“Qurban Məmmədovun həbsi İngiltərə və Azərbaycan arasında problemlərin yaranmasına gətirib çıxaracaq” – SƏRDAR CƏLALOĞLU

246

“Siyasi sığınacaq insanları repressiyalardan xilası üçün nəzərdə tutulmuş beynəlxalq qorunma tədbiridir”

İngiltərədə siyasi mühacir həyatı yaşayan “Azerifreedom” internet kanalının rəhbəri, tanınmış hüquqşünas Qurban Məmmədovun Türkiyədə saxlanılması barədə informasiyalar yayılıb. Məsələylə bağlı Qurban Məmmədovun qardaşı, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğluyla əlaqə saxladıq.

O, Hurriyyet.org-a açıqlamasında İngiltərədə siyasi sığınacaq alan Qurban Məmmədovun Türkiyədə həbs olunmasının, İngiltərə və Azərbaycan arasında problemlərin yaranmasına gətirib çıxaracağını bildirdi: “Bu barədə mənim heç bir məlumatım yoxdur. Mətbuatdan eşitmişəm. Onunla hər hansısa bir əlaqəm olmadığına görə, necə və hansı şəraitdə tutulması barədə məlumatsızam. Qurban Məmmədovun tutulması beynəlxalq qanunlara görə ziddir. O, İngiltərədə siyasi sığanacaq alıb. Siyasi sığınacaq insanları repressiyalardan xilası üçün nəzərdə tutulmuş beynəlxalq qorunma tədbiridir. Bu baxımdan, Qurban Məmmədovun İngiltərədə siyasi sığınacaq aldığı təqdirdə həbs olunması, İngiltərə və Azərbaycan  arasında problemlərin yaranmasına gətirib çıxaracaq. Mən, vaxtilə Rəsul Quliyevi Avropada müşahidə etmişəm. Onu da İnterpol xətti ilə axtarışa vermişdilər. Bir neçə dəfə Rəsul Quliyevi saxladılar. Lakin qısa müddət ərzində ABŞ Dövlət Deportamenti işə qarışdı və dərhal üzr istəyib buraxdılar. Yəni, beynəlxalq hüquqda siyasi mühacirlərin tutulması, dövləti cinayət kimi qiymətləndirilir. Digər tərəfdən, Qurban Məmmədov kifayət qədər savadlı hüquqşünasdır. Əgər, onu doğurdan da Türkiyənin tutmaq şansı olsaydı, televiziya vasitəsilə Türkiyəyə gedəcəyini bildirməzdi. Bu, bir daha göstərir ki, Qurban Məmmədov Türkiyəyə düşünülmüş şəkildə gəlib. Əgər, o həbs olunacaqsa, bu onun hansısa niyyətlərindən xəbər verir. O, savadsız adam deyil ki, hökümətin onun haqqında axtarış verdiyini bilə-bilə efir vasitəsilə Türkiyəyə gedəcəyini bildirsin. Eyni zamanda o, Türkiyəyə yüksək səviyyəli görüşlə bağlı getdiyini bildirib. Dəvət göndərən tərəf də Qurban Məmmədovun beynəlxalq axtarışa verildiyini bilir və onun təhlükəsizliyinə də təminat verməlidir. Nə edək ki, dünyada məntiqdən də kənar hadisələr baş verir”.

Hər bir şəxsin apardığı mübarizənin nəticələrini bilib, mübarizə aparmalı olduğunu vurğulayan ADP sədrinin sözlərinə görə, çox güman ki, Qurban Məmmədov da indiyə qədər apardığı mübarizənin sonunun necə olacağını açıq şəkildə fikirləşib: “Bu mənada tutulması da, onun öz planlarına daxil olan məsələdir. Belə başa düşürəm ki, Qurban Məmmədovun həbs olunması onun əleyhinə işləyən məsələ deyil”.

YƏHYA