ƏRDOĞANIN QƏLƏBƏSİ TÜRKİYƏYƏ NƏ VƏD EDİR?

    6

    Natiq Miri: “Bu seçki Türkiyənin təhlükəsizliyi baxımından strateji əhəmiyyətə malik idi”

    “Xalq Ərdoğanın apardığı güclü Türkiyə siyasətinə “davam” sözünü ortalığa qoydu”

    Türkiyədə iyunun 24-də keçirilən prezident və parlament seçkiləri zamanı Milliyyətçi Hərəkat Partiyası (MHP) və Böyük Birlik Partiyası (BBP) ilə ittifaq quran iqtidardakı Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 52.5% səs toplayaraq yenidən prezident seçilməsi regionda və dünyada maraqla izlənilən bir prosesdir. Çünki dünya, xüsusən də Qərb dövlətləri Türkiyənin regionda güclənməsini həzm edə bilmirlər. Hətta 24 İyun seçkilərini dəyərləndirən Avropa Parlamentinin Türkiyə üzrə məruzəçisi Qatı Piri nəticələri həzm etməyərək seçkilərin “ədalətli bir şəraitdə” keçirilmədiyini iddia edib: “Bu seçkilər normal şəraitdə keçirilmədi, insanlar təhdid edilib”.

    Piri Türkiyədəki Prezidentlik sisteminin Avopa Birliyi dəyərlərinə uyğun olmadığını da dilə gətirib.

    Əslində, Ərdoğanın əsas rəqibi Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncənin bəyanatı bu seçkilərin normal şəraitdə keçdiyini, insanların təhdid edilmədiyini ortaya qoyur.

    ““Həyat yoldaşımı qaçırıblar, məni təhdid ediblər” kimi, belə şeylər olmadı. Cənab Ərdoğan, xahiş edirəm, artıq bu gündən sonra AK Partiyanın başçısı kimi davranmayın, 81 milyonun prezidenti olun. Artıq hər birimizin prezidentisiniz. Mən seçilsəm elə edəcəkdim. Hamını qucaqlayacaqdım. “Xeyr” blokunun 16 aprel referendumundan az səs alması mütləq izahat istəyir. Bizim partiyadaşlarımızın verdiyi rəqəmlərlə Mərkəzi Seçki Komissiyasının bizə çatdırdığı rəqəmləri arasında çox böyük fərq yoxdur. Buna görə də seçki nəticələrini qəbul edirəm”.

    Qeyd edək ki, Ərdoğanın əsas rəqibi Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə isə 31% səs toplaya bilib. Xalqların Demokratik Partiyasının (HDP) namizədi Səlahəddin Dəmirtaş 8,2%, keçən ilin payızında qurulan İyi Partiyanın namizədi Meral Akşener 7,4%, Səadət Partiyasının namizədi Temel Karamollaoğlu 0,9%, Vətən Partiyasının sədri Doğu Perinçek isə 0,2% səs toplayıb.

    Onu da nəzərə çatdıraq ki, parlament mandatı uğrunda aparılan seçki mübarizəsində də AKP-MHP-BBP-nin qurduqları “Cümhur İttifaqı” 53,6% səslə qalib gəlib. Müxalifət partiyalarının “Millət İttifaqı” adlı seçki bloku isə 34,1% səs toplaya bilib. 10%-lik bariyeri dəf edən, heç bir blokda iştirak etməyən Xalqların Demokratik Partiyasın 11.5% səs alaraq parlamentdə təmsil olunma hüququ qazanıb.

    Millət vəkillərinin sayının 550-dən 600-dək artırılmasından sonra keçirilən ilk seçkidə AKP məclisdəki çoxluğunu itirərək 293 mandat qazana bilib. Ancaq seçkiyə MHP ilə ittifaqda getdiyinə görə, 49 mandat qazanan MHP-nin AKP ilə məclisdəki ümumi mandat sayı 339-a yüksəlib ki, bu da faktiki olaraq məclis çoxluğunun təmin edilməsi deməkdir. Ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının (22.74%- 146 mandat), HDP-nin (11.7%- 67 mandat) və İyi Partiyanın (10.07-45 mandat) qurduğu ittifaq isə məclisdə çoxluğu ələ keçirə bilməyib.

    Türkiyənin prezidenti Ərdoğanın seçkilərdə qalib gəlməsindən sonra CHP-lilər, sədr Kamal Kılıçdaroğlunun istefasını, sədrin isə İncənin olmasını tələb ediblər. Hətta məlumata görə, CHP sədri Kamal Kılıçdaroğlunun, Rəcəb Tayyib Ərdoğan qarşısında aldığı 11-ci məğlubiyyətdən sonra istefa verməyə hazırlaşdığı irəli sürülüb. Bildirilir ki, 24 iyun seçki nəticələrinin məlum olması ilə CHP-nin aldığı 22 faizlik səs nisbəti bütün partiya üzvlərində şok effekti yaradıb. CHP-nin prezidentliyə namizədi Məhərrəm İncənin isə CHP-dən 10 xala yaxın çox səs alması partiyada ciddi bir lider probleminin olduğunu ortaya qoyub.

    “Seçici elektoratının yarısından çoxunun “Cümhur İttifaqına” səs verəcəyi gözlənilən idi”

    “ABŞ BU MƏSƏLƏDƏ İTİRMƏYƏ MƏHKUMDUR”

    Hazrkı Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın yenidən prezident seçilməsi ilə bağlı Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri “Hürriyyət”ə dedi ki, keçirilən rəy sorğularının böyük əksəriyyəti toplumun, yəni seçici elektoratının yarısından çoxunun məhz Ərdoğona, xüsusilə MHP ilə birgə “Cümhur İttifaqı”na səs verəcəyi gözlənilən idi: “Nəzərə almaq lazımdır ki, son dönəmlərdə artıq AKP dövlət başçısı Rəcəb Təyyub Ərdoğanın simasında daha çox milliyyətçi ruhda siyasətə üstünlük verməyə başlamışdı. Bu da təbii ki, toplum tərəfindən müəyyən qədər dəyərləndirildi. Ayrıca, Türkiyənin müstəqil geosiyasi fəaliyyəti və geosiyasi anlamda getdikcə güclü bir siyasi amil olaraq regionda və beynəlxalq səviyyədə fəaliyyət göstərməsi ölkə daxilində və xaricində PKK terroruna və digər terrorçulara qarşı qətiyyətlə apardığı mübarizə, nəhayət, Suriyada “Fərat qalxanı” və “Zeytun budağı” kimi çox məhşur olan hərbi əməliyyatlar çərçivəsində türk ordusunun bir nəfər mülki əhalinin burnu qanamadan Afrinə daxil olması təbii ki, xalq tərəfindən dəyərləndirildi. Yəni bu, gözlənilən idi. Nəticələr də bir daha göstərdi ki, xalq bu məsələyə müsbət rəy bildirdi və AKP-nin, eyni zamanda Ərdoğanın apardığı müstəqil, güclü Türkiyə siyasətinə “davam” sözünü, iradəsini ortalığa qoydu. Ona görə də, bu, tam gözlənilən və sözün əsl mənasında ən təbii seçki nəticələri idi. Çünki xalqın başqa cür nəticə ortaya qoyması türk xalqı adına doğru olmazdı. Ona görə ki, bu seçkidə AKP və yaxud Ərdoğan məsələsi önəmli deyildi, bu seçki Türkiyənin təhlükəsizliyi, gələcək iqtisadi və siyasi inkişafı, ordusunun güclənməsi, terror qarşı mübarizə və parçalanmış İslam dünyasının birləşdirilməsi yönündə böyük bir strateji əhəmiyyətə malik idi. Düşünürəm ki, türk xalqı bu imtahandan üzü ağ çıxmış oldu. Gözlənilən nəticə özünü doğrultdu”.

    “Dövlət Baxçalı hökumətdə iştirak etməyəcəyini açıq bəyan etmişdi”

    N.Miri nəzərə çatdırdı ki, Türkiyədə hökumətin qurulması məsələsində Milliyyətçi Hərəkat Partiyası koalisiyada iştirak etməyəcək: “Bu yöndə AK Partiyadan, xüsusilə də dövlət başçısı Rəcəb Tayyib Ərdoğan tərəfindən müəyyən müsbət rəy bildirilsə də, Milliyyətçi Hərakat Partiyasının başkanı Dövlət Baxçalı hökumətdə iştirak etməyəcəyini açıq bəyan etmişdi. O, Miliyyətçi Hərəkat Partiyasını funksionerlərinə hər hansı bir nazir postu ilə bağlı dəvət gəldiyi təqdirdə “Cümhur İttifaqı”ndan çıxacağını da bəyan etmişdi. Bununla Milliyyətçi Hərəkat Partiyası ortalığa qoydu ki, əslində, MHP-nin AK Partiya və onun namizədini dəstəkləməsinin kökündə əsasən Türkiyə və onu gözləyən təhlükə idi və hökumətdə hər hansı bir koalisiya təşkil etmək niyyətləri olmadığını bir daha ortalığa qoymuş oldu. Dövlət Baxçalı birmənalı olaraq bəyan etdi ki, növbəti beşillikdə həm dövlət başçısı Ərdoğanın yürütdüyü siyasəti, həm də parlament çərçivəsində bütün siyasətləri “Cümhur İttifaqı” dəstəkləyəcək. Ona görə də Milliyyətçi Hərəkat Partiyası koalisiya hökumətində iştirak etməsə belə, “Cümhur ittifaqı”nın birgə siyasətini və bir-birilərinə dəstəyin davam edəcəyini düşünürəm”.

    “Məhərrəm İncə Kılıcdaroğludan üstün olduğunu ortalığa qoymuş oldu”

    “CHP üzvləri seçkiləri uduzduqlarını görəndən sonra Kamal Kılıcdaroğlunun istefasını tələb ediblər, onun taleyi necə olacaq” sualına Natiq Miri belə cavab verdi: “Artıq Kamal Kılıcdaroğlunun Cümhuriyyət Xalq Partiyasının başında qalması problematik bir məsələdir. Çünki PKK-nın siyasi bir qolu kimi dəyərləndirilən HDP-nin növbəti dəfə parlamentə düşməsi və 67 millət vəkili qazanması məhz Cümhuriyyət Xalq Partiyasının verdiyi səslər əsasında mümkün olub. Çünki kürdlərin yaşadığı bölgələrdə, yəni quzey doğuda HDP-nin çox böyük səs düşüsü birmənalı olaraq özünü göstərdi. Əksinə, Türkiyənin qərbində məhz Cümhuriyyət Xalq Partiyasının verdiyi səslərin nəticəsində terrorçuların siyasi partiyası olan HDP parlamentə düşməklə 67 millət vəkili əldə etdi. Bilirsiniz ki, ötən seçkilərdə 25-26 faizə qədər səs alan Cümhuriyyət Xalq Partiyası indiki seçkilərdə 22 faiz səs almış oldu. Təbii ki, bu da CHP partiyadaşlarını çox qızdıracaq. Nəhayət, CHP-nin prezidentliyə namizədi Məhərrəm İncənin CHP-nin özündən 9 faiz artıq səs alması bir daha göstərdi ki, artıq Kılıcdaroğlu dönəmi CHP-də bitmişdir. O baxımdan, əgər Kılıcdaroğlu özü istefaya getmsə, bu partiyda çox böyük bir qütbləşmə və parçalanma yaradacaq. Çünki artıq son seçkilərdə Məhərrəm İncə bir daha Kılıcdaroğludan və CHP-dəki bütün lider kadrlardan daha üstün olduğunu ortalığa qoymuş oldu. Məhərrəm İncə Türkiyədə bir etiraz dalğası yaratmaqla “rəngli inqilabı” gözləyən Qərb dünyasının da maraqlarının üstündən xətt çəkmiş oldu. Bilirsiniz ki, Məhərrəm İncə dərhal özünün “tvitter” hesabında “Adam seçkini qazandı. Ərdoğan öz zəhməti ilə qazandı” deyə mesaj atmaqla dolayısı ilə Ərdoğanı təbrik etdi və onun qələbəsini tanımış oldu və bununla da Türkiyədə hər hansı bir etiraz dalğasının ortalığa çıxmasının qarşısını almış oldu. Ona görə də düşünürəm ki, bu seçkilərdə müxalif dairədə əsas qazanan fiqur məhz Məhərrəm İncə oldu. Bunun yaxın zaman çərçivəsində CHP-də ciddi mənada özünü göstərəcəyini düşünürəm”.

    Şamo EMİN, Hurriyyet.org