Ramiz Mehdiyev “parnik”inin məhsulları

234

Nə qədər ki, bu müdhiş ziyanəvər sürüsünün ayaqları torpaqlarımızın üzərindən kəsilməyib, biz həmişə uduzacağıq

Qabağımda bütöv bir siyahı var. Özünüzə zəhmət verib bu siyahıda sadalanan zatların arasında rəiyyətdən olanı axtarmayın. Bunlar, köhnə kişilər demişkən, məmləkətin əshabi-giramıdır, yəni şərəfli böyükləridir. Onları həmçinin dərbar, yəni saraya yaxın adamlar kimi qəbul etmək vacibdir.

Nə olub, nə baş verib? Heç nə, sadəcə olaraq, dünənləri Ramiz Mehdiyev cənablarının qarşısında əmrə müntəzir, kəmərbəstə qulam kimi duranlar indi qiyama qalxıblar!! Mən fəqir də soruşuram, koronavirus adlanan şoqərib ölkəni başına almasaydı və Ramiz Mehdiyev böyük qələtə yol verib Prezidentin sözünü yerə salmasaydı, məsələ belə qəlizləşməsəydi, onun üzərinə mərdi-mərdanə gedən neçə nəfər olardı? İki, uzağı üç nəfər, vəssəlam!

İcazə verilən vaxtda “qiyama” qalxanların iç üzlərini də bilirəm, kəramətlərinə də bələdəm. Hörmət elədiyim bir neçə şəxs istisna olmaqla ikrah hissi məni qoymur ki, zilə qalxım. İllər boyu buqələmun xisləti ilə özlərini rüsvay edənlər bu dəfə “mübariz” qiyafəsində görünmək istəyirlər. Nə deyirəm? Ramiz Mehdiyev son dövrdə bəlkə də yeganə adamdır ki, heç kim onu müdafiə eləmir, belə ümummilli nifrəti qazanmaq “səadəti” hər adama nəsib olmur.

Bir ay bundan əvvəl həmin bu qəzetdə ““Beşinci kalonna”nın Azərbaycandakı fəaliyyəti…” sərlövhəsi altında iki məqalə dərc elətdirmişdim. Üç-dörd il ərzində Ramiz Mehdiyevin dəstəsində olan Elmira Axundovanın, Əli Həsənovun başıma açdıqları oyunları bütün təfsilatı ilə qələmə almışdım… Azğınlıq, qudurğanlıq o həddə çatmışdı ki, Əli Həsənov kimi bir nadürüst birinci vitse-prezident hörmətli Mehriban xanıma ünvanlanmış bütün müraciət və ərizələrin qarşısını almışdı.

Məsəl var deyərlər, arxalı köpək qurd basar. Ramiz ağanın izni olmasaydı Əli Həsənov min il də qalsaydı, belə qələtləri eləməzdi. Bəzən məni tünd yazmaqda suçlayırlar. Məni nəvələrimin yanında xəcil edən, aylarla yaşayış minimumundan mərhum 95 manatla dolanmağa məhkum edərək məhkəmələrə sürükləyən bişərəflərlə hansı dildə danışım? Son məqaləmi bu sözlərlə bitirmişdim, “Ramiz Mehdiyev, nə cür can verəcəyimi bilirəm, amma mənə inanın, sizin aqoniyanız dəhşət olacaq. İndiyə qədər törətdiklərinizin əvəzini Allah-taala verəcək”.

Çox çəkmədi, verdi də! Qəbulunuza düşmək üçün sinov gedənlər, qarşınızda əsim-əsim əsənlər, sizə xoş gəlmək üçün hər cür zinakarlığa qol qoyanlar, şəxsən sizdən, “sən yaz, özünü haqq-ədalət carçısı kimi gözə sox, qoy görək ətrafına kimlər yığışacaq, kimlər iç üzlərini göstərəcək” göstərişini alan fitnəxor redaktor da, təyin olunmuş deputatlar, iri çaplı sabiq məmurlar da üstünüzə qalxdılar. Aqoniya budur! Hələ bir cürət edib bu ləşkəri məhkəmə ilə də qorxudursunuz. Onlar da fövrən cavab verdilər, ver bizləri məhkəməyə, hazırıq!

Ramiz Mehdiyev, sizin üsuli-idarənin mərdi qova-qova namərd etmək istedadını hamı bilir. Şəxsən siz və üzəngi tutanınız Əli Həsənov dövlətçiliyə sadiq olan neçə-neçə namuslu insanı gözümçıxdıya salıb barrikadanın o üzünə itələmisiniz. Bunu təkcə mən demirəm. Qarşımda böyük bir siyahı da var. Buradakı professorlardan danışmıram, 13 akademikin soyadı maşallah göz oxşayır. Bunlar müxtəlif illərdə daha o tərif qalmamışdı ki, Ramiz ağanın üzərinə yağdırmasınlar. İndi birinin də cınqırı çıxmır. Fərman nazil olanda bunlar ermənilər barədə beş-altı kəlmə tünd söz işlədiblər. Amma nə rus şovinistləri ilə, nə də Miskva irticası ilə heç vaxt işləri olmayıb.

“Təzadlar” qəzetinin bu ilki 28-ci sayında bu ağaların ismi-şərifləri çap olunub. (Aralarında dünyasını dəyişənlər də var) Yəni, bu “elm dəryaları “heç vaxt bilməyiblər ki, Ramiz Mehdiyev hansı məzhəbə qulluq edib? Biliblər, amma heç birisində cəsarət çatmayıb ki, bu şövkətli müvərrixə, yəni tarixçiyə kim olduğunu desin. Yaxşı deyiblər, ağası Gülüm olanın başına külüm olar. Ölkənin təriflənib ağac başına çıxarılan ziyalıları bunlardır. Özünüz nəticəni çıxarın.

Sərvəqt olmasaq uduzacayıq

Bəziləri sadəlövhcəsinə düşünəcək, Ramiz Mehdiyev belə rüsvay edilibsə, yəqin bundan sonra moskvapərəst qüvvələrin nəfəsi kəsiləcək. Xam xəyaldır! Əksinə, məhz bundan sonra qəsdimizə durmuş Rusiya respublikadakı bütün şər qüvvələri səfərbər edib, daha məkrli texnologiyasını işə salacaq.

Rus irticasının əlində bizə qarşı çox güclü, hələ indiyə qədər qarşısını ala bilmədiyimiz bir silah var. O silah əyyami-qədimdən iliyimizə, qanımıza sirayət eləmiş unutqanlıq mərəzidir. Sülh, əmin-amanlıq, qonşuluq, dostluq barədə söz-söhbət bir yana, amma, o xalq ki, əbədi düşməninə qarşı kinini, nifrətini sonbeşiyi kimi əzizləyib və onu gənc nəslinə əmanət kimi ötürmürsə, vay halına. Dünya xəritəsində güc-bəla ilə nəzər çarpan balaca Azərbaycanda deyilənə görə 300 rus dilli məktəb var. Onlarda tədris edilən  fənləri, proqramları, istifadə olunan dərslikləri heç olmasa bir dəfə nəzərdən keçirin, müəllim kadrları ilə ayaqüstü söhbət edin.

Əgər o məktəblərdən Azərbaycana sadiq, onu sidqi-dildən sevən bir nəfər çıxsa adımı dəyişərəm. Bu məktəblərin açılmasına rəvac verən, onların fəaliyyəti üçün hər cür şərait yaradan, Rusiyanın qeydsiz-şərtsiz tərəfdarlarıdırlar. Onlar imkan verərlər ki, biz Xankəndi üzərində bayraq qaldıraq?

Primakov barədə ruslara sual versən min nəfətrdən biri də dəqiq cavab verə bilməyəcək. Biz yaltaqlar isə  Yanvar qətlamının bu təşkilatçısını elə sevinclə, fəxrlə yad edirik ki, Moskva şovinistlərinin ağızları acılı qalır…

Erməni, rus xalqının birinci düşməni alman nasistlərinə nökərlik etmiş bir alçağın şərəfinə heykəl ucaldır. Gözləmək olardı ki, Moskva nərə çəkə-çəkə İrəvana xubca şillə çəkib dərsini verəcək…

Biz özümüzə əl qatırıq, ay haray, qoymayın Nürünberq məhkəməsinin qərarları tapdanıb, nasist nökərini hörmətə mindirirlər! Moskvanın tükü də tərpənmədi, erməniyə göz ağartmağı da lazım bilmədi… Mənasız yerə deyinmək bizə qaldı.

Moskva sanki saymazyana bizə bildirdi, düşmən mənimdir, özüm bilərəm, xaçpərəst qardaşım ona heykəl qoyubsa, bu da bizim öz mərhəmanə işimizdir, sizlərə dəxli yoxdur.

Rus şovinistləri kordurlar? Onlar məgər görmürlər ki, istər mərhum Heydər Əliyev, istərsə də onun varisi İlham Əliyev daşınması həddən ziyadə ağır olan yükün altına girərkən çörək yiyəsi etdikləri insanlardan lazımi kömək görmədilər.

Söymək asandır, amma heç kim indiyə qədər bir əsrarı açmır, niyə iş başına qoyulanların arasında tumluq üçün də olsa bir əməli saleh tapılmadı? Aşağı təbəqə arsız, biganə, özünü milətin əşrəfi hesab edən orta zümrə, məmurlar, ziyalı güruhu ələbaxımlığa öyrənmiş biokütlə, vəzifə, kapital yiyələri isə imansız, rəhm bilməyən giyena sürüsü.

Əlilin, veteranın çörəyinə toxunurlar, jurnalistlərə verilən mənzilləri dədələrinin malı kimi istədiklərinə paylayırlar, yaramazları, zinakarları təltif siyahılarına salırlar – Moskva irticasının nökərləri bunlardır. Məmləkətin ideoloji-mənəvi mühitinin zəhərlənməsində müstəsna xidmətləri olan Əli Həsənov və onun kimilər Ramiz Mehdiyev “parnik”inin məhsullarıdır. Və nə qədər ki, bu müdhiş ziyanəvər sürüsünün ayaqları torpaqlarımızın üzərindən kəsilməyib, biz həmişə uduzacağıq.

Dağılmış zavodu, hər hansı tənəzzülə uğramış sənaye sahəsini, təsərrüfatı bərpa etmək o qədər çətin deyil. Amma vay o gündən ki, insanların sabaha inamı qırılır, onlar dövlətin ən təmiz, ən vicdanlı xadimlərindən də üz döndərirlər. Baiskarlar göz qabağındadırlar, onlar çox deyillər. Millətimizə, istiqlaliyyətimizə qənim kəsilmiş bu ünsürləri hamı tanıyır. Rusiya köməklərinə çatmamış biz bu bandanın axırına çıxmalıyıq. Əvvəlki məqalələrimdə yazmışdım, bunlar adi rüşvətxor, adi korrupsioner yox, marodyorlardır. Bütün dünyada təkzib edilməmiş bir qanun var, ağır sınaqlarla üzləşmiş ölkədə belə məxluqları məhkəməsiz, filansız yox edirlər.

Firuz Haşımov