Qurban Məmmədovla əlbir olan “şəbəkə” çökdürüldü

939

Uzun müddətdir ki, ölkəmizin təhlükəsizlik orqanları xaricdə yaşayan, “söyüş kampaniyası” aparan və xarici kəşfiyyat orqanlarına işləyən bir qrup bloqerin izinə düşüb. Nəticə tam bizim istədiyimiz kimi olmasa da, onlardan bəziləri elə yerindəcə, bəziləri tutularaq ölkəyə gətirilməklə, susduruldu. Amma təəssüf ki, bir qrup şəxsin arxasında böyük dövlətlərin kəşfiyyat orqanları durduğundan, hələ onlarla “baş etmək” mümkün olmayıb.

Bunlardan bir də 2018-ci ildə İngiltərəyə köçən və orada özünə “AzeriFreedom” adlı “Youtube” kanalı yaradan Qurban Məmmədovdur. Bu, həmin Qurban Məmmədovdur ki, müxtəlif qondarma ittihamlarla üç dəfə həbsə atılmağına baxmayaraq, yenə də öz tutduğu yoldan dönməyib.

Təbii ki, Londonda oturub, bizm ölkəmizi “qarışdırmağı” öz qarşısına məqsəd qoyan Q.Məmmədova külli miqdarda vəsait lazım idi. Çünki hakimiyyətimiz tərəfindən illərlə inamlı və davamlı basqılar onu ölkəmizdə müflis vəziyyətə gətirmişdir.

“Bəs, bütün bu planları həyata keçirmək üçün külli miqdarda   vəsaiti haradan almalı idi” sualı Qurban Məmmədovu bir neçə böyük dovlətin kəşfiyyat orqanları ilə “əməkdaşlıq etməyə” sövq edirdi. Ən nəhayət, qurulan planlar, atılan düzgün addımlar Q.Məmmədovu istəyinə çatdıra bildi. Belə ki, o, dünya super-gücləri olan ABŞ, Çin, İngiltərə və Rusiya xüsusi xidmət orqanlarının əməkdaşları ilə “əlaqə yaratmağı” bacarmışdır.

Təbii ki, Qurban Məmmədovun qısa bir müddətdə varlanması və özünə dünya çapında bir televiziya açması bizləri narahat etməyə bilməzdi. Çünki onun əli ilə ölkəmizə qarşı “çirkin kampaniya”nın aparılması qaçılmaz idi.

Amma bizi narahat edən əsas məsələ Q.Məmmədovun paytaxtımızdakı əlbir olduğu gizli şəbəkəsi idi.

Bizim də bir dövlət olaraq ilk işimiz Əgər düşmənə qalib gəlmək istəyiriksə, ilk olaraq içimizdəki əli kəsməliyik” atalar sözünə söykənib, həmin şəbəkəni aşkarlamaq və səssizcə zərərsizləşdirmək idi.

Əlbəttə, istər Prokurorluq orqanında, istər Daxili İşlər Nazirliyində, istər də Dövlət Təhlükəsizlik Xidmətindəki  peşəkarların, üstün qabiliyyətli kadrların olması dövlətimizə təhdid yaradan həmin şəbəkədəki “agentlərin” aşkarlanmasında öz bəhrəsini verməli idi.

Sevindirici haldır ki, aparılan əməliyyat tədbirləri gec də olsa öz bəhrəsini verdi. Qurban Məmmədova bağlı “xain əllər” təsbit edilərək, kəsildi.

Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, ŞƏBƏKƏ ifşa olunsa da, layiqli cəzalarını almadılar. Sadəcə evlərini başlarına yıxmaqla kifayətləndilər. Buna da səbəb mənsub olduqları dövlətlərin ciddi müdaxiləsi idi…

Hörmətli oxucu! Neçə ki, həmin ŞƏBƏKƏ ölkəmizi tərk etməyib, hələ də dövlətimizə qarşı təhdid qalmaqdadır.

Beləliklə, dəyərli oxucu, indi “Hürriyyət”in əldə etdiyi gizli sənədlərdəki adları sizlərlə böüşürük.

Şəbəkənin önəmli isimlərindən birincisi Çin Dövlət Təhlükəsizliyi Nazirliyinin (MSS) əməkdaşı, 2007-ci il təvəllüdlü, “Qartal göz” ləqəbi ilə tanınan Fidan Haqverdiyevadır.

İkincisi, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (Central Intelligence Agency – CİA. MKİ) əməkdaşı, “Şahin göz” ləqəb ilə tanınan, 2009-cu il təvəllüdlü Nuray Haqvediyevadır.

Üçüncüsü, İngiltərə Gizli Kəşfiyyat Xidmətinin əməkdaşı, “Qırğı göz” ləqəb ilə tanınan, 2008-ci il təvəllüdlü Nərmin  Məmmədovadır.

Dördüncüsü və ŞƏBƏKƏnin lideri Rusiya Federal Kəşfiyyat Xidmətinin (FTX) əməkdaşı, “Aslan pəncəli” ləqəbi ilə tanınan, 2017-ci il təvəllüdlü Alina Məmmədovadır.

Vüqar MƏMMƏDOV

P.S. Dəyərli oxucu! Mən bu sətirləri yazarkən utancımdan, xəcalətimdən az qala öləcəkdim. Dövlətimin belə rəzil vəziyyətə düşməsi məni çox incidir. Özümə yer tapa bilmirəm.

Görün, biz nə günə qalmışıq ki, babasının xaricdəki fəaliyyətinə görə nəvəni öz şəxsi evindən çölə atırlar. Bu, nə qanunlara, nə kişiliyə, nə əxlaqa, nə də mənəviyyata sığışdırılacaq bir məsələdir.

Baba vətən xaini də, cinayətkar da ola bilər. Amma bunun bədəlini nəvəsinə ödətmək… mən buna ad tapa bilmirəm.

İndi siz deyin, kimdir günahkar?