“Yaxın vaxtlarda Qarabağ münaqişəsi həllini tapacaq” – SÖYÜN SADIQOV

    12

    "Ümumrusiya Azərbaycanlıları Konqresinin fəaliyyətini bərpa etməsi nə Azərbaycan, nə də Rusiya tərəfinə maraqlı deyil. Çünki bu təşkilatın işini Rusiyanın Azərbaycan Gənclər Birliyi (AMOR) yüksək səviyyədə yerinə yetirir".

    Hurriyyet.org xəbər verir ki, bu fikirləri "Ölkə.Az"a açıqlamasında Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti, Rusiya prezidenti yanında Millətlər Şurasının üzvü, azərbaycanlı oliqarx Söyün Sadıqov bildirib.

    Söyün Sadıqov deyib ki, Ümumrusiya Azərbaycanlıları Konqresində təmsil olunan bəzi adamlar Rusiyada yaşayan azərbaycanlılar arasında parçalanma yaratmışdı:

    "Vaxtilə bu təşkilatda təmsil olunan bir sıra adamlar soydaşlarımız arasında narazılıqlar yaratmışdı. Ümumiyyətlə, Ümumrusiya Azərbaycanlıları Konqresi qarşıya qoyduğu məqsədə çata bilmədi. Ona görə də bu təşkilatın yenidən fəaliyyətini bərpa etməsi Azərbaycana maraqlı olmadı. Ümumiyyətlə, Ümumrusiya Azərbaycanlıları Konqresi rəhbərliyində təmsil olunmuş adamların əksəriyyəti müasir dövrün çağırışlarına cavab verə bilmirdilər, köhnə düşüncəli insanlar idi. AMOR isə daha çevik və səmərəli fəaliyyət göstərə bilir. Onsuz da Ümumrusiya Azərbaycanlıları Konqresinin üzərinə düşən işi AMOR daha yaxşı görə bilir. Hazırda da Rusiyada AMOR-un fəaliyyəti kifayət qədər güclüdür, ildən-ilə nüfuzu daha da artır. AMOR-da təmsil olunan insanların böyük əksəriyyəti gənclər olduğu üçün onlar müasir dövrün çağırışlarına çevik cavab verə bilirlər, dünyada gedən prosesləri təhlil etmək bacarığına malikdirlər".

    S.Sadıqov qeyd edib ki, Ümumrusiya Azərbaycanlıları Konqresində təmsil olunan insanların əksəriyyəti yaşlı nəsli nümayəndələri olub:

    "Ümumrusiya Azərbaycanlıları Konqresində təmsil olunan yaşlı nəslin nümayəndələri baxmayaraq ki, Rusiya vətəndaşı idilər, ancaq özlərini hələ də miqrant kimi aparırdılar. Onlar "Rusiyada işləyib pul qazanım, sonra Azərbaycana qayıdım" düşüncəsilə yaşayırdılar. Ancaq AMOR-da təmsil olunanlar isə gənc nəslin nümayəndələridir, onların əksəriyyəti Rusiyada doğulub, orada böyüyüblər, onların düşüncələri rus düşüncəsinə yaxındır. Amma eyni zamanda bu gənclər Azərbaycanlı olduqlarını da unutmurlar. Bu gün Rusiyada diasporamızı inkişaf etdirmək istəyiriksə, bu cür düşüncə ilə hərəkət etməliyik. Düşmən Ermənistan uzun illərdir ki, bu cür hərəkət edir. Ona görə də ermənilərin diasporası güclüdür".

    Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunan iş adamı yaxın vaxtlarda Qarabağ münaqişəsinin öz həllini tapa biləcəyini də istisna etməyib:

    "Hazırda Qarabağ münaqişəsinin həlli istiqamətində əlverişli vəziyyət yaranıb. Rusiyanın Türkiyə və İranla əlaqələri yüksək səviyyətə çatıb. Eyni zamanda Ermənistanın indiki hakimiyyəti ilə Rusiyanın münasibətləri yaxşı deyil. Çünki indiki Ermənistan rəhbərliyi Qərbə istiqamətlənib. Təbii ki, bu Rusiyanın xoşuna gələ bilməz. Rusiyanın Türkiyə ilə əlaqələrinin sürətlə genişlənməsi də Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərə bilər. Türkiyə Qərbdən, Avropa İttifaqından üz döndərərək, Rusiyaya tərəf oldu. Bu isə Rusiya ilə iqtisadi əlaqələri gücləndirir. Hətta, yaxın vaxtlarda Türkiyənin Avrasiya İttifaqına üzv olması da gözlənilir. Hesab edirəm ki, bütün bu amillər Dağlıq Qarabağ münaqişəsinin həllinə gətirib çıxaracaq".