“Ramiz Mehdiyev Prezidentin göstərişini ləğv etdi”

411

Xanhüseyn Əliyev: “İnhisarçılıq Azərbaycanı uçuruma aparır”
“İndi məmurlar səlahiyyətlərindən, dövlətin gücündən, adından istifadə edərək öz şəxsi bizneslərini qururlar…”

“Prezident Aparatından bütün qurumlara, evlərə, ictimai təşkilatlara zəng edib deyirdilər ki, “Qaya” mətbuat yayımından çıxın, “Kaspi” mətbuat yayımına abunə olun”

Hələ 90-cı illərdən Azərbaycanda nəşr olunan qəzet və jurnalların oxucuya vaxtında çatdırılmasında nümunəvi xidmət göstərən “Qaya” Mətbuat Yayım firmasının ölkədə xüsusi yeri var. Lakin təəssüflər olsun ki, zaman-zaman bir sıra korrupsioner məmurlar bu firmanın fəaliyyətinə də çox ciddi əngəllər törədiblər. Məhz bunun nəticəsidir ki, “Qaya”nın bir çox köşkləri yığışdırılıb, qəzetlərin ölkəboyu yayımının qarşısı alınıb. Bəs, hazırda bu sahədə vəziyyət necədir? Bu və digər sullara aydınlıq gətirmək üçün “Qaya” Mətbuat Yayımı firmasının direktoru Xanhüseyn Əliyevlə söhbətləşdik.

(Əvvəli ötən sayımızda)

-Deməli, Hacıbala Abutalıbov prezidentin yox, Ramiz Mehdiyevin göstərişlərini yerinə yetirib?

-Mən belə düşündüm. Belə çıxır ki, verilən göstərişi dəyişirlər. Çünki verilən göstərişi kiminsə ləğv etdiyini gördüm. Yəqin ki, bunu edən Ramiz Mehdiyev idi, çünki Hacıbala müəllim o addımı ata bilməzdi.

-Demək, hələ də bu vəziyyət davam edir?

– Fakt odur ki, indiyə kimi o köşklər bərpa olunmayıb.

– Bəs, hansı addımı atmağı düşünürsünüz?

– Heç bir addım atmaq istəmirəm, yorulmuşam. 2001-ci ildən çalışıram, 19 ildir. Bu cütlük ki var…

-Hansı cütlük?

– …Əli Həsənov-Ramiz Mehdiyev cütlüyü. 2010-cu ilə qədər mən Əli Həsənovun bacarığına hörmət etmişəm. Çünki o, məmur kimi qəlibə girmirdi. Hər dəfə yeni üsullardan istifadə edirdi. Mən ona həmişə deyirdim ki, bir dənə mətbuat yayım orqanı yaradın və görün ki, qəzetdən qəpik-qəpik pul qazanmaq nə deməkdir, siz onu başa düşsəniz, bəlkə məni rahat buraxarsız. Dilimin bəlasını çəkdim. 2000-ci ildə “Kaspi” mətbuat evini yaratdı. Onun ardınca “Azərmətbuat” yayım evini özəlləşdirdi. Qara günlərimiz bundan sonra daha da çoxaldı. İndiyə kimi də davam edir.

-Nələr oldu ki?

-Monopoliya başladı. Məsələn, Prezident Aparatından abunəçilərin hamısını keçirdi “Kaspi”nin abunəsinə. Açıq-aydın bütün qurumlara, evlərə, ictimai təşkilatlara zəng edib deyirdilər ki, “Qaya” mətbuat yayımından çıxın, “Kaspi” mətbuat yayımına abunə olun. Təsəvvür edirsiz, balaca bir təşkilat var idi, sahibkarlıq fondu təşkilatı, onlara da təzyiq edirdilər. Heç kim bunlarla üz-üzə gəlmək istəmirdi. Qorxurdular. Mənim əlimdən 9 qəzetin abunəsini alıb. Bir ayda qazansam 9 qəzetdən iki manat qazanaram. Mənə deyirdilər ki, bağışlayın Xanhüseyn müəlim, biz çox şadıq sizinlə işləməyə, şərtləriniz sərfəlidir, nə vaxt istəyirik çatdırılmanı edirsiz, amma mən sizin firmadana yrılmalıyam.

Əli Həsənovla görüşəndə dedim ki, böyük dövlət təşkilatlarının hamısını məndən aldın, dinmədim, bəs bu 9 qəzeti məndən niyə alırsan? Dedi ki, 9 qəzetlə sənə nə olacaq? Deyirəm, 9 qəzetlə mən bir ayda iki manat qazanırdım, biz də bir təşkilatıq, işləmək, yaşamaq istəyirik. Bacarırsan öz qabiliyyətinlə get qabağa. Bacarmırsan, ictimai-siyasi şöbədən niyə zəng etdirirsən? İctimai-siyasi şöbənin 90% əməkdaşları abunə kampaniyasında abunəçilərə zəng edirdilər. Ən çox da Mətanət xanım. Kimə zəng edirsən, deyir, mənə Mətanət xanım, Nurlana dedi ki, “Qaya”nın abunəçiliyindən çıx. Yəni elə bir həddə çatdım. İnhisarçılıq Azərbaycanı ölümə yox, uçuruma aparır. İnsan öz bacarığı ilə irəli getməlidir. Bizdə belə deyil. Sən kiməsə bağlı olmalısan. Kiməsə bağlı deyilsənsə, sənin qarşında “qırmızı işıq” var. Lap başını divara vursan da, irəli keçə bilmirsən. Bu, çox pisdir. Azərbaycanın inkişafını dayandırır. Həqiqətən dayandırır.

Buna baxmayaraq, biz yenə işlədik. 2006-cı ilə kimi qanun əsasında mübarizə aparmışam. Bacarığımızla, qanunla. Bir təşkilatı bizdən alıb, mən on yerə gedirəm, kataloq verirəm, evlərdən on abunəçi tapıram ki, o boşluğu doldurum, dövriyyəni saxlayım. Ancaq növbəti addım 2015-ci ildə atıldı.

-Bu dəfə nə etdilər?

– Nazirlər Kabinetinin 2005-ci ildə qərarı var idi. Mətbuata tətbiq olunan Əlavə Dəyər Vergisinin (ƏDV) ləğvi haqqında qərar qəbul etmişdi. Ancaq 2015-ci ildə Nazirlər Kabineti mətbuata tətbiq olunan ƏDV-nin ləğvi ilə bağlı qanunun aradan qaldırılması haqda qərar verdi. Bu, çox səhv addım idi.

– Bu qərarın mahiyyəti nədir?

– Mahiyyəti odur ki, ölkəyə idxal olunan qəzet kağızlarına və abunəçilər üçün qəzet və jurnallara əlavə dəyər vergisi ödənilsin.

– Axı, bildiyimizə görə, mətbuat ƏDV-dən azaddır…

– Bəli, qanunla. Amma Gömrük Komitəsi qanunu yox, Nazirlər Kabinetinin verdiyi qərarı rəhbər tutdu. Bu, absurddur. Qanun olan yerdə qərarın qüvvəsi yoxdur. Əvvəlcə Gömrük Komitəsinə aparıb qanunu göstərdim ki, qanun var, nə olsun qərar verilib. Məni başa düşdülər, təklif etdilər ki, bunu dayandırmaq üçün sənəd lazımdır, biz icraedici orqanıq, siz verin məhkəməyə, məhkəmədə görüşək, məhkəmə hansı qərarı çıxarsa biz qəbul edəcəyik, Apellyasiyaya getməyəcəyik. Mən də inandım. Bu, mənim böyük səhvim idi. Deyir, “sən saydığını say, gör fələk nə sayır”. Birinci məhkəmə qərar çıxardı ki, Gömrük Komitəsinin ƏDV-ni tələb etməsi qadağan olunsun. Aydın müəllim Apellyasiya şikayəti verdi və ikinci instansiya da bizim xeyrimizə qərar çıxardı. Ali Məhkəməyə Gömrük Komitəsinin sədri Aydın Əliyev təzyiq etdi. Qanunda belə yazılır ki, “alqı-satqı” vergidən azaddır. Ali Məhkəmə belə bir qərar çıxardı ki, orada “alqı” sözü var. “Alqı” sözü ora səhv düşüb. Sonradan bildim bu nə söhbətdir. Martda biz Gömrük Komitəsi ilə görüşəndə bu qərarı dayandıracaqdılar. Amma Əli Həsənov Gömrük Komitəsinə göstəriş verə bilməz, bunu bir adam bacarardı.

– Kimi nəzərdə tutursunuz?

Ramiz Mehdiyevi. Məhkəmələrə o göstəriş verirdi. Gömrük Komitəsinə də o cümlədən. Onlar bilirdilər ki, məni məhv edirlər. 2015-ci ilə qədər mən dövlətə 150 min manat vergi verirdim. İndi ildə ən çoxu 30 min manat verirəm. Təsəvvür edin ki, “Qaya”da  313 nəfər işçi işləyirdi, indi 70 nəfər işləyir. Bir nəfərin ambisiyasına görə 230 nəfər işini itirdi. Büdcə də hər il 120 min manat itirir. Deyim ƏDV məbləği böyükdür, yox, məbləğ 2 min manatdır. Prinsip söhbəti var idi ki, “Qaya” məhv olunsun, monopolistlər qalsın. Hazırda işləyən 3 mətbuat yayımı firmasından “Azərmətbuat” yayım və “Kaspi” Əli Həsənovundur. İndi “Qaya” da yoxdur. Pis-yaxşı işləyirdik, vəziyyət acınacaqlıdır.

Azərbaycanın ən böyük bəlası korrupsiyadırsa, ikinci onu doğuran bəla monopoliyadır. Sərbəstlik verilməlidir insanlara, qanunu pozmursan, işləyirsən, bacarığın varsa keç irəli, formalaş, böyü, daha çox pul qazan. Bacarmırsan çəkil kənara. Ancaq indi məmurlar dövlətin gücündən, səlahiyyətlərindən, adından istifadə edərək öz şəxsi bizneslərini qururlar. Faciədir bu.

– Bəs, mövcud vəziyyəti düzəltmək üçün hansı tədbirləri görməyi düşünürsünüz?

-Mən dialoq tərəfdarıyam. Amma Ali Məhkəmə qərar çıxarıb ki, “alqı” sözü qanuna səhvən düşüb. Mən kimə müraciət edim? Məhkəmənin saxta qərarına qarşı təzədən məhkəməyə müraciət etməyə ixtiyarım yoxdur. Təzədən yazışmalar, məktublar etmək lazımdır. Çünki o  insanlar artıq yoxdur. Nə Aydın Əliyev, nə Ramiz Mehdiyev, nə də Əli Həsənov yoxdur.

– Hesab edirsiniz ki, onların yoxluğu vəziyyətin dəyişməsində faydalı olacaq?

– Azərbaycanda gedən iqtisadi islahatları çox adam görmür. Mən hüquqşünasam, həm də iş adamıyam. Mən bunları görürəm. Bu addımlar atılır. Azərbaycanın daha da güclü olmasını istəyən insanlar çoxdur və günü-gündən də çoxalır. İnanıram ki, hər şey bərpa olacaq. Əsl normal sahibkarlıq, normal məmurluq olacaq. Məmursan, məmurluğunu et. Ancaq dövlətin adından və gücündən mənə qarşı istifadə etmə. Dövlət iqtisadiyyata qarışmamalıdır. Hər yerdə belədir, Avropada da belədir. Dövlət qanunları tənzimləyir ki, sahibkarlıq inkişaf etsin.

– Əli Həsənov özünün idarə etdiyi mətbuat yayımı qurumlarında sizdən fərqli yayım sistemi qurub, yoxsa…

-Əli Həsənovu maraqlandırmır ki, poçtalyon götürsün işə. O, sovet dövründə necə işləyirdisə, indi də elə işləyir. Qəzeti götürür, əvvəldən pulunu alır. Səhv etmirəmsə, abunəsi beş milyondur. Qəzet çatdırıldı-çatdırılmadı, onu maraqlandırmır. Çatdırılmaya görə öhdəlik qüvvədə olmur. Mən götürəndə öhdəlik götürürəm. Qazaxa çatdırılma olacaqsa, istənildiyi halda ora çatdırma edirəm. Ancaq Əli Həsənova kim zəng edib deyəcək ki, Əli müəllim qəzet niyə gəlmədi? Heç kim deməyəcək. Onun üçün əsas budur ki, pulunu alır, biznesini edir. Monopolistdir.

– Rayonlarda işiniz nə yerdədir? Hələ köşkləriniz fəaliyyət göstərirmi?

-Abunə sistemi yoxdur, amma 15-20 rayonda köşkümüz var. Abunə sistemimiz məhv olub. Çünki rayonda abunə sistemini bərpa etmək üçün bir ofis icarə etməliyəm. Bir instruktor işə götürməliyəm ki, qəzetləri ünvana çatdırsın. Minimal əmək haqqı 250 manatdır. 200 manat verib icarə ev tutmalıyam. Heç olmasa ayda 450 manat qazanmalıyam ki, bu xərcləri qarşılayam. Mənim ehtiyat pulum yoxdur. İndiyə kimi dövlət dəstəyini görməmişəm. Son dövrdə iki dəfə sahibkarlığa kömək oldu. Ona görə mən o sistemi yarada bilmirəm. Mən şad olaram ki, hər rayonda Bakıdakı abunə sistemini yaradım. Vətəndaş götürüb zəng edir ki, “Qaya” mətbuat yayımı, mən bu qəzet almaq istəyirəm, məmnuniyyətlə, sabahkı günə qəzeti alacaq.

– Yəni qurduğunuz sistem belə operativ çalışır.

-Bəli, sabahı gün qəzet çatdırılır. Yalnız bir zənglə. Ancaq çalışıram Bakıdan kənara artırım. Rayonlarda bu işi qurmaq əlavə vəsait tələb edir. Əlavə iş yerinin açılması üçün vəsait lazımdır. Bütün inkişaf etmiş ölkələrdə bu var. Hər yeni açılan iş yerinə dövlət birdəfəlik kömək edir ki, vətəndaş üçün yeni iş yeri açılsın. Vətəndaş işlə təmin olunur. Vergi ödəyir. Bu, alqışlanmalıdır. Amma bizdə bu yoxdur. Ancaq məmurlar üçün bu imkan var. Azad sahibkarlara bu imkan yaradılmır. Azərbaycanda orta sahibkarlar yoxdur. Harınlamış, oğru, korrupsioner məmur biznesi və xırda sahibkarlıq biznesi var. Orta təbəqə Azərbaycanda demək olar ki, sıfırdır. Ancaq bütün inkişaf etmiş dövlətlərdə iri sahibkarlıq 10 %, xırda sahibkarlıq 20%, orta sahibkarlıq isə 60%-dir. Dövlətin inkişafına aparan orta sahibkarlıqdır. Orta sahibkarlığa stabil-güclü dövlət lazımdır, çünki bu təbəqə dövlətin dayağıdır. Biz bu orta təbəqəni formalaşdırmalıyıq.

– Siz də qeyd etdiniz ki, ölkədə islahatlara start verilib. Bununla bağlı müsbət dəyişikliklərin olacağına ümid edirsiniz?

-Əlbəttə, ümid edirəm. Bilirik ki, 3 il əvvəl sahibkarlara deyirdilər ki, faizlər ödəyin. Onlar indi Azərbaycanda yoxdur. Həqiqətən hansısa məmurun gəlib sahibkardan rüşvət istəməsi halı yoxdur. Mən Bakıda bu halı görmürəm. Ola bilsin, məndən çəkinirlər ki, Xanhüseyn onsuz da pul vermir. Ancaq mən bu halın olduğunu son illərdə heç kimdən eşitməmişəm.

-Yəni heç vaxt rüşvət verməmisiniz.

-Heç vaxt heç kimə rüşvət verməmişəm, heç vermək fikrim də yoxdur. Ən yaxşısı savaşaram. Çünki bir dəfə rüşvət verdinsə, sən rüşvətverənlər siyahısına düşürsən. O siyahıya düşəndən sonra səndən əl çəkmirlər. Düzdür, bir müddət başın ağrıyır. Səni tanıyandan sonra ki, rüşvət verən deyilsən, əl çəkirlər. Ancaq qaşıyıb qan çıxardırlar. Gərək qanunu pozmayasan. İncidirlər. Elə adamlar var ki, vergidən yayınır. Vergiləri gizlədir və mübarizə aparır. Axı sən özün çirkab içindəsən, nəyi gizlədirsən? Buna görə sən təmiz işləməlisən, biznesin təmiz olmalıdır ki, sənə bu tərəfdən də təzyiq edə bilməsinlər.

Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA