ƏRDOĞAN İDLİBLƏ BAĞLI AÇIQLAMA VERDİ: “Rusiya ilə danışıqlar nəticəsiz qaldı… Bir gecə qəflətən gələ bilərik!”

15

Hurriyyet.org xəbər verir ki, Türkiyə prezidenti R.T.Ərdoğan Türkiyə ilə Rusiya heyətləri arasında aparılan danışıqların nəticəsiz qaldığını söyləyib, Suriyanın İdlib şəhərində əməliyyat aparıla biləcəyini bildirib.

Başçılıq elədiyi Ədalət və İnkişaf Partiyasının (AKP) qrup iclasında çıxış edən Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin “Fərat qalxanı”, “Zeytun budağı” və “Barış bulağı” əməliyyatlarından əvvəl səsləndirdiyi “Bir gecə qəflətn gələ bilərik” mesajını verib.

Ərdoğan qısa müddət ərzində Suriyanın rejim qüvvələrinin hücumları nəticəsində 13 türk əsgərinin şəhid olduğunu və İdlibdə hərbi əməliyyatların yaxın zamanda başlanacağını söyləyib.

Müxaliflərin nəzarəti altındakı İdlib şəhərindəki böhranla bağlı Türkiyə və Rusiya heyətlərinin Moskvada apardıqları danışıqların nəticəsiz qaldığından bəhs edən Ərdoğan deyib: “İndiyə qədər təəssüf ki, arzu elədiyimiz nəticəni əldə edə bilmədik. Masadakıların bizim istədiyimiz yerdən çox uzaqda olduqları reallıqdır. Türkiyə İdlib məsələsində öz əməliyyat planını həyata keçirmək üçün bütün hazırlıqları görüb. “Bir gecə qəflətən gələ bilərik” deyirik. Yəni, İdlib əməliyyatı an məsələsidir”.

Xəbər verdiyimiz kimi, dünən Rusiyanın paytaxtı Moskva şəhərində Rusiya və Türkiyə nümayəndə heyətlərinin yerli vaxtla 10.00-da başlanan danışıqları iki saat davam eləmişdi.

Hurriyyet.org