Qürbətdəki birlikdən dövlətçilik həmrəyliyinə

375

Azərbaycan dövlət müstəqilliyinə           qovuşduqdan sonra, təbii olaraq, başqa xalqlarda olduğu kimi, bizim də diapsorumuz yaranmağa başladı. İndiki MDB, Avropa, Amerika və Asiyada qürbətdə yaşayan soydaşlarımız bir araya gələrək diaspor təşkilatlarını yaratmağa başladılar. Bu proses ilk öncə sadəcə soydaşlıq, humanitar və mədəni bir birlik adı altında fəaliyyət göstərirdisə, artıq Azərbaycan dövlətinin varlığına dəstək xarakterli güc kimi olaraq inkişaf etməkdədir.
Xüsusilə Ermənistanın 30 illik işğalçılıq siyasətinə qarşı əzm və iradə nümayiş etdirməsi diaspor tariximizin ən qürurverici anı hesab etmək olar. Yola salmağa hazırlaşdığımız 2020-ci il bir də onunla əlamətdardır ki, artıq hamımızın vahid vətəni olan Azərbaycanın işğal olunmuş əraziləri düşmən qüvvələrdən tamamilə azad edilibdir. Bu möhtəşəm tarixi zəfərin əldə olunmasında sözsüz ki, milli diaspor təşkilatlarımızın xidmətləri az deyil. İlk dəfə olaraq 31 “Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nündə keçiriləcək tədbirlərdə artıq “Gələn ili Qarabağda keçirək” kimi səmimi və kövrək notlar üzərində köklənmiş dilərklərimizlə deyil, müzəffər Milli Ordumuz tərəfindən tamamilə azad edilmiş Vətən düşüncəsi ilə bu bayramı hamılıqla birlikdə qeyd edəcəyik.

Diaspor və milli təşkilatlanmada dövlətimizin rolu

Diaspor fəaliyyəti və lobbi quruculuğu ilə bağlı tədbirlərə gələn il büdcədən ayrılacaq vəsaitin məbləği məlum olub. 2021-ci ilin dövlət büdcəsindən diaspor fəaliyyəti və lobbi quruculuğu ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün ayrılan vəsaitin məbləği açıqlanıb. Belə ki, Milli Məclisə təqdim edilən  “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb. Xarici ölkələrdə yaşayan soydaşlarımızın daha da sıx şəkildə təşkilatlanması, ölkənin tarixi və mədəni irsinin təbliği ilə bağlı tədbirlərin, Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılması, digər xalqların diasporları ilə əlaqələr və lobbi quruculuğu məsələsində tədbirlərin maliyyələşdirilməsi üçün 7,3 milyon manat vəsait nəzərdə tutulub. Əlbəttə bu rəqəm daha da artıq ola bilərdi. Ancaq, mümkün reallıqlar da sübut edir ki, indiki məqamda bunca vəsait tamamilə yetərli hesab oluna bilər. Azərbaycanın Ermənistandan fərqi ondadır ki, gözünü açıq diaspor təşkilatlarından dövlət büdcəsini doldurmaq üçün kimsədən ianə istəmir. Bunun əvəzində diaspor təşkilatlarımıza dayaq olmaq üçün gərəkən addımları atır.
O da bəllidir ki, son 2-3 ildə ilk dəfə olaraq, Azərbaycan milli diaspor təşkilatları məhdud çərçivədə deyil, bizə dayaq olan digər xalqların diaspor təşkilatları ilə birlikdə addımlar atırlar. Buna misal olaraq, “Amerika Türklərinin Diaspor Təşkilatları Federasiyası”, “Avropa Türk-İslam Təşkilatları Federasiyası”, uyğur, qazax, tatar, türkman və digər xalqların təmənnasız olaraq bizə verdiyi dəstək və həmrəylik nümayiş etdirməsi qürurverici faktorlardan biridir. “Amerika Yəhudi Təşkilatları İttifaqı” və digər xalqlara məxsus təşkilatların da ölkəmizdə açıq şəkildə həmrəylik nümayiş etdirməsi qürurverici amillərdən biridir. Bütün bunlar nəticədə Azərbaycan dövlətinə və xalqına olan isti münasibətlərin təzahürünə çevrilir. Artıq dövlətmiz bir neçə il öncəki bəzi neqativ halların aradan qaldırılması istiqamətində çox ciddi addımlar atmaqdadır. Bu da bütün diaspor təşkilatlarımız arasında səmimi və ciddi münasibətlərin inkişafı üçün böyük təkandır.

Dünyanın gözü Azərbaycandadır

İsrailli politoloq Yuriy Boçarov Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan 44 günlük Vətən müharibəsi zamanı diasporumuzun dövlətə və orduya dəstək üçün yumruq kimi birləşməsindən yazıb. “Qafqazda müharibə Azərbaycan diasporunu birləşdirdi” başlıqlı məqalədə müəllif bildirir ki, insanlar pandemiyadan da ehtiyat etmədən küçələrə axışaraq Azərbaycana və onun qəhrəman ordusuna dəstəyini nümayiş etdirdi, sosial şəbəkələrdə Azərbaycan diasporu nümayəndələrinin 100-lərlə məqalə, müzakirə və müraciətləri yayımlandı”.

Əsas diqqəti İsraildəki Azərbaycan icmasının gördüyü işlərə yönəldən Y.Boçarov yazır ki, təkcə İsraildə “Azİz”in rəhbərliyi ilə bir neçə kütləvi aksiya və nümayiş keçirilib: “İsrail ermənilərin və onların havadarı olan KİV-lərin hücum etdiyi Azərbaycanla bir səngərdə idi. Biz isə həmin günlərdə, bu müharibədə Azərbaycanla həmrəyliyimizlə bağlı məqalələr yaymaqla onların layiqli cavabını verdik. Təkcə “Azİz”in üzvləri Azərbaycanın haqlı davasını əks etdirən 200-dən artıq məqalə dərc etdirib. Bundan başqa, İsrail Azərbaycan əsgərinə yardım göndərən, müxtəlif fondlara maddi dəstək göstərən ilk ölkələrdəndir”.

Vətənə sevginin, başqa vaxtlarda bir-biri ilə rəqabətdə olan, diaspor təşkilatlarını sıx birləşdirdiyini vurğulayan müəllif müharibə dönəmində ABŞ-da “May vey”, Çexiyada “Natəvan” təşkilatlarının, Almaniya, Ukrayna və digər ölkələrdə Koordinasiya Şuralarının həmrəylik aksiyaları təşkil etdiklərini xatırladıb. Məqalənin sonunda Yuriy Boçarov Azərbaycandan köçənlərin əksəriyyətinin təcrübəli mütəxəssis kimi işğaldan azad edilmiş ərazilərimizin bərpası işlərində iştirak etməyə hazır olduğunu yazır.

(Məqalənin tam mətni ilə aşağıdakı linkdə tanış ola bilərsiniz:

https://stmegi.com/opinions/posts/85330/voyna-na-kavkaze-splotila-i-obedinila-azerbaydzhanskuyu-diasporu)

 

Çexiyada XARI BÜLBÜL süvdası

Çex Respublikasının paytaxtı Praqada yerləşən Karlova Universitetinin botanika bağına “Xarı bülbül” çiçəyi hədiyyə edilib. Diaspor fəalları Şəbnəm Əsədova və Rumiyə Əlinin təşəbbüsü ilə Azərbaycandan gətirilmiş “Xarı bülbül” çiçəyinin çex botaniklərinə təqdim olunması tanınmış azərbaycanlı biokimyaçı alim, Əməkdar elm xadimi, Karlova Universitetinin qızıl medalına layiq görülmüş professor Akif Quliyevin anım mərasimi çərçivəsində baş tutub. Çex Respublikasında yaşayan soydaşımız Eldar Vəliyevin təşəbbüsü ilə həyata keçirilən tədbirdə Karlova Universitetinin botanika bağının rəhbəri Ladislav Pavlata, biologiya fakültəsinin elmi işçiləri və mərhum professorun həmkarları – elmlər doktoru Vladislav Şvatora və Milan Kaftan, botanika bağının kuratoru Tomaş Proxazka, azərbaycanlı icmasının nümayəndələri Emma Lazar və Xədicə Əliyeva iştirak ediblər. Botanika bağının müdiri L.Pavlata qonaqlara minnətdarlığını bildirib və bu gülün bitməsi üçün kollektivin əlindən gələni əsirgəməyəcəyinə söz verib. Tədbirdə çıxış edən E.Vəliyev və V.Şvator professor Akif Quliyevin iki ölkə arasında elm və təhsil əlaqələrinin qurulmasında və inkişafında xidmətləri, birgə aparılan tədqiqatlardakı iş birliyi, azərbaycanlı alimin vasitəsiçiliyi ilə çex tədqiqatçıların Azərbaycana səfərlərinin təşkil olunması barədə ətraflı danışıblar.

Fransızlar bizi də dinləməlidirlər

“RT France” telekanalında Azərbaycanın mövqeyi səsləndirilib

Fransanın “RT France” telekanalında erməni vəkil Fransua Devidjanla debata çıxan azərbaycanlı hüquqşünas Zaur Sadıqbəyli Fransa KİV-lərini birtərəfli mövqe tutmamağa dəvət edib. Onu da qeyd edək ki, Azərbaycanın Qarabağ bölgəsində baş verən hadisələrin müzakirəsi zamanı Zaur Sadıqbəyli əvvəlcə diqqəti Fransa KİV-lərinə girişin azərbaycanlıların üzünə bağlanmasına cəlb edib. O, yerli medianı balansı qorumağa, Fransada yaşayan azərbaycanlı icmasının mövqeyini dinləməyə çağırıb: “Harada bir erməni danışsa, bir azərbaycanlı da orada olmalıdır”.

Soydaşımız 44 günlük müharibənin nəticəsi olaraq tərəflərin qəbul etdiyi 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra sosial mediada erməni fəalların intiqam almağa, yeni müharibəyə hazırlaşmaq çağırışlarına diqqəti cəlb edib. Qeyd edib ki, bu cür hallar Azərbaycan və Ermənistan arasında sülhə xidmət etmir və dünyanın heç bir ölkəsi, o cümlədən Azərbaycan öz ərazisinin işğal olunması ilə razılaşa bilməz.

Azərbaycanlı hüquqşünas əlavə edib ki, qarşı tərəfin “öz müqəddəratını təyinetmə”, “Qarabağ əhalisinin hüquqlarının qorunması” mövzusunda çıxışı maskalanmış ərazi iddialarından başqa bir şey deyil. O nəzərə çatdırıb ki, Dağlıq Qarabağ ermənilərinin “öz müqəddəratını təyinetməsi” Ermənistan dövlətinin varlığı, beynəlxalq hüquq və tarix baxımından qeyri-mümkündür: “…bu vəziyyətdə yeganə həll yolu Ermənistanın bu həqiqəti qəbul etməsidir”.

Əcdadlarının ərazisi olan İrəvanda doğulan bir azərbaycanlı kimi Ermənistanı və bu ölkənin tarixini erməni vəkildən daha yaxşı bildiyini söyləyən soydaşımız erməni dilində dünya ermənilərinə müraciət edib. O, erməniləri 44 gün ərzində Qarabağ cəbhəsində qalib gəldikləri ilə aldadan Ermənistan rəhbərliyinin qurbanı olmamağa səsləyib: “Azərbaycan işğal edilmiş torpaqlarını azad etmək üçün 2783 əsgərini itirdi. Bəs erməni əsgərləri niyə öldü?”.

Z.Sadıqbəyli əlavə edib ki, bütün hərbi cinayətlərin araşdırılmasına, cinayətkarların cəzalandırılmasına tərəfdardır və bu məsələnin I Qarabağ müharibəsindən, xüsusilə də Xocalı soyqırımından başlanmasını istəyir. O, həmçinin xatırladıb ki, indiyə qədər ermənilərin bu mövzuda azərbaycanlıları günahlandırmaq məqsədilə təqdim etdikləri videolar saxta çıxıb. Ermənilərin tarixi saxtalaşdırma və uydurmalarından çox təəssüfləndiyini bildirən soydaşımız vurğulayıb ki, hazırda Cənubi Qafqaz tarixi ilə maraqlananlar üçün videomühazirələr oxuyur. Həmin mühazirələr zamanı tarixi faktlara və sənədlərə əsasən ermənilərin çar Rusiyası tərəfindən Azərbaycan ərazisi olan Qarabağ xanlığına köçürüldüyünü, azərbaycanlıların ermənilər tərəfindən etnik təmizləmələrə məruz qaldığını, İrəvan xanlığının tarixi torpaqlarında yaşayan ata-babalarının kütləvi qırğına məruz qaldığını və qovulduğunu sübut edir.

“Hürriyyət”