Ramiz Mehdiyevin istədiyi nədir və ya hakimiyyətlə mübarizəni davam etdirəcəkmi? – ELDAR SABİROĞLU YAZIR

216

Yenə Ramiz Mehdiyev barədə. Hakimiyyət hücum platformasını saatbasaat gücləndiririr. O isə nəyəsə arxayın kimi görünür. Eyni zamanda müqavimətini də əsirgəmir. Bəlkə üzərinə yeriyən ordunun tezlikə geri çəkiləcəyini düşünür?! Ancaq hər şey də bizim gördüyümüz və hiss etdiyimiz qədər sadə deyil. Qarışıq məsələlərin kökü dərinliklərə elə işləyib ki, onları qaranlıq dünyadan tezliklə xilas edib əvvəlki durumlarına qaytarmaq çətinləşsə də, ruhumuz qırılmamalıdır. Əksinə mübarizə əzmimiz və səylərimiz bizi bir-birimizə daha da yaxınlaşdırmağa güclü stimul olmalıdır.

Baxmayaraq ki, Ramiz Mehdiyev xüsusi mərkəzlərin diktəsi ilə ictimai rəyə göndərdiyi ikinci sərt bəyanatı ilə körpülərin dayaqlarını tam olmasa da, alova bürüyə bildi. Lakin yanan dayaqların yıxılmaması gələcək mübarizənin aparılması istiqamətində vətəndaş inamımızı və məsuliyyətimizi daha da yüksəltməlidir. Ölkə əhalisinin Ramiz Mehdiyevə və onun tərəfdarlarına qarşı eyni səngərdə dayanması artıq tarixin zərurətinə çevrilmişdir. Məlum hadisələrdən sonra onun özünün də hansısa barışığa getməsi böyük şübhələr doğurur. Çünki gözəl bilir ki, hakimiyyətə meydan oxuması ilə ciddi bir siyasi müqavimətin təqib və hücumlarına vaxtından və vədəsindən asılı olmayaraq hər an rastlaşa bilər. Odur ki, hansısa formada barışıq ruhunu yaxına buraxmağın faydaları üzərində baş çatlatmağın ciddi nəticəsini görmürəm. Artıq vəziyyət o həddə dayanıb ki, hakimiyyət tərəfindən bağışlanılma limiti demək olar ki, tam tükənmişdir.

Prezident, xüsusi ilə birinci vitse prezident barədə ölkənin daxilində və xaricində xaincəsinə aparılan antitəbliğatın əsas ideya müəlliflərindən biri kimi tanınan”akademikə” qarşı mübarizənin dayanmayacağını əminliklə deyə bilərik. Bununla yanaşı Novxanı toyu həm də onu göstərdi ki, boz kardinalın keçirdiyi acı məyusluq onun tam məğlub olması anlamına gəlməməlidir.

Son bəyanatında Rusiyaya qarşı Azərbaycanda mövcud olan mənfi münasibəti xüsusi tərzdə vurğulaması Ramiz Mehdiyevin riyakar və məkrli birisi olduğunu tam təsdiq etdi. Adam bu günə qədər bir dəfə də olsun “Qardaş Türkiyə” kəlməsini dilinə gətirmədi. Ancaq Rusiyaya bağlılığını isə heç vaxt gizlətmədi. İndinin özündə Kremlin dəstəyinə olan ümidləri nəinki üzülməyib, hətta ikrah doğuran bu qara niyyətilə Azərbaycanı daima qorxu altında saxlamağa bütün enerjisini qoydu. Toyun yaratdığı siyasi vəziyyət onun “korona maskasını” tamamilə yırtdı. Bu mənada açıqlamasında siyahıya düzdüyü rəqibləri ilə vuruşmaqdan qorxmadığını mötərizəsiz səsləndirməsi qaranlıq mətləblərin üzərinə işıq saldı və Saray cəngavərinin hər zaman olduğu kimi bu gün də Moskvaya güvəndiyini istisnasız sübuta yetirdi.

Beləliklə, xalqımız və dövlətimiz son dərəcə ayıq-sayıq olmağa sadəcə məcburdur. Günün birində ciddi təhlükənin şiddət qoparacaq alovları içərisində Azərbaycanın yanıb külə dönə biləcəyi ehtimalı az deyil. Mehdiyevin arzuladığı və qarnının altında saxladığı və bizim hələ görə bilmədiyimiz nə qədər sirli hadisələrdən xalq xəbərsizdir. Vaxtı ilə himayədarlıq etdiyi adamlardan, “seçdirdiyi” deputatlardan, arxa-dayaq durduğu qəzet redaktorlarından ünvanına edilən tənəli çıxışlara ikrahlı münasibətini anlamağa bəzən ağlın və düşüncənin gücü çatmır. Başa düşə bilmirsən nədən narazılıq edir!?

Bu məqamda da Mehdiyev tamamən qeyri-səmimi görünür. Çünki adlarını çəkdiyi köhnə silahdaşlarından zamanında istifadə edərək öz şəxsi qisas və intiqamını almaq üçün çox evlərin qapısını bağlı qoymuşdur. Yetışdirmələri indi onun üzünə duraraq törətdiyi əməlləri gözlərinin giləsinə çırpırlar. Çək öz əcrindi Balaş… Çəkməyə layiqsən!!!

Cənab prezident, nədən ehtiyat edirsiniz!? Bəlkə bu adamın yarada biləcəyi təhlükənin səbəbləri barədə fikirlərinizi xalqla bölüşəsiniz!? Nəhayət, Kremlin rezidenti ilə xüdafizləşməyin zamanıdır.

Eldar SABİROĞLU