“Yeddi gözəl” şəlaləsinin yeddi fırıldağı: Qəbələdə söyüş biznesi

    15

    Turistik bölgələrimizin başında gələn yerlərdən biri Qəbələdir. Qəbələyə gedən qonaqlar isə xüsusilə Yeddi gözəl şəlaləsinə də getmək istəyir. İntəhası, qonaqlarımız bu şalələyə gedən yolda elə bir rəftarla qarşılaşırlar ki, Azərbaycana gəlməyə belə peşman olurlar.

    "Yeddi gözəl şəlaləsi" əsas yoldan iki-üç kilometr uzaqlıqda yerləşir. İllərdir bu yol təmir olunmur. Kənd yoludur; yəni asfalt döşənməyib. Qonaqlara xidmət göstərən maşınlar şəlaləyə gedən yol ayrıcında dayanır, orada xırda maşınların, taksilərin əngəli ilə qarşılaşırlar. Taksi sürücüləri bildirirlər ki, heç bir xidməti maşın şəlaləyə qalxa bilməz, çünki ortaya söyüş qoyulub. Gərək verəsiniz, qonaqları biz aparaq.

    Qəbələ taksi sürücüləri bu söyüş biznesindən isə az qazanmırlar. “Hürriyyət”ə şikayət edən turizm şitkəti nümayəndələrinin bildirdiyinə görə, taksi sürücüləri şalələyə bir saat müddətində qonaq aparıb gətirmənin müqabilində fərqli qiymətlər təklif edilir. 20 manatdan başlayan qiymətlər, əgər qonaq şəlalədə iki və ya üç saat vaxt keçirərsə, böyüyür, olur 35 və ya 40 manat”.

    Maraqlıdır ki, taksi şoferləri arasında da qiymətlərlə əlaqədar söyüş razılaşması var. Az qiymət deyənə də "söyüş" qoyulduğu bildirilir:

    “Nəticədə nə olur, bilirsinizmi? Şəlalədə yarım gün hətta bütöv bir gün keçirə biləcəkləri əvəzinə qonaqlar bir saat, saatyarım ərzində səfərlərini tamamlayırlar. Daha sonra isə gəzməyə yeni yer axtarırlar. Artıq hər yerə getdiklərindən vaxtlarını gözəl keçirə bilmələri üçün yeni məkan tapa bilmirlər. Üstəlik, qaçaqaç, qovhaqovla gedib gəldikləri və ödədikləri məbləğə nisbətən görmədikləri xidmətə müqabil aldadıldıqlarını düşünürlər. Bu isə ölkələrinə döndükdən sonra Azərbaycan haqqında heç də yaxşı olmayan rəy formalaşdırır. Nəinki turizm, hətta insanlıq baxımında xoş olmayan bu cür hadisələr nəticəsində sonrakı illərdə ölkəmizə turistlərin axını zəifləyir”-

    Adının çəkilməsini istəməyən turizm şirkətlərinin nümayəndələri deyirlər. Onları isə ən çox bu suallar maraqlandırır:

    “Şəlalənin yolları niyə təmir olunmur? Turizmin inkişafında əngələ çevrilən bu monopoliya kimin cibini doldurur? Bu biabırçılıq nə vaxta qədər davam edəcək?

    Ölkə rəhbərliyindən yaxın vaxt ərzində şəlalə yolunun təmiri üçün öz diqqətini ayırmasını xahiş edirik və ümidvarıq ki, yolun təmiri ilə də bu məsələdə olan bütün mənfi hallar tezliklə ortadan qaldırılacaq”.