QURBAN MƏMMƏDOVUN EVİ DAĞIDILIR – Söküntüyə Nərimanovun icra başçısı rəhbərlik edir / VİDEO

741

İngiltərədə siyasi mühacir həyatı yaşayan “Azerifreedom” internet kanalının rəhbəri Qurban Məmmədovun Nərimanov rayonu ərazisindəki evinin söküntüsünə başlanılıb. Hürriyyet.org-un əməkdaşının verdiyi məlumata görə, Nərimanov rayonu icra hakimiyyəti rəhbərliyi söküntüyə birbaşa nəzarət edir.

Əldə etdiyimiz məlumata görə, Qurban Məmmədovun beşmərtəbəli evinin kupçası ləğv olunub. Söküntü məhkəmə qərarı olmadan aparılır.

Hazırda birinci və ikinci mərtəbələrdə söküntü işləri aparılır. Evin əşyalarının çıxarılmasına icazə verilmir.

Xatırladaq ki, bir neçə gündür mətbuatda Qurban Məmmədovun Ramiz Mehdiyevin adamı olması və Nərimanov rayon icra hakimiyyətinin başçısı Abidin Fərzəliyev tərəfindən maliyyələşdirildiyi haqqında iddialar yayılıb.

Söküntü onu deməyə əsas verir ki, Abidin Fərzəliyev Qurban Məmmədovla əlaqəsinin olmadığını sübuta yetirmək üçün onun evinin söküntüsünə başlayıb və bununla özünü “təmizə çıxarmağa” çalışır.

Mövzunu diqqətdə saxlayırıq. Əlavə məlumat veriləcək.