Ramiz Mehdiyevin nəvəsinə toy etməkdə məqsədi nə idi? – YALNIZ BİZDƏ

303

Həmin mərasimin Rusiyanın hərbi gəmilərinin Bakıya gəlişindən bir gün sonraya təsadüf etməsinin səbəbləri…

Prezident Administrasiyasının sabiq rəhbəri bu yolla kim(lər)ə və hansı ismarıc göndərmək istəyib?

Bildiyiniz kimi, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq Azərbaycanda kütləvi tədbirlər, o cümlədən toy, nişan və ad günləri mərasimlərinin keçirilməsi qəti şəkildə qadağan edilib. Odur ki, sözügedən qərar qüvvəyə mindikdən sonra istər paytaxt Bakıda, istərsə də ölkənin digər şəhər və rayonlarında gizli şəkildə bu tip tədbirlər keçirən şəxslər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cəzalandırılıb. Lakin buna baxmayaraq, hələ də “Burda mən, Bağdadda kor xəlifə” prinsipiylə qanunlara saymazyana yanaşan, dövlətin adından verilən qərarlara açıq-aşkar şəkildə hörmətsizlik edənlər mövcuddur. Hurriyyet.org xəbər verir ki, misal kimi, Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevi və onun kürəkəni, eks-deputat İlham Əliyevi göstərmək olar.

Belə ki, qeyd olunan qadağaya rəğmən, avqustun 18-də Ramiz Mehdiyevin kürəkəni Novxanı qəsəbəsindəki bağ evində qızı Fidan Əliyevaya toy edib. Bununla bağlı sosial şəbəkələrdə yayılan videodan da görünür ki, Prezident Administrasiyasının sabiq rəhbəri mərasimdə iştirak edib. Bakı Dövlət Universitetinin sabiq rektoru, akademik Abel Məhərrəmov isə Ramiz Mehdiyevin şərəfinə sağlıq deyib, onun ünvanına təriflər yağdırıb. Məlumatlarda həmçinin, o da bildirilir ki, Ramiz Mehdiyev və Abel Məhərrəmovla yanaşı, deputat Siyavuş Novruzov və onun xanımı, ombudsman Səbinə Əliyeva da məclisdə iştirak edənlər sırasında olub.

Nəzərinizə çatdıraq ki, sözügedən olayla bağlı videogörüntülər sosial şəbəkələrdə yer aldıqdan sonra həm sadə vətəndaşlar, həm millət vəkilləri, həm də siyasilər bu barədə mövqelərini bildirib və qadağaya baxmayaraq, Ramiz Mehdiyevin nəvəsinin toyunun keçirilməsini haqlı olaraq tənqid ediblər. Lakin nədənsə çoxu məsələnin əsas mahiyyətinə ya vara bilməyib, ya da Prezident Administrasiyasının sabiq rəhbərinin qəzəbinə tuş gələ biləcəklərindən ehtiyat etdikləri üçün səbəblərdən ancaq ən bəsiti üzərində dayanıblar. Təbii ki, Hurriyyet.org olaraq, biz də hesab edirik ki, hər biz Azərbaycan vətəndaşı kimi Ramiz Mehdiyev, onun kürəkəni və həmin məclisdə iştirak edən bütün digər şəxslər sözsüz şəkildə qanunlara əməl etməli, dövlətin adından verilən qərarlara hörmətlə yanaşmalıdırlar. Odur ki, sadə vətəndaşlara toy, nişan və ya ad günü keçirmək qadağan edildiyi kimi, eyni münasibət vəzifə sahiblərinə, məmurlara, imkanlı şəxslərə də tətbiq olunmalı, onlar da qanunu pozduqlarına görə cəzalandırılmalıdırlar. Lakin məsələnin əsas mahiyyəti ondan ibarətdir ki, Ramiz Mehdiyev qadağalara baxmayaraq, nəvəsinin toy məclisini təşkil etməklə, ölkə rəhbərliyinə gövdə göstərisi edib. Yəni, Prezident Administrasiyasının sabiq rəhbəri bu yolla hələ də ayaqda olduğunu, ölkədə əsas söz sahibi kimliyini qoruduğunu və müxtəlif kritik nötqələrə təsir gücünün heç də azalmadığını aşkaranə şəkildə nümayiş etdirməyi planlaşdırıb. Müvafiq rəsmi qurumların sözügedən toy məclisinə dair verdiyi açıqlamalar, o cümlədən onların olub-bitənlərə seyirci mövqe sərgiləməsi belə deməyə əsas verir ki, Ramiz Mehdiyev məqsədinə nail olub. Və hələ də təsir gücünün, mövqelərinin qətiyyən zəifləmədiyini bütün Azərbaycana, hətta ölkədən kənardakı qüvvələrə belə, sübut edə bilib. Məsələn, Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi ilə bağlı yayılan görüntülər barədə yeniavaz.com-a açıqlama verən Daxili İşlər Nazirliyinin mətbuat katibi Ehsan Zahidov belə deyib: “Ona açıqlama verdilər, dedilər ki, toy deyil, mən haradasa oxudum. Kimsə çıxıb dedi ki, o toy deyil, bir neçə nəfərin iştirakı ilə olan toplantı olub”. Gördüyünüz kimi, Daxili İşlər Nazirliyi rəsmisi sözügedən məclisi toy kimi deyil, toplantı kimi qiymətləndirib. Halbuki, sosial şəbəkələrdə yayılan videogörüntülərdən də aydın olur ki, aşkar şəkildə toy məclisi təşkil olunub. Daxili İşlər Nazirliyinin məsələyə bu cür laqeyd, hətta belə demək mümkündürsə ehtiyatlı formada reaksiya verməsi ondan xəbər verir ki, DİN-də hələ də Ramiz Mehdiyevə biət edənlər, onun hökmranlığını qəbul edənlər və əmrinə müntəzir, qarşısında amadə duranlar var. Yəqin, elə buna görədir ki, rüşvət və korrupsiyaya qurşanmış, vəzifə səhlənkarlığına yol verən, icra başçıları, nazir müavinləri və yüksək çinli məmurların həbsi kimi önəmli bir əməliyyatı Daxili İşlər Nazirliyi deyil, Dövlət Təhlükəsizlik Xidməti həyata keçirir. Əgər tez bir zamanda DİN-in Ramiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı qanunamüvafiq tədbirlər gördüyünün şahidi olmasaq, o zaman bu, deyilənlər öz təsdiqini tapıb deməkdir. Bu həm də Daxili İşlər Nazirliyində “Ramizsevərlərin” hələ də proseslərə təsiredici qüvvə olduğunu isbatlayacaq. Odur ki, ölkə rəhbərliyi, həmçinin müvafiq qurumlar bu məsələyə xüsusi diqqət ayırsalar yerinə düşər. Çünki DİN-də Ramiz Mehdiyevin əmrinə müntəzir olanların mövcudluğu ümummilli maraqlar baxımımdan ölkəmiz üçün yaxşı nəsə vəd etmir.

Prezident Administrasiyasının sabiq rəhbərinin qanunları ayaqlar altına alaraq, dövlətin adından verilən qərarlara saymazyana yanaşaraq nəvəsinə toy etməsinin səbəblərindən biri də kimin hələ də onun yanında olduğunu, kimlərin isə qarşısında saf aldığını dəqiqləşdirməkdir. Bəli, Ramiz Mehdiyev bu istəyini reallaşdırmağa müvəffəq oldu. Bununla da AMEA-nın prezidenti artıq “qara siyahı”sına salınacaq adamları dəqiqləşdirə, yanındakılara isə “Qorxmayın, mən hələ ölməmişəm, arxanızdayam” mesajını verə bildi.

Bu arada, məsələnin maraqlı və bir o qədər də düşündürücü tərəfi ondadır ki, Ramiz Mehdiyevin nəvəsinin toyu, Azərbaycanda Türkiyə ilə birgə hərbi təlimlər keçirdiyimiz vaxt Rusiyanın rəsmi Bakıya “göz dağı” verməsi üçün hərbi gəmilərinin ölkəmizin Xəzər dənizindəki ərazi sularına gəlişindən bir gün sonraya təsadüf edir. Ramiz Mehdiyevin çoxları tərəfindən Rusiyanın Azərbaycandakı canişini kimi xarakterizə olunduğunu nəzərə alsaq, qəti əminliklə demək olar ki, Prezident Administrasiyasının sabiq rəhbərinin nəvəsinin toyu məqsədli şəkildə həmin günə təyin olunub. Yəni AMEA-nın prezidenti bu yolla hələ də Kremlin onun arxasında olduğunu, Azərbaycanla bağlı məsələlərdə Moskvanın onunla hesablaşdığını, bir sözlə, “5-ci kolon”a idarəçiliyi əldən vermədiyini yenidən hər kəsə bəyan etmiş oldu. Bu isə ölkəmiz və onun gələcəyi üçün heç də yaxşı şey vəd etmir.

Mövzuya məhz bu konteksdən yanaşan, “Qanunlarımıza riayət edən sadə Azərbaycan vətəndaşı Ramiz Mehdiyevdən milyon dəfə üstün insandır” deyən Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı da hesab edir ki, Respublika Prokurorluğu özündə cəsarət tapıb bu məsələ haqqında cinayət işi açmalıdır. Onun fikrincə, bu, Azərbaycan xalqını və dövlətini təhqir etməkdir: “Çünki bu, Azərbaycan dövlətçiliyinə meydan oxumaqdır, Azərbaycan qanunlarına meydan oxumaqdır. Azərbaycan qanunlarını ayaqlar altına almaqla, ona qarşı özünün təhqiramiz münasibətini ifadə etməkdir”.

Sonda çətin də olsa, ümid etmək istərdik ki, məsələnin ciddiliyini dərk edən hüquq-mühafizə orqanları qısa zamanda bu barədə qanunamüvafiq formada ölçü götürəcək, xüsusi xidmət orqanları isə ölkədə Rusiyanın maraqlarına xidmət edən “5-ci kolon”un nümatəndələrinə qarşı daha sərt və təsirli tədbirlərə baş vuracaq.

Hurriyyet.org