Ramiz Mehdiyev narkomanı AMEA-da məsul vəzifəyə təyin edib

654

Bakıda uşaqları ilə birlikdə intihara cəhd edən xanımın narkoman ərinin rektor İbrahim Cəfərovun oğlu olduğu iddia edilir…

Bir neçə gün əvvəl Bakıda ananın iki azyaşlı övladını dördüncü mərtəbədən atdıqdan sonra özünün də intihara cəhd etmək üçün yerə tullanması faktı gerçəkləşdi.

Tükürpədici hadisə dekabrın 20-də gecə saat 23:00 radələrində paytaxtın Yasamal rayonu, Kənar Dairəvi küçəsi, ev 28-də baş verib.

Bu barədə Yasamal rayon Prokurorluğunun açıqlamasında bildirilib ki, ilkin araşdırmalarla müəyyən edilmişdir ki, vətəndaş Nigar Cəfərova həmin gün gecə saat 23:00 radələrində azyaşlı övladları 2017-ci il təvəllüdlü Hüseyn Cəfərov və 2019-cu il təvəllüdlü Oktay Cəfərovu yaşadıqları binanın 4-cü mərtəbəsində olan mənzilin yataq otağındakı pəncərədən qısa zaman ardıcıllığı ilə yerə atmış, daha sonra isə özünü də həmin yerdən atmışdır. Nəticədə Nigar Cəfərova və övladları hadisə yerinə gələn şəxslər tərəfindən xəstəxanaya aparılaraq həkimlərin müdaxiləsi nəticəsində sağ qalmışlar. Hər üçü ağır kəllə-beyin travması almışlar.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanmışdır.

İstintaq prosesində cinayətin motivi, o cümlədən əhəmiyyət kəsb edə biləcək digər hallar tam və hərtərəfli araşdırılmaqla müvafiq qərarın qəbul edilməsi və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın veriləcəyi gözləniləndir.

Yayılmış digər məlumata görə, hadisənin səbəbkarı Cavid Cəfərov adlı şəxsdir. Zərərçəkmiş ana ilkin ifadəsində əri Cavid Cəfərovun narkoman olmasını, öz azyaşlı övladlarını da narkotikə öyrətməyə səy göstərməsini, həmin gecə məhz adıçəkilən həyat yoldaşının cəngindən qurtulmaq üçün uşaqları ilə birlikdə intihara cəhd etdiyini bildirib.

Qeyd edək ki, Cavid Cəfərovun hadisə günü saxlanılaraq izahatının alındığı, daha sonra sərbəst buraxıldığı iddia edilir. Belə ki, barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Bəs, ata adı ictimaiyyətdən gizlədilən və norkatik istifadəçi olduğu iddia edilən Cavid Cəfərov kimdir?

Demokratik.az saytı bu sual ətrafında araşdırma apararaq müəyyən edib ki, C.Cəfərov bir müddət əvvəl sabiq PA rəhbəri, akademik Ramiz Mehdiyevin müvafiq əmrilə AMEA-da məsul vəzifəyə təyin edilib, atası da kifayət qədər tanınmış şəxsdir.

“C.Cəfərovun özü və atası barədə bilgiləri tam dəqiqləşdirdikdən sonra oxucularımızın diqqətinə çatdıracağıq!”, – deyə sayt yazır.

Lakin “Hürriyyət” bu şəxsin kimliyini artıq üzə çıxarıb. Belə ki, Bakıda uşaqları ilə birlikdə intihara cəhd edən xanımın narkoman ərinin Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru (ADAU) İbrahim Cəfərovun oğlu olduğu iddia edilir…

Hazırladı: RƏŞAD

Redaksiyadan: Mövzu ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.