Rəngli inqilab artıq Amerikanı da AĞUŞUNA ALMAQDADIR

336

Şahin Cəfərli: “Senat seçkiləri göstərdi ki, Trampın prezident seçkilərində Corciyada, eləcə də digər yerlərdə saxtakarlığa yol verildiyi barədə iddiaları uydurmadan ibarətdir”

Qubad İbadoğlu: “ABŞ-da demokratiya və azadlıqlar adına yaraşmayan hadisələr baş verir”

Xaqani Cəfərli: “Məhz cəmiyyətin savadsız hissəsi və bu təbəqədən istifadə edən mənfəətpərəstlər Tramp kimi kəmağılların hakimiyyəti ələ keçirməsinə səbəb olurlar”

Xatırlayırsınızsa, bir neçə gün öncə ABŞ-ın on keçmiş müdafiə naziri – Eşton Karter, Dik Çeyni, Vilyam Kohen, Mark esper, Robert Qeyt, Çak Heygel, Ceyms Mettis, Leon Panetta, Vilyam Perri və Donald Ramsfeldin “Vaşinqton Post” qəzetində yayımlanan müraciəti diqqətinizə çatdırmışdıq. Onlar ABŞ hərbçilərini 3 noyabr tarixində keçirilmiş seçkilər ətrafındakı mübahisələrə qarışmamağa və hakimiyyətin Cozef Bayden ilə komandasına verilməsinə kömək etməyə çağırıblar. Həmçinin, müraciətdə seçkilərin düzgün keçirildiyi, qubernatorların onları təsdiqlədiyi, bütün şikayətlərin nəzərdən keçirildiyi öz əksini9 tapıb: “ABŞ-ın Silahlı Qüvvələrini seçkilərlər bağlı çəkişmələrə cəlb etmək cəhdləri bizi təhlükəli, qanuna  zidd və Konstitusiya sərhədlərindən kənara çıxan vəziyyətə sala bilər. Konstitusiyanı daxili və xarici düşmənlərdən qorumaq üçün and içmişik. Andımız bir şəxs, yaxud da bir partiya ilə əlaqədar deyil”.

“Artıq prezident Bayden qarşıdakı 2 il ərzində istədiyi qanun layihələrini və təyinatları rəqiblərin səsinə ehtiyac duymadan Konqresdən keçirə biləcək”

Bu, ilk baxışdan sadə bir müraciət kimi görünsə də, ötən gün baş verən kütləvi etiraz aksiyalarından sonra ABŞ-ın sabiq müdafiə nazirlərinin əbəs yerə təlaşlanmadıqları aydın olur. Görünən odur ki, rəngli inqilab artıq Amerikanı da ağuşuna almaqdadır. Hurriyyet.org xəbər verir ki, bu barədə fikirlərini bölüşən siyasi şərhçi Şahin Cəfərlinin sözlərinə görə, Demokratlar Ağ Ev və Nümayəndələr Palatasından sonra Senatı da nəzarətə götürdülər: “Trampın 11780 səs axtardığı Corciyadan bu gün (dünən-red.) respublikaçılara qara xəbər gəldi. Senat seçkilərinin ikinci turunda hər 2 yeri demokrat namizədlər – Rafael Uornok və Con Ossoff qazandılar. (Yerli qanuna görə, seçkilərdə heç bir namizəd 50%-dən artıq səs toplaya bilmədikdə 2-ci tur təyin olunur.) 51 yaşlı Rafael Uornok (Warnock) teoloqdur və Atlanta Ebenezer baptist kilsəsinin pastorudur. (Din xadimi deyil.) Mərhum Martin Lüter Kinq də bu icmanın mənsubu olub. Demokratların yüksələn ulduzlarından Con Ossoff isə cəmi 33 yaşındadır, jurnalist və prodüserdir. Atası Rusiya yəhudisidir. (Yeri gəlmişkən, 30 yaşında Senata seçilmiş Cozef Bayden ABŞ tarixinin ən gənc senatoru ünvanını özündə saxlayır.) Bu seçkilərə qədər Senatda 50 respublikaçı, 46 demokrat və demokratlara yaxın 2 müstəqil senator var idi. “Mavi dalğa”nın Corciyada özünü gəstərməsi ilə hesab bərabərləşdi və vitse-prezident həm də Senat sədri olduğundan, demokratlar 6 il sonra yuxarı palatada çoxluq əldə etdilər. Artıq prezident Bayden qarşıdakı 2 il ərzində istədiyi qanun layihələrini və təyinatları rəqiblərin səsinə ehtiyac duymadan Konqresdən keçirə biləcək. Son prezident seçkilərinə qədər Corciya qırmızı (republikaçı) ştat sayılırdı, lakin demokratlar 30 il sonra burada prezident seçkilərini uddular, bu gün isə hər iki senator kürsüsünü götürdülər”.

Siyasi şərhçinin qənaətincə, Senat seçkiləri bir daha göstərdi ki, Trampın prezident seçkilərində Corciyada, eləcə də digər yerlərdə saxtakarlığa yol verildiyi barədə iddiaları uydurmadan ibarətdir: “Digər tərəfdən, onun 3 noyabrdan bəri çığırıb-bağırması, seçki fırıldaqları barədə fantaziyalar düzüb-qoşması respublikaçı seçicilərin bir qisminin seçki institutuna inamını sarsıdaraq onları demotivə etməklə partiyaya zərər vurdu. Bu, məsələnin cari tərəfi. Məsələnin strateji və daha önəmli tərəfi isə bundan ibarətdir ki, ortaya çıxan nəticə ölkə miqyasında olduğu kimi, Corciyanın da dəyişməkdə olan demoqrafiyasının təzahürüdür və respublikaçılar üçün növbəti həyəcan siqnalı sayılmalıdır. Yerli seçicilərin 30%-ni demokratların sadiq və mütəşəkkil elektoral kütləsi olan afroamerikalılar təşkil edir və onların sayı getdikcə artmaqdadır. Dəyişən demoqrafiya Amerika siyasətinin sosiologiyasını da dəyişdirir. Artıq Corciyanı da bənövşəyi çalara bürünən, yəni tərəddüd edən, yelləncək ştat (swing state) saymaq olar. Bəzi digər qırmızı ştatlarda da (məsələn, Teksas) yaxın gələcəkdə respublikaçılar üçün belə bir təhlükə var. WASP (ağ anqlo-sakson protestantlar) kateqoriyasına aid əhalinin dominantlığı getdikcə zəiflədiyi üçün Amerika siyasi tarixinə damğasını vurmuş Respublikaçı – başqa adı ilə Böyük Qədim Partiya (GOP) ekzistensial təhlükə ilə üz-üzədir. Hazırkı demoqrafik tendensiya onların Ağ Evi qazanmaq şanslarını ildən-ilə çətinləşdirir və göründüyü kimi, bu tendensiya Konqres seçkilərinə də sirayət etməkdədir. Millətçi-mühafizəkar ağ amerikalılar içərisində son illər narahatlığın artması və bir çox radikal, ekstremist qrupun meydana çıxması məhz onlar üçün bu qorxuducu gedişatdan qaynaqlanır. Trampın destruktiv davranışlarının bir səbəbini də burada axtarmaq lazımdır: onun şəxsi xarakterik xüsusiyyətləri ilə yanaşı, həmin radikal qrupların səsi olması, onlar kimi düşünməsi də önəmli səbəbdir. Yəqin ki, önümüzdəki dövrdə respublikaçıların başbilənləri oturub, partiyanın taleyi baxımından bu təhlükəli gedişatı dayandırmağın yollarını tapmağa çalışacaqlar. Trampın 4 illik dönəmi göstərdi ki, ən radikal, ən millətçi respublikaçının prezidentliyi və onun vasitəsilə yuxarıdan həyata keçirilən tədbirlər, atılan addımlar da çıxış yolu deyil. Daha strateji və uzunmüddətli çözümlərə ehtiyac var”.

“”Tvitter” prezident Trampın 3 tvitini silmiş və onun istifadəsinə 12 saat qadağa qoymuş, “Facebook” da onun video müraciətinin yayımını dayandırmışdır”

Hurriyyet.org-un məlumatına görə, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, ABŞ-ın Rutgers Universitetinin professoru Qubad İbadoğlu isə hesab edir ki, ABŞ-da demokratiya və azadlıqlar adına yaraşmayan hadisələr baş verir: “Dünən axşam Ağ Evin qarşısına toplaşan Tramp tərəfdarları onun çıxışını dinlədikdən sonra Kapitoliya yürüş edərək, nümayəndələr palatasının toplantısına müdaxilə etmiş və prezident seçkinin nəticələrinin təsdiqi gözlənilən iclası pozmuşlar. Qarşıdurma nəticəsində 1 nəfər mülki vətəndaş ölmüş, həm mülki və həm də polislərdən bir neçə nəfər xəsarət almışdır. Zorakılıqla müşahidə olunan etiraz aksiyasına görə dayandırılan iclas dünən gecə saat 8-də yenidən bərpa olunmuş, Nümayəndələr Palatasının və Senatın birgə müzakirəsi gecə yarısınadək davam etmişdir. “Tvitter” prezident Trampın 3 tvitini silmiş və onun istifadəsinə 12 saat qadağa qoymuş, “Facebook” da onun video müraciətinin yayımını dayandırmışdır”.

“Bu “ağıllı” adam hələ də rəhbər olduğu siyasi sistemin ligitimliyini şübhə altına almaqdan və təmsil etdiyi cəmiyyəti iki yerə bölməkdən çəkinmir”

Politoloq Xaqani Cəfərli isə qeyd edib ki, ABŞ Senatında 3 noyabr prezident seçkisinin nəticələrinin müzakirə və təsdiqinə həsr olunmuş iclas zamanı Donald Trampın tərəfdarlarının zorla Konqresin binasına daxil olması demokratiyaya əsas təhlükənin kütlə, cəmiyyətin savadsız hissəsi olduğunu bir daha təsdiqlədi: “Məhz cəmiyyətin savadsız hissəsi və bu təbəqədən istifadə edən mənfəətpərəstlər Tramp kimi kəmağılların hakimiyyəti ələ keçirməsinə səbəb olurlar. 2015-ci ilin noyabrında keçirilən seçkidən dərhal sonra Tramp haqqında yazdığım bütün yazı və statuslarda bu şəxsin adının önündə bir qayda olaraq kəmağıl ifadəsindən istifadə etmişəm. Azərbayaan ictimi-siyasi fikirinə təsir etmək imkanı olan bəzi dostlar dəfələrlə mənimlə mübahisə edərək, Trampın kəmağıl olmadığını, əksinə ağıllı bir şəxs olduğun iddia ediblər. Bu “ağıllı” adam hələ də rəhbər olduğu siyasi sistemin ligitimliyini şübhə altına almaqdan və təmsil etdiyi cəmiyyəti iki yerə bölməkdən çəkinmir”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org