Radarlar istənilən ərazidə yerləşdirilə bilərmi? – DYP RƏSMİSİ AÇIQLAMA VERDİ

81

Avtomobil idarə edərkən sürücülər tez-tez stasionar və ya mobil radarlarla rastlaşırlar. Bəzən iki radar arasındakı məsafələrin uzun, bəzən də olduqca qısa olması diqqətdən yayınmır. Oxucularımızdan biri, kənd yolunda, 600 metr məsafədə dörd radarın qoyulmasının şahidi olub.

Bəs radarlar istənilən ərazidə yerləşdirilə bilərmi və bu qanunda necə tənzimlənir?

Sualımızı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevə ünvanladıq. O, Hurriyyet.org-a həmin yolda hər hansısa təhlükə hiss olunursa, radarların ardıcıl da yerləşdiriləcəyini bildirib:

“Kənd yolundan söhbət gedirsə, yəgin ki, ordan yerli əhəmiyyətli yol keçir. Ümumiyyətlə, qanunvericilikdə radarların neçə metrdən qoyulması göstərilmir. Yaşayış məntəqəsində 50 metrdən 200 metrədək, yaşayış məntəqəsindən kənarda isə 150 metrdən 1000 metrədək mütləq müvafiq nişan olmalıdır. Yəni, nişan varsa və orda hər hansısa təhlükə hiss olunursa, həmin yolda radarlar ardıcıl da yerləşdirilə bilər. Orda qanunazidd əməl yoxdur. Ümumiyyətlə, radarlar müxtəlif məsafələrdə qoyula bilər. Konkret məsafə yoxdur. Radarlar, sürətin daha çox olduğu ehtimal olunan ərazilərdə və nisbətən təhlükəli yerlərdə yerləşdirilir. Radarların yerləşdirilməsi təhlillər aparılaraq müvafiq əraziyə qoyulur. Ola bilsin ki, uzun məsafəli yoldur, lakin həmin ərazidə yol-nəqliyyat hadisəsi baş vermədiyinə görə, radarların yerləşdirilməsinə zərurət olmur.  Amma, elə ərazi də var ki, 1-2 km-lik məsafədə qəza hadisələri tez-tez baş verdiyinə görə radarlar yerləşdirilir. Həmin məsafədə bir neçə radar da yerləşdirilə bilər. Burda qanunazidd əməl yoxdur”.

YƏHYA