“Zaman Georgi Marqvelaşvilinin zamanıdır” – SİYASİ ŞƏRHÇİ

    27

    Zeynal Əmrəliyev: "O, müxalifətin liderliyini öz üzərinə götürə və uğur qazana bilər"

    "Vəziyyətdən yaxşı istifadə etməyi bacarsa, Marqvelaşvilinin şansı həm İvanişvilidən, həm də Saakaşvilidən çoxdur"

    "Gürcüstanın keçmiş prezidenti Georgi Marqvelaşvili baş verən etirazların fonunda müxalifətin tərəfinə keçdiyini bildirib. Etirazçı kütlənin qarşısına çıxan keçmiş prezidentin çıxışını insanlar alqış sədaları ilə qarşılayıb. Bu, olduqca maraqlı hadisədir". Hurriyyet.org xəbər verir ki, bu fikirlər "Atlas" Araşdırmalar Mərkəzinin eksperti Zeynal Əmrəliyevə məxsusdur.

    Bu günə qədər gürcü müxalifətinin içində lider gözündə Georgi Marqvelaşvilinin sələfi Mixail Saakaşvilinin görüldüyünü vurğulayan ekspertin sözlərinə görə, onun Ukraynada olması və savaşa meyilli xarekteri əhalini Saakaşviliyə tam dəstək göstərməsində problemlər yaradırdı: "Əslində, Bidzina İvanişvili hər zaman onu elə bu məsələ ilə vurur. Aydın məsələdir ki, Saakaşvili yenidən hakimiyyətə gəlsə, o zaman Rusiya ilə müharibə ehtimalı güclənəcək. Olacaq növbəti toqquşma isə sadə insanlarda vahiməyə səbəb olur. Çünki 2008-ci ildəki savaş hələ də onların xatirindədir. İnsanlar nə özlərinin, nə də ordularının rus əsgərləri ilə qarşı-qarşıya gəlməsini arzulayır. 2018-ci ildə baş tutan seçkilərdə Qriqor Vaşadzenin Salome Zurabaşvilinin qarşısında məğlub olmasının bəlkə də bir nömrəli səbəblərindən biri də insanların arasında məqsədli şəkildə yayılan "Saakaşvili gəlsə yenidən müharibə olacaq" şayiəsi idi".

    İvanişvilinin bu məsələdən böyük məharətlə istifadə etdiyini deyən Zeynal Əmrəliyev bildirib ki, eyni zamanda, imkanlı əhali içərisində də "Saakaşvili gələrsə yenidən sizin əmlakınızın müsadirəsinə başlayacaq" kimi şayiələr yayıldı. Nəticədə ölkədə anti-Saakaşvili əhval-ruhiyyəsi gücləndirdi. Ancaq insanlar indiki iqtidara qarşı da bir elə böyük simpatiya yoxdur. "Gürcü Arzusu" açıq şəkildə Saakaşvili dövründə olan demokratiyanı qoruya bilməməkdə ittiham edilir. Meydana çıxan digər siyasətçilərin isə elə də bir böyük nüfuzu yoxdur. Xalq sanki onlara etimad edə bilmir. Bu zaman isə meydana öz sadə həyat tərzi ilə hətta sələfi Saakaşvilini belə geridə qoyan, İvanişvilinin ram edə bilmədiyi, Qərbə yaxın olmaqla bərabər Rusiya ilə də ehtiyyatlı siyasətin tərafdarı olan Georgi Marqvelaşvili çıxır. Gürcü xalqı onu sadə, gözütox, ikinci dəfə namizəd olmaqdan belə, imtina edəcək qədər yüksək siyasi mədəniyyət sahibi olan bir lider kimi tanıyır. Vəzifədən getdikdən sonra mətbuatın gündəminə ancaq sadə hərəkətləri ilə gələn eks-prezident üçün həm qazandığı müsbət imicdən, həm də mövcud siyasi vəziyyətdən ustalıqla istifadə etmək vaxtıdır. Zaman onun zamanıdır".

    Ekspertin fikrincə, Georgi Marqvelaşvili müxalifətin liderliyini öz üzərinə götürə və uğur qazana bilər: "Vəziyyətdən yaxşı istifadə etməyi bacarsa, onun şansı həm İvanişvilidən, həm də Saakaşvilidən çoxdur".

    Vazeh BƏHRAMOĞLU