Ramin Quluzadənin yarıtmaz kadr islahatı rabitə və nəqliyyat sisteminin inkişafını əngəlləyir

    27

    Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində müxtəlif vəzifələrdə çalışan şəxslərin bir çoxu qeyri-ixtisas sahibləridir

    "Aztelekom" MMC və "Bakı Telefon Rabitəsi" MMC-nin fəaliyyətində ciddi nöqsanlar, neqativ hallar müşahidə olunur

    Paytaxtın əksər rayonlarında mənzillərə və ofislərə telefon, internet xəttinin çəkilməsi zamanı müxtəlif bəhalələrlə əlavə ödənişlər tələb olunur

    Bu gün "Azercell" Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzarətində olsa da, şirkətin qiymət və xidmət siyasətində dəyişən heç nə yoxdur

    Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bu gün əlində olan geniş səlahiyyətlərə görə, digər nazirlərdən kəskin şəkildə fərqlənir. Belə ki, Əli Abbasovun vəzifədən alınmasından sonra, daha dəqiq desək, 2015-ci ilin noyabrın 25-də rabitə və yüksək texnologiyalar nazirinin I müavini, 2016-cı ilin yanvarın 15-də rabitə və yüksək texnologiyalar naziri, ötən ilin fevral ayında isə prezidentin sərəncamı ilə Nəqliyyat Nazirliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birləşdirilərək, onların əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılmasından sonra nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsinə təyin olunan Ramin Quluzadə artıq "supernazir" kimi tanınır. Çünki bu ilin yanvar ayında dövlət başçısının fərmanı ilə Dövlət Dəniz Agentliyi və Dövlət Mülki Aviasiya Agentliyi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərkibinə daxil edilib. Bütün bunlar bir daha onu göstərir ki, Ramin Quluzadə sabiq nazirlər Əli Abbasov və Ziya Məmmədovun birgə səlahiyyətindən daha çox yetkiyə sahibdir. Lakin bunun qarşılığında o, rəhbərlik etdiyi sahənin, yənin ölkənin rabitə və nəqliyyat sektonun inkişafına yönəlik elə ciddi, yadda qalan addım atmayıb.

    Belə ki, Ramin Quluzadənin son 3 illik fəaliyyətini araşdırdıqda məlum olur ki, onun verdiyi qərarların bir çoxu əhalinin əleyhinə olmaqla yanaşı, nəqliyyat və rabitə sistemində mövcud olan problemlərin həllinə hər hansı təsir etməyib. Halbuki həm əhali, həm də sözügedən sahənin əməkdaşları ondan ciddi islahat və dəyişikliklər gözləyirdilər. Rabitəçilər, o cümlədən nəqliyyat sistemində çalışanlar ümid edirdilər ki, Ramin Quluzadə xidmət səviyyəsini yaxşılaşdırmaqla bərabər, onların sosial durumunun da normallaşdırılmasına nail olacaq. Lakin bununla bağlı gözləntilər özünü doğrultmadı. Çünki Ramin Quluzadə rabitə və nəqliyyat sektorunun adamı olmadığından hələ də nəyi necə edəcəyini dəqiq bilmir. Məhz elə buna görədir ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin uğursuz kadr islahatı həm cəmiyyət, həm mətbuat, həm də bu sahənin ekspertləri tərəfindən ciddi qınaq atəşinə tutulur. Belə ki, rəhbərlik etdiyi qurumda nəyin bahasına olursa-olsun öz komandasını formalaşdırmağa çalışan Ramin Quluzadə uğursuz yeni təyinatları ilə elektron hökumət quruculuğu, informasiya kommunikasiya texnologiyaları və internet xidmətləri, o cümlədən nəqliyyat sahəsində sürətli geriləmənin əsasını qoydu. Halbuki o, qeyri-peşəkarları Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yerləşdirmək əvəzinə, peşəkar kadrların xaricə axınının, o cümlədən mövcud neqativ halların qarşısını almalı, ciddi yenidənqurma işlərinə başlamalı, azad rəqabət mühitinin formalaşdırılmasına şərait yaratmalı, rabitə və internet infrastrukturunun inkişafı ilə bağlı ciddi işlər görülməli idi. Təəssüflər olsun ki, Ramin Quluzadə vəzifədə olduğu 3 il ərzində bunların heç birini etmədi. Elə buna görə də bu gün ölkədə yüksəksürətli və mobil internetin keyfiyyəti ilə bağlı ciddi problemlər mövcuddur.

    Düzdür, Ramin Quluzadə təyinatından bu yana keçirdiyi görüşlərdə mütəmadi olaraq şəffaflıq, işgüzarlıq və peşəkarlıqdan ağızdolusu danışsa da, əməlləri ilə bunun tam əksini nümayiş etdirir. Belə ki, o, özü kimi rabitə və nəqliyyat sisteminə yad, qeyri-peşəkarları Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yüksək postlara təyin etməklə yerlibazlıq və tanışlıq prinsipinə üstünlük verdiyini sərgiləmiş oldu. Deyilənlərə misal olaraq onun birinci müavini Əli İzzət oğlu Abdullayevin, aparat rəhbərinin müavini Zamin Qələnfər oğlu Nurəhmədovun, nazirin köməkçisi Emin Tahir oğlu Məmmədovun və digərlərinin adını çəkə bilərik. Əldə etdiyimiz məlumatlara görə, bu şəxslərin heç birinin nəqliyyat və rabitə sistemindən yetərincə anlayı yoxdur. Çünki onlar da nazir Ramin Quluzadə kimi bu sahənin kadrları deyil. Məsələn, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev 1999-cu ildə Azərbaycan Universitetini Beynəlxalq münasibətlər ixtisası üzrə, 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsini hüquqşünaslıq ixtisası üzrə bitirib. Daha sonra ixtisası üzrə müxtəlif vəzifələrdə çalışıb. Məsələn, 2000-2006-cı illərdə Əmlak Məsələləri Dövlət Komitəsində Hüquq şöbəsinin müdiri vəzifəsində, 2007-2016-cı illərdə Hərracların Təşkili üzrə Auksion Mərkəzinin baş direktoru vəzifəsində, 2013-2016-cı illərdə Heydər Əliyev Fondunda hüquq məsələləri üzrə ekspert kimi işləyib. 2016-cı ildən isə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb. Daha sonra isə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olunub. Nazir Ramin Quluzadəyə gəlincə, o, Azərbaycan Dövlət İqtisad İnstitutunu bitirib. Beləliklə, mövzu ilə bağlı apardığımız araşdırma zamanı bəlli olub ki, bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində müxtəlif vəzifələrdə çalışan şəxslərin bir çoxu qeyri-ixtisas sahibləridir. Yəni Ramin Quluzadə öz komandasını formalaşdırmaq naminə nəqliyyat və rabitə sahəsindən ümumiyyətlə, anlayışı olmayanları belə, ətrafına toplayıb. Bu isə öz növbəsində, ölkədə rabitə və nəqliyyat sisteminin inkişafını əngəlləyir.

    Yeri gəlmişkən, nəzərinizə çatdıraq ki, hazırda ölkə ərazisində sabit şəbəkə telefon xidmətləri əsasən ölkənin iki iri dövlət operatoru – "Aztelekom" MMC və "Bakı Telefon Rabitəsi" MMC tərəfindən göstərilir. "Aztelekom" MMC-nin telefon şəbəkəsi (simli və simsiz) Bakı şəhəri və Naxçıvan Muxtar Respublikası istisna olmaqla, bütün ölkə ərazisini, "Bakı Telefon Rabitəsi" MMC-nin telefon şəbəkəsi (simli və simsiz) isə Bakı şəhərinin Binəqədi, Qaradağ, Səbail, Sabunçu, Suraxanı, Nərimanov, Nəsimi, Nizami, Xəzər, Xətai və Yasamal rayonlarının inzibati ərazilərini əhatə edir. Lakin onların hər ikisinin fəaliyyətində ciddi nöqsanlar, neqativ hallar müşahidə olunur. Belə ki, mövzu ilə bağlı aparılan araşdırma zamanı məlum olub ki, "Aztelekom" MMC-nin ümumi montaj tutumu 850 min nömrədir. Bundan 680 min nömrə hazırda istifadədədir, 164 min nömrə isə boşdur. Hazırda əhalinin telefona tələbatının yüksək olmasına baxmayaraq, əlavə kabelləşdirmə işləri demək olar ki, aparılmadığına görə heç bir irəliləyiş yoxdur. Yəni 164 min nömrə ölü kapital kimi stansiyalarda qalıb:“Kənd rayonlarında əhalinin şəhərə axını ilə əlaqədar nömrəyə tələbatın azlığı bəhanə gətirilib kabelləşmə aparılmır. Görülən işlər zamanı isə 10-20 cütlük kabellərin qoyulması ilə kifayətlənilib. Məsələn, Abşeron TKQ-da stansiya tutumu 81 min nömrəlidir, hazırda 65 min nömrə əhalinin istifadəsindədir, əlavə 16 min nömrə isə ölü kapital kimi qalır. Əlavə kabel qoyuluşu istiqamətində demək olar ki, iş aparılmır. Əgər hər hansı kabelləşmə işi aparılırsa, bu proses qovşaq işçiləri tərəfindən aparılır. Bu proses həm istismarın axsamasına səbəb olur, həm də şəbəkənin standarta uyğun olmamasına gətirib çıxarır". Qeyd edək ki, "Bakı Telefon Rabitəsi" MMC-nin fəaliyyəti ilə də bağlı təxminən, eyni sözləri demık olar. Belə ki, hazırda paytaxtın əksər rayonlarında mənzillərə və ofislərə telefon, internet xəttinin çəkilməsi zamanı müxtəlif bəhalələrlə əlavə ödənişlər tələb olunur.

    Bu arada, məlumat üçün bildirək ki, bu ilin mart ayının 5-də payları tam olaraq dövlətə məxsus olan "Azerbaijan International Telecom" (AzInTelecom) MMC və Niderland qanunvericiliyinə əsasən yaradılmış "Fintur Holdings B.V." şirkəti arasında Türkiyə Cümhuriyyətində təsis edilən "Azertel Telekomünikasyon Yatırım Dış Ticaret A.Ş." ("Azertel") şirkətinin 51,3 faiz səhmlərinin alınması barədə müqavilə imzalanıb. "Azertel" ölkəmizdə mobil xidmətlər operatoru olan "Azercell Telecom" MMC-nin yeganə təsisçisidir. Bu isə o deməkdir ki, "Azercell" şirkəti artıq tam şəkildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzarətinə keçib. Bildiyiniz kimi, adıçəkilən şirkət mobil rabitə bazarında inhisarçı mövqeyə sahibləndiyindən taarifləri əhalinin cibinə görə deyil, məhz öz maraqlarına uyğun tətbiq edirdi. Məhz bu səbəbdən də "Azercell"in Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzarətinə keçməsi ilk əvvəl ölkənin sadə vətəndaşları, həmçinin ekspertlər tərəfindən təqdirəlayiq addım kimi qiymətləndirilirdi. Düşünülürdü ki, bundan sonra nazirlik "Azercell"in fəaliyyətinə ciddi şəkildə nəzarət edəcək və onun monopolist mövqedən çəkinməsinə nail olacaq, eyni zamanda taariflərin bir qədər aşağı endirilməsi müşahidə olunacaq. Lakin Ramin Quluzadə bu məsələdə də ona olan güvəni sarsıtdı, etimadı doğrultmadı. Nəticə isə göz qabağındadır. Bu gün "Azercell" Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzarətində olsa da, şirkətin qiymət və xidmət siyasətində dəyişən heç nə yoxdur. Yəni köhnə hamam, köhnə tas.

    "Hürriyyət"in Araşdırma Qrupu

    P.S. Növbəti saylarımızda sabiq rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun zamanında adıçəkilən nazirliyin Yasamal rayonundakı ərazisinin qeyri-qanuni özəlləşdirilməsi, həmin ərazidə nazirlə Nizami adlı iş adamının ortaqlığı ilə hündürmərtəbəli yaşayış binasının tikilməsi, bir müddət sonra isə aralarında narazılığın yaranma səbəblərinə aydınlıq gətirəcəyik. Eyni zamanda, milli təhlükəsizlik nazirinin sabiq müavini, hazırda Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini vəzifəsində çalışan Əli Nağıyevin həmin binanı aldıqdan bir müddət sonra nədən tez-tələsik geri qaytarması, həmçinin "Azərpoçt" MMC-nin Poçt Daşıma Mərkəzinin ərazisində guya rabitəçiləri evlə təmin etmək məqsədiylə tikilən binanın yerinin kim(lər)ə və nəyin qarşılığında satılmasına da toxunacağıq.