Qurban Məmmədovun evinin dağıdılması hakimiyyəti “ikiyə parçaladı” – EVİN SÖKÜLMƏSİNƏ ETİRAZ EDƏNLƏR VAR…

591

Xəbər verdiyimiz kimi, İngiltərədə siyasi mühacir həyatı yaşayan “Azerifreedom” internet kanalının rəhbəri, tanınmış hüquqşünas Qurban Məmmədovun dünən Nərimanov rayonu ərazisindəki evinin söküntüsünə başlanılıb.
Hürriyyet.org-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Nərimanov rayonu icra hakimiyyəti rəhbərliyi söküntüyə birbaşa nəzarət edib.
Qeyd edək ki, beşmərtəbəli evin birinci və ikinci mərtəbəsi tamamilə dağıdılıb, Q.Məmmədovun yuxarı mərtəbədə yaşayan ailə üzvlərinə isə əşyaları çıxarmaq üçün bu gün saat 12:00-dək vaxt verilmişdi. Əşyalar daşındıqdan sonra, guya kupçası ləğv olunduğu iddia edilən 5 mərtəbəli evin yerlə-yeksan ediləcəyi bildirilirdi.
Bu gün Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, söküntü ilə bağlı məhkəmə qərarı yoxdur: “Məhkəmə qərarı olmadığı üçün hər hansı söküntüdən söhbət gedə bilməz”.
Bununla belə, hazırda polis və ya DTX əməkdaşları olduğu güman edilən mülki geyimli şəxslər, eləcə də Nərimanov rayon 18-ci polis bölməsinin əməkdaşları mənzili mühasirədə saxlayırlar.
Bütün bunlar isə belə bir rəy formalaşdırıb ki, Q.Məmmədovun evinin qanunsuz olaraq sökülməsi ilə bağlı hakimiyyət daxilində birmənalı mövqe yoxdur. Çox güman ki, dünən söküntü aparılanadək bu haqda prezident İlham Əliyevin də məlumatı olmayıb. Əks halda, BŞİH bu gün “Məhkəmə qərarı olmadığı üçün hər hansı söküntüdən söhbət gedə bilməz”, – deyə açıqlama verə bilməzdi. Görünür, ölkə başçısı bu hadisədən xəbər tutduğundan, söküntünün dayandırılması haqda göstəriş verib.
Xatırladaq ki, bir neçə gündür hökumətyönlü mətbuatda Qurban Məmmədovun Ramiz Mehdiyevin adamı olması və Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyev tərəfindən maliyyələşdirildiyi haqqında iddialar yayılıb. Bu qanunsuz söküntü onu deməyə əsas verir ki, Abidin Fərzəliyev Qurban Məmmədovla əlaqəsinin olmadığını sübuta yetirmək üçün onun evinin söküntüsünə başlayıb və bununla özünü “təmizə çıxarmağa” çalışır. Çox güman ki, bu söküntü də birbaşa Ramiz Mehdiyevin, yaxud da hakimiyyətdəki ona bağlı qüvvələrin göstərişi ilə həyata keçirilib. Hansı ki, bu da açıq-aşkar prezidentə qarşı sabotajdır.

Hurriyyet.org

Mövzunu diqqətdə saxlayırıq. Əlavə məlumat veriləcək.