqı birmənalı şəkildə Türkiyə dövləti və Türkiyə xalqının yanındadır" ifadəsi isə ona işarədir ki, rəsmi Bakı Türkiyənin Suriyada və İraqda terrorçulara qarşı mübarizəsini və bölgədəki maraqlarının qorunması siyasətini dəstəkləyir. İlham Əliyev "Türkiyə dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkədir" fikrini bir daha səsləndirməyi də unutmadı. Türkiyə Qarabağ məsələsində Azərbaycanı dəstəkləyirsə, Azərbaycan da Türkiyənin bölgədə həyata keçirdiyi siyasəti dəstəkləyir".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org