Ramiz Mehdiyevin işdən çıxarılması çoxunu inqilabçı etdi

195

Qəzetin ötən saylarında iki səhifəlik bir müsahibə diqqətimi çəkdi. Sərlövhə belə idi: “Son dövrlərdə öndə olan ziyalıları məhv etmək və gözdən salmaq siyasəti aparılıb” Söz sahibi də Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli idi.

Bu kişi ilə kəlmə də kəsməmişəm, şəxsi qərəzliyim də olmayıb. Yazımda təhqir əlamətləri də axtarmayın. Onun yazılarını, çıxışlarını oxumuşam, bəzən də televizorda danışanda qulaq asmışam. Məni qınasa da, qınamasa da, onu, parketli salonların yakobinçisi hesab etmişəm. Müsahibəsində Kantdan sitat gətirən Qulu ağa görünür basavad, yəni çox savadlı zatdır, güman ki bu sözümü lüğətsiz, filansız başa düşər.

Qulu ağa kimi qələm bahadırlarının qeyrət damarları niyə məhz indi qalxıb? Biz fəqir bəndələrə teletənqidçi kimi təqdim edilən Qulu ağanı hələ indiyə qədər görmədim ki, bir bivec rejissoru, teleaparıcını məhşər ayağına çəksin. Müsahibəsində üç-dörd alababat verilişin adını sadalayan Qulu aöa nədənsə bütün tamaşaçıların ikrahla yanaşdığı əyləncəli proqramlardan bir söz demir. Elgizlərin, Zaurların, Çingizlərin ümidinə qalmış telekanalların xalqın mənəvi aləminə necə rəxnə vurmalarını hamı görür, amma Qulu ağa susur. Torpağının yarısı düşmən əlində olan ölkədə telekanalı balaqana döndərmək, sənəti, sübutu məlum olmayan “xanımlara”, Bakının aləmə məşhur “Zavaqzalnıy” məhəlləsində erməni toylarında ifa edilən ən axmaq mahnılara meydan vermək – bu mənəvi deqradasiyadır.

Qulu ağa, kimilərin prezidentin başının qarışmasından istifadə edərək təltif siyahılarını onun qarşısına qoyaraq imzalatmasını yaxşı bilirik. Millətin iftixarı olan şəxslərin vaxtilə qürurla gəzdirdikləri fəxri adların faiqlərə, aygünlərə, ədalətlərə, digər odioz fiqurlara verilməsi düşünülmüş məkrli plan idi. Cəmiyyətdə daha o acı söz, tənə qalmadı ki, deyilməsin. Məqsəd prezidenti nüfuzdan salmaq idi: “Görün bizim rəhbər kimlərə fəxri ad verir, dağılasan belə dünya!”, “Xan əmi də xalq artisti, Faiq Ağayev də!”, “Mütəllim kimi sənətkara verilməyən ad Aygün Kazımovaya qismət oldu!” və s. Belə sözləri eşitmək şəxsən mənim üçün çox ağır idi, dözməyib iki qəzetdə kəskin məqalələrlə çıxış etdim. Mən artıq təxmin etmişdim ki, bu iblisanə planlar kimin beyin mərkəzində hazırlanır. Artıq gec idi, ruslar demişkən, qatar getmişdi. Dərd burasında idi ki, özlərini millətin nağdı nisyəsi sayan qələm ərbabından da dillənən olmadı. Qulu ağa, cənabınız da ağzına su aldı, halbuki qabağa düşüb ən kəskin sözləri siz deməli idiniz! İndi də gələk həşəmətli professorun “öndə olan ziyalıları məhv etmək və gözdən salmaq siyasəti aparılıb” ittihamına. Xeyli xub, mən razı.

Qulu ağa, siz nə vaxt, harada  bu siyasətin əleyhinə çıxış edib dəhanınızdan od yağdırmısınız? Siz hansı öndə olanlardan danışırsınız? Bəlkə siz, bütün tələbələrə cavab verən iki-üç mərd, öndə olan ziyalı göstərəsiniz. Mən də Əkrəm Əylislinin sözlərinə şərikəm, o düz deyirdi, Azərbaycanda ziyalı yoxdur.

İllər boyu Ramiz Mehdiyev respublikanın mədəni həyatını, xülasə bütün ideoloji işi nəzarəti altında saxlamışdı. Məhz onun pərdə arxasında himayəsində darlığına arxalanan Rauf Arifoğlu kimi bir unikum əlindən gələni beş qaba çəkirdi. Hamını vahimə basmışdı, hamı qorxurdu, arxiv bunlarda, bütün məxfi sənədlər əllərində, çox artıq-əskik edərəm sabah qəzetdə yazıb biabır edərlər ki, bəs filankəs “keqebe agenti” olub. Fantasmagoriyaya baxın, dövlətin qurucusu, ölkənin xilaskarı keçmiş KQB generalı ola ola, sıravi adamlara “agent” yarlığı vurmaqdan çəkinmədilər. Bu müdhiş, heç bir məntiqə sığışmayan fəsadı araya salanlar millətin zəıif damarını tuta bilmişdilər. Moskva irticası bir güllə ilə iki yox, beş hədəfi vura bildi, Qarabağı siyasi qumara qoyanlar, milləti göz qabağında yetmiş iki tirə edənlər , əsl xainlər unutduruldu.

Dədə-baba dinimizə, keçmişimizə, imanımıza qarşı amansız mübarizə aparan, niyyətlərini qətiyyən gizlətməyən neçə-neçə sekta, icma qeydiyyatdan keçərək işə başladılar. Qulu ağa, bu illər ərzində niyə bir dəfə də olsun səsiniz çıxmadı?  Sizin təriflədiyiniz, xalqın dəyəri hesab etdiyiniz anarlar, ramiz rövşənlər isə özlərini elə apardılar ki, sanki heç nə baş verməyib.

Kimlərə qarşısa aparılan hücumlardan danışırsınız, sonra da müxtəlif  səviyyədə duran, müxtəlif talehləri yaşamış insanları bir-birinə qatıb qarışdırırsınız Özünüzü mütərəqqi adam kimi gözə soxmağa çalışmayın.

Bir tikə çörək xatirinə ömrünün sonunda hamamda kassir işləməyə məcbur olmuş Mirzə Cəlil kimi imam övladını Səməd Vurğunla bir sıraya qoymayın! Ayıbdır, utanın!

Sizin bu qədər həngamədən sonra da təzədən bütləşdirib bu zavallı millətin boynuna mindirmək istədiyiniz şəxslər üçün sovet hakimiyyəti hər şeyi etmişdi. Dövlətin elə yüksək ordeni, mükafatı qalmamışdı ki, onlara verilməsin. Törəmələrini, sadiq ardıcıllarını da müstəqillik illərində özgə cürə razı saldılar.

İpə-sapa yatmayanlar, yaltaqlığı bacarmayanlar isə əvvəl necə əzab çəkirdilrsə, indi də elə gündədirlər.

Mirzə Cəlilin niyə adını çəkirsiniz? Neçə il bundan əvvəl Gənc tamaşaçılar teatrında  “Məkkəyə gedən yol” adlı bir mənfur pyes tamaşaya qoyulmuşdu. Rejissoru da Cənnət Səlimova idi. İndiyə qədər bu vaqiə yadıma düşəndə başımdan tüstü qalxır. Qulu ağa, həmin tamaşaya baxmışınız? Şəxsən mən, həyatımda millətimi, dinimi, cəfakeş Mirzə Cəlilimizi belə həqarətə tutan əməl görməmişdim.

Yenə də səsini ucaldan mən bədbəxt oldum. Teatrın direktoru ilə görüşdüm, ondan eşitdiyim söz isə bu oldu: “Bəli, düz deyirsiniz, bir azdan onu repertuardan çıxarırıq, sizdən başqa narazılıqlarını bildirənlər var” Vəssəlam, bir azdan onu eşitdim ki, Cənnət Səlimovaya da fəxri ad verilib. Qulu ağa, soruşursunuz ki, Gürcüstan və Ermənistan cəmiyyətində fikir ayrılığına görə kim bir-birini söyür? Bəli, söymürlər, amma erməni, gürcü  tarixinə ləkə yaxan, dilinin qədrini bilməyən , Moskva qabağında lakeylik edərək qulam kimi durmağı şərəf bilən adamıarı rəhm bilmədən qəhr edir.

Erməni faşistlərə nökərçilik etmiş caninin şərəfinə heykəl ucaldır, biz isə hələ indiyə qədər M.Ə.Rəsulzadənin şərəfinə abidənin qoyulub-qoyulmamasını müzakirə də etmirik.

Hörmətli Qulu ağaya son məsləhətim budur, amanın günüdür, çalışın bundan sonra bizləri avam yerinə qoymayın, əvvəlki kimi davam edin. Məbadə mənim yolumla gedəsiniz, əks təqdirdə mənim kimi çörək, dərman dərdini çəkməli olarsınız.

Firuz Haşımov