“YAŞIL SOYQIRIM”A QARŞI GÖRÜLƏN TƏDBİRLƏR

    6

    Və yaxud şəxsi həyətlərdə olan ağacların kəsilməsinə xüsusi mülkiyyətiçinin özü qarar verə bilərmi?

    Ötən həftə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib.

    ETSN-dən Hurriyyet.org-a verilən məlumata görə, reyd zamanı Bakı-Quba magistral avtomobil yolunun Vladimirovka kəndi ərazisindən keçən hissəsində yaş köküstə 24-50 sm diametrliyində 12 ədəd qoz ağacının kəsildiyi aşkar edilib və təbiətə 5500 manat məbləğində ziyan dəydiyi məlum olub.

    Faktla bağlı akt tərtib edilib. Ağacları kəsən şəxsin müəyyənləşdirilməsi üçün Quba rayon Polis Şöbəsinə məktub göndərilib.

    Əslində, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin açıqladığı bu faktın özü də göstərir ki, əhalinin, insanların meşələrə, yaşıllıqlara münasibəti, davranışı lazımi səviyyədə deyil. Bu, əsas problemdir. ETSN hər il yazda və payızda yaşıllıq ayları keçirir. Rayonlara müraciət edilir ki, birlikdə yaşıllıq ayı keçirilsin, insanlar kütləvi şəkildə bu işə qoşulsunlar. Lakin təəssüf ki, bu çağırışlara kifayət qədər qoşulanlar olmur. İctimaiyyətin meşələrə, yaşıllıqlara münasibəti lazımi səviyyədə deyil.

    Rəsmi bilgilərə əsasən, qanunsuz ağackəsmə hallarına qarşı tədbirlər cərimələr və cinayət məsuliyyətinə cəlbetmədir. Cərimənin məbləği 400 manatı ötürsə, meşə mühafizəsini həyata keçirən orqan cinayət işi açılmaq üçün hüquq-mühafizə orqanına müraciət edir.

    Dünyada qəbul olunmuş qaydaya görə, cərimə kəsilən ağacın sayına görə yox, həcmə görə müəyyən edilir. Ağacın cinsindən, diametrindən və hansı kateqoriyaya aid olmasından asılı olaraq cərimə müəyyən edilir. Məsələn, 1 kubmetr odunun cəriməsi 5 manat 18 qəpikdir. Amma içlik üçün kəsilmiş ağacların 1 kubmetrinin qiyməti yüksəkdir. Məsələn, kəsilmiş ağac qoz ağacıdırsa, 1 kubmetr üçün cərimə 178 manat, palıddırsa 80 manatdır.

    Yeri gəlmişkən, ETSN son illər daha bir cərimə sistemi tətbiq edir. Bir ədəd ağac kəsməyə görə inzibati xəta olaraq 800 manat cərimə tətbiq olunur. Hər kəs ağac kəsərkən ilk növbədə təbiəti məhv etməklə özünə, gələcək nəsillərə zərbə vurduğunu nəzərə almalı, ikincisi isə yüksək məbləğdə cərimələrə, hətta cinayət məsuliyyətinə cəlb olunacağını göz önünə almalıdır.

    Digər tərəfdən, meşələrin, yaşıllıqların məhv edilməsi insanların özlərinə etdiyi ən böyük pisliklərdəndir. Çünki təbiətin qisası daha amansız olur. Meşələrin qurumasına da insan amilinin təsiri böyükdür. Meşələrdəki su mənbələrinin borulara vurularaq istirahət mərkəzlərinə, digər təsərrüfat yerlərinə ötürülməsi quruma prosesinə gətirib çıxarır. Alternativ yanacaq növlərinin çatışmazlığı, kəndlərdə qazlaşdırmanın səviyyəsinin aşağı olması faktoru da meşələrdə özbaşına qırıntının artmasına, qanunsuz mal-qara otarılması isə təbii bərpa prosesinin pozulmasına səbəb olur.

    Ekspertlər bu fikirdədirlər ki, əhali meşələrə həyat mənbəyi kimi yox, dolanışıq mənbəyi kimi baxdıqca bu sahədə problemlərin tam həlli mümkün olmayacaq. Hər kəs bilməlidir ki, meşələr həyat mənbəyidir. Ona dolanışıq mənbəyi kimi baxmaq olmaz. Meşə örtüyünün, yaşlılıqların sıradan çıxması yağıntılar zamanı torpaq sürüşmələrinə, daşqınların dəhşətli fəsadlar törətməsinə səbəb olur.

    Meşələrin, yaşıllıqların qorunması təkcə bir nazirliyin, dövlət orqanının işi olmamalıdır. Cəmiyyət, hər bir fərd bu məsələdə özündə məsuliyyət hiss etməli, hər kəs özünü təbiətin mühafizəçisi qismində görməlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycan meşəlilik faizi çox aşağı olan ölkələrdəndir. Dünyada qəbul edilmiş normadan 2,5 dəfə azdır. Normaya görə, Azərbaycanın ərazisinin ən azı 22 faizi meşə örtüyü olmalıdır.

    Ağac kəsənlərin cəzası…

    Ümumiyyətlə, ağacların kəsilməsi və məhv edilməsi Nazirlər Kabinetinin 19 sentyabr 2005-ci il tarixli 173 saylı qərarı ilə tənzimlənir. Həmin qərarda nəzərdə tutulur ki, ağacların kəsilməsi yalnız istisna hallarda, yəni yıxılmış, qopmuş və təhlükə törədən ağaclar Ekologiya və Təbii Sərəvətlər Nazirliyinin ekspertiza idarəsinin rəyi əsasında yerində yeni ağac əkmək şərti ilə kəsilə və ya budana bilər. Digər hallarda ağacların kəsilməsi birmənalı şəkildə qadağandır.

    Ağac kəsilməsinə görə İnzibati Xətalar Məcəlləsində hər bir vətəndaşın, hüquqi və vəzifəli şəxsin məsuliyyəti müəyyənləşdirilib. Meşə fonduna daxil olmayan ağac və kol bitikilərinin zədələnməsi, kəsilməsi və məhv edilməsinə görə fiziki şəxslər üçün 2200-2500, vəzifəli şəxslər üçün 900-10000, hüquqi şəxslər üçün isə 40000-50000 manatadək cərimə nəzərdə tutulub. İnzibati Xətalar Məcəlləsinə edilən əlavə və dəyişikliklərə görə, şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti işləri aparılarkən lazımi icazə olmadan, hər bir ağac və kol bitkilərinin zədələnməsinə, məhv edilməsinə, kəsilməsinə görə, fiziki şəxslər 1300-1500, vəzifəli şəxslər 3500-4000, hüquqi şəxslər isə 20000-25000 manatdək cərimə olunur.

    Şəxsi həyətlərdə olan ağacların kəsilməsi ilə bağlı məsələyə gəldikdə, qeyd edək ki, bu məsələdə xüsusi mülkiyyətiçinin özü qarar verir. Eyni zamanda mülkiyyətçinin həyətindəki ağacı kəsən şəxsi məhkəməyə vermək hüququ da var.

    "Yaşıllıqların götürülməsi Qaydası"

    Onu da qeyd edək ki, yaşıllıqların məhv edilməsinin qarşısını almaq üçün Nazirlər Kabineti "Yaşıllıqların götürülməsi Qaydası"nı təsdiq edib. Bu qayda meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, respublika ərazisindəki yaşıllıqların götürülməsi mexanizmini müəyyən edir.

    Yaşıllıqların götürülməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Yaşıllıqların götürülməsinə dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda, şəhərsalma və ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərində nəzərdə tutulan, dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə, şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda, ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda, texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda və ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda hallarda yol verilir. Bu hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır. Fiziki və hüquqi şəxslər qeyd olunan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər.

    Yaşıllıqların götürülməsinə dair rəydə yaşıllıqların yerinin dəyişdirilməsinin (kökündən çıxarılmasının) və ya bərpa edilməsi şərtiləkəsilməsinin məqsədəuyğunluğu əsaslandırılmalı, götürülən yaşıllıqların növü, sayı, cinsi, yaşı, diametri, hündürlüyü, bioloji vəziyyəti və gül-çiçək və ot bitkilərinin sahəsi barədə məlumatlar əks olunmalı, həmçinin rəydə müvafiq şərtlər (aqrotexniki, mövsümi, vegetativ və s.) nəzərə alınmaqla işlərin icra müddəti müəyyənləşdirilməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaşıllıqların götürülməsinə dair rəy istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə 2 gün müddətində təqdim edilir. Yaşıllığın götürülməsi vərəqi olmadan yaşıllıqların götürülməsi qadağandır. Yaşıllığın götürülməsi vərəqi yaşıllıqlara dövlət nəzarətini həyata keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının işçilərinin və ictimai nəzarəti həyata keçirən şəxslərin tələbi ilə ərizəçi tərəfindən maneəsiz təqdim edilməlidir. Yaşıllığın götürülməsi vərəqi yaşıllığın götürüldüyü ərazidə hamının tanış ola biləcəyi yerdə yerləşdirilməlidir. Yaşıllığın götürülməsi müvafiq texniki imkanlara və mütəxəssis heyətinə malik ixtisaslaşdırılmış qurumlar tərəfindən yerinə yetirilməlidir. Yaşıllıqların yerinin dəyişdirilməsində (kökündən çıxarılmasında) aşağıdakı tələblər nəzərdə tutulur:

    – ağac və kolların yeri dəyişdirilərkən (kökündən çıxarılarkən) onların kök sisteminin zədələnməməsi və yeni şəraitə uyğunlaşma qabiliyyətinin artırılması üçün gövdənin diametri 5 sm-ə qədər olan ağac və kolların torpaq topasının kvadratının diametri və ya tərəflərin ölçüləri 70 sm-dən az olmamalıdır. Gövdəsinin diametrinin hər bir santimetr böyüməsinə müvafiq olaraq torpaq topasının ölçüləri 10-13 sm artırılmalıdır. Diametri 15 sm-dən böyük olan ağacların yeri dəyişdirilərkən (kökündən çıxarılarkən) torpaq topasının ölçüləri 2,4×2,4×0,95 metr olmalıdır (ağac və kolların nisbi sükunət dövrlərində köçürülməsi zamanı onların kök ətrafı torpaq topası ilə birlikdə köçürülməsi zəruri deyildir);

    – vegetasiya dövründə yeri dəyişdirilən (kökündən çıxarılan) ağacların çətiri və kök sistemi boy stimulyatorları ilə işlənməlidir;

    – sağlam, yaxşı inkişaf etmiş, böyük mexaniki və donvurma zədələri, quru təpəsi olmayan, eyni zamanda çətirinin 10-15 faizindən çox sahəsi qurumamış ağacların yeri dəyişdirilə (kökündən çıxarıla) bilər;

    – iyun, iyul və avqust aylarında və havanın temperaturu 25-dən yuxarı olan vaxtlarda ağac və kolların yeri dəyişdirilə (kökündən çıxarıla) bilməz;

    – qurumuş, təpəsi qurumuş, çürümə, nekroz-xərçəng xəstəliklərinin əlamətləri olan, təhlükəli zərərvericilərlə sirayətlənmiş, diametri 25 sm-dən və hündürlüyü 9 metrdən böyük olan və 4 metr hündürlüyə qədər budaqlanmayan ağacların yeri dəyişdirilə (kökündən çıxarıla) bilməz;

    – ağac və kolların yeri dəyişdirilən (kökündən çıxarılan) zaman forma vermə, sanitar və cavanlaşdırma məqsədi ilə onlar budanmalıdır.

    “Hürriyyət”