“Qurani-Kərimdə təzadlı məqamlar çoxdur” – “Nədən insanları şərabla, hurilərlə şirnikləndirirlər?…”

    39

    Fəzail Mehdiyev: “İndiki insanlar 7-ci əsrdə yaşayan bədəvi ərəblər deyil ki, onları cənnət və cəhənnəmlə aldada bilim”

    “Mən 50 yaşımda, yəni 5 il sonra bu günədək etmədiyim astral səyahətə çıxacağam… Məqsədim ümumiyyətlə Yerin cazibəsindən çıxmaqdır”

    “Bu dünyada yaşamaq üçün insana cəsəd lazımdır. Missiyasını yerinə yetirdikdən sonra isə cəsədi tullayıb gedir, heç maraqlanmır da ki, cəsədi necə oldu”

    Müsahibimiz “Hürriyyət”in oxucularına yaxşı tanış olan keçmiş ilahiyyatçı, deist, dinlə bağlı təzadlı, bəzən gözlənilməz fikirləri ilə həm qınaq obyekti olan, həm də diqqət çəkən Fəzail Mehdiyevdir.

    (Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/astral_seyahete_gederken_odun_icinden_kecdim_-_fzail_mehdiyev)

    – Yəni bizim cismimimz potensial cəsəddir…

    – Bəli. Fərz edək ki, mən metro qatarı ilə “Həzi Aslanov” stansiyasına gedirəm. “Həzi Aslanov”a çatanda metronu tərk edirəm. Çünki mənzil başına çatmışam və daha metroya ehtiyacım yoxdur. Burdan belə başqa bir nəqliyyat növü gərəkdir.

    İnsan da belədir. Bu dünyada yaşamaq üçün ona cəsəd lazımdır. Missiyasını yerinə yetirdikdən sonra isə cəsədi tullayıb gedir, heç maraqlanmır da ki, cəsədi necə oldu.

    – Bəs ruhun aqibəti necə olur?

    – Məsələ ondadır ki, biz istifadə etdiyimiz, əlimizdə tutduğumuz telefonun nə olduğunu, nə üçün gərək olduğunu bilirik, amma telefon heç vaxt bizi anlaya bilməz. Çünki o bizi yox, biz onu idarə edirik. Bizi də ruh idarə edir. Buna görə də ruh bizi anlayır, biz isə ruhu anlamırıq.

    Tarixdə o qədər ruhşünaslar olub ki. Əsrlər boyu ruhu araşdırıblar, amma heç bir nəticə əldə edə bilməyiblər, sonda isə yazıblar ki, doğrusunu Allah bilir.

    Yaxşı, bəs bu Allah kimdir? O nədir? Bəlkə ruhun özü elə Allahdır? Bəlkə hərəmiz öz-özlüyümüzdə elə bir Allahıq? Bəlkə Nəsimi “haqq mənəm, haqq məndədir” söyləyəndə məhz buna işarə edirmiş? Bəlkə də biz kiminsə Allahıyıq? Bəlkə də əsas allahlardan biri də elə bizik? Amma bilmirik biz kimik. Bu dünyaya gəlişimiz və sonumuz bizə bəlli deyil.

    Mövlanə Cəlaləddin Ruminin bir deyimi var. Deyir: “Bir əvvəl var, bir axar var, bir axır. Gələn qalmaz, gedən gəlməz, əcəb sirr”.

    Bir mənbə var, bir mənsəb var. Biz mənbə hardandır bilmirik, yəni axarımızın hardan gəldiyindən xəbərsizik. Mənsəbimizin hara gedib töküləcəyi də bizə bəlli deyil. Sadəcə axara qoşulub gedirik. Gedib burulğanlara da düşürük, dayaz yerlərdən də, dərin yerlərdən də keçməli oluruq. Başımız qayadan-qayaya dəyir, daş-kəsəyə ilişirik, bizə tor, qarmaq atanlar da olur.

    Bəzi balıq növləri öz kürülərini şirin su hövzələrində qoyurlar. Bunun üçün isə okeanlardan, dənizlərdən çıxıb çaylara üz tuturlar. Üz tutduqları çayın mənbəyinə çatana kimi min bir sınaqdan çıxmalı olurlar. Beləcə, səfərə çıxan təxminən 10 min balıq sürüsündən yalnız 100-150-si mənzilbaşına çatır, qalanları isə tələf olur.

    Haqqında danışdığımız ilahi erşq də belədir. Biz o ilahi eşqin axarına düşüb gedirik. Çoxumuzun ilahi eşq haqa təsəvvürü belə yoxdur, onu dərk etmək üçün təfəkkür belə formalaşmayıb. “Neynəyək, nətəhər edək, kimə kələk gəlib pu qazanaq”- budur müasir dünya adamının düşüncəsi. Hərə qarşısına bir məqsəd, bir vəzifə qoyur, hər kəs bu dünyadakı missiyasını özü seçir.

    Mən də astral səyahət seçimi etmişəm. Amma müəyyən həyat şərtləri ilə əlaqədar olaraq (ailə, övladlar) hələlik müəyyən bir dövrədək gözləyirəm və özümü həmin səyahətə hazırlayıram.

    Mən 50 yaşımda, yəni 5 il sonra bu günədək etmədiyim astral səyahətə çıxacağam. Hazırkı astral səyahətlərimdə ölümlə olum arasındakı faiz fərqi 80-nin 20-dir. Yəni 80 faizi ölüm, 20 faizi gerçək dünyaya qayıdışdır. Edəcəyim astral səyahətdə isə Qurani-Kərimin təsdiq etdiyi meracın təbəqələrini, mərtəbələrini aşmaq var. Sadəcə yaşıma və övladlarıma görə hələlik o mərtəbələri aşmaq istəmirəm. Onu da deyim ki, dediyim astral səyahətdən 100 faiz qayıtmaya bilərsən, amma qayıtmaq ehtimalı da var. Orda mücadilələr aparmalı, vuruşmalı, müxtəlif sınaqlardan keçməli olacağam. Müasir terminlərlə desəm, qayıtmaq üçün xüsusi kodlar bilməliyəm və onlardan yerli-yerində düzgün istifadə etməyi bacarmalıyam.

    Fikrimi izah etmək üçün bir misal çəkim. Bir var, qarşına məqsəd qoyub əvvəlcə velosiped, sonra maşın, daha sonra isə helikopter idarə etməyi öyrənəsən, bir də var, kosmik raket idarə edəsən, kosmik peykə qalxasan.

    Yəni astral səyahətin bu cür mərtəbələri var. Deyək ki, hazırda avtomobil idarə edə bilirəmsə, bu o demək deyil ki, traktor da sürə bilərəm. Astral səyahətin ən yüksək mərtəbəsi kosmik peykə qalxmaqdır. Mən buna hazır deyiləm. Doğrudur, peyk Yerdən idarə olunur. Amma Yerdən belə olsa, hələlik onu idarə edə bilmirəm. Yəni bunun üçün təlim keçirəm öz daxilimdə. Məqsədim ümumiyyətlə Yerin cazibəsindən çıxmaqdır.

    Cəsəd mənim üçün önəmli deyil. Mənim üçün önəmli olan ruhani missiyamdır.

    Tutaq ki, lap 100 il yaşadım. Nə mənası? Bütün sevdiklərimi itirib özüm də bayquş kimi tək qalacağamsa, uzunömürlüyün mənə nə xeyri?!

    – Ruhani missiyanızı nədə görürsünüz?

    – Qurani-Kərimdə deyilir ki, Məhəmməd Peyğəmbər merac etdi, göyün müxtəlif sferalarından keçib sonsuzluğa qovuşdu. O sonsuzluğa ki, orda zaman və məkan anlayışları yoxdur. Peyğəmbər deyir ki, mən orda Allahla danışırdım, onun səsini eşidirdim, amma səsin hansı tərəfdən gəldiyini bilmirdim. Hərəkətsiz dayanmışdım, amma yeriyirdim(Sanki eskalatorda hərəkətsiz durmusan, amma hərəkət edirsən). Getdiyim yer işıqlı idi, işıqlandırılırdı, amma işıq şüasının hardan düşdüyünü bilmirdim.

    Məhəmməd Peyğəmbər astral səyahətin ən yüksək həddinə yetmişdi. Hərçənd ki, ola bilsin, ondan daha yüksək həddə varanlar da olub.

    – Siz ondan daha yüksək həddə çatmaq istəyirsiniz?

    – Xeyr. Mənim missiyam tam fərqlidir. Təbii ki, mən peyğəmbərlik iddiasında deyiləm. Çünki bilirəm ki, peyğəmbərlər öz dövründə yaxşı qarşılansalar da, müəyyən bir vaxtdan sonra qınaq hədəfinə çevrilirlər.

    Bir də ki, peyğəmbər olub nə edəcəyəm? Yeni bir din yaradacağam? Hansı dini yaradacağam? İnsanların qarşısına nə qoyacağam? Yüksək texnologiyalar əsri olan 21-ci əsr insanlarına nəyi izah edəcəyəm? Bunlar artıq hər şeyi bilir axı. Bunlar 7-ci əsrdə yaşayan bədəvi ərəblər deyil ki, onları cənnət və cəhənnəmlə aldada bilim. Deyim ki, Allah bu dünyada qadağan edən nəsnələri haqq dünyasında halal edir. Bu dünyada spirtli içki qəbul etmək, zina etmək olmaz, amma ötəki dünyada şərab çay kimi axır, hurilərlə hər zövq-səfa dadacaqsınız. Bəli, o dövrün insanları bunu qəbul edirdi, amma müasir insan bu cəfəngiyyata inanmır.

    Mən heç vaxt hər hansı dini ideoligiya yaratmaq barədə düşünməmişəm, mənim üçün din əhəmiyyətli deyil, mənim bircə missiyam var – bu dünyadan köçməmiş mənim üçün qaranlıq qalan məqamların çözümünü tapmaq. Özüm üçün və mənə inanan, məni qəbul edən insanlar üçün. Sadəcə astral səyahətdən qayıdıb gəlim və onlara söyləyim ki, Qurani-Kərimdə təsvir olunan cənnəti gedib tapdım, orda hər şey heç də müqəddəs kitabda yazıldığı kimi deyil.

    Ümumiyyətlə, Qurani-Kərimdə təzadlı məqamlar çoxdur. Həmçinin də cənnət-cəhənnəm mövzusu ilə bağlı. Misal üçün, niyə deyilmir ki, bu dünyada pis əməllərdən çəkinsən, haqq dünyasında kitab oxuyub maariflənməklə mükafatlandırılacaqsan? Nədən insanları şərabla, hurilərlə şirnikləndirirlər? Çünki o dövrdə insanların kitaba marağı yox idi, onları yalnız bu cür dinin əsiri etmək olardı.

    – Əslində özünüzə ox təhlükəli bir missiya seçmisiniz. Ölümlə olum arasında qalmaq kifayət qədər vahiməli və qorxuludur.

    (Ardı var)

    Hazırladı: Banu OĞUZ, Hurriyyet.org