“Rəsmi Bakının hazırkı mərhələdə Ermənistana hərbi təzyiqləri mümkündür”

123

Məhəmməd Əsədullazadə: “Rusiya Ermənistana silah-sursat göndərməklə münaqişənin həllində hər hansı sülh prosesinin qarşısını almağa çalışır”

“Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın yaratdığı qondarma rejim terrorçu bir mərkəzdir. Terrorçu rejimin başçısı Araik Arutunyanın Gəncə şəhərini vurmaqla bağlı bəyanat verməsi, əsasən birbaşa Yerevanın diktəsi ilə reallaşır“. “Hürriyyət” xəbər verir ki, belə bir açıqlama ilə Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə çıxış edib.

Politoloqun sözlərinə görə, bu, Azərbaycanla danışıqların bundan sonrakı davamında heç bir sülh anlaşmasının olmayacağının göstəricisidir: “Qarabağdakı terrorçu rejimin bu terrorçu bəyanatı onların işğal olunmuş ərazilərdə region üçün nə qədər təhlükəli bir sistem olduğunun göstəricisidir. Təbii ki, Rusiyanın Ermənistana son günlərdə göndərdiyi tonlarla silah-sursatdan qeyzlənərək belə bir açıqlamalar verməsi, burada Rusiya faktorunun da olması istisna edilməməlidir”. Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri hesab edir ki, rəsmi Bakının Türkiyə ilə birgə hərbi təlimlər fonunda hazırkı mərhələdə Ermənistana hərbi təzyiqləri mümkündür: “Çünki Ermənistan danışıqlara getməyəcək, gedərsə də burada kompromisə getməsi gözlənilmir. Ona görə də Rusiya Ermənistana silah-sursat göndərməklə, bir növ münaqişənin həllində hər hansı sülh prosesinin qarşısını almağa çalışır”.

Valeh TÜRKSOY