“XİN başçılarının görüşündən ciddi nəticə gözləməyə dəyməz”

    24

    Kamran Sultanlı: "Artıq Azərbaycan Minsk Qrupu ilə bağlı daha ciddi mövqe ortaya qoymalıdır"

    Kənan Paşayev: "Bu gün danışıqları yarıda qoyub müharibə qərarı versək, o zaman dünya ictimaiyyətini yanımızda yox, qarşımızda görəcəyik"

    Firuzə Hüseyn: "Danışıqlar müsbət yöndə getsə belə, Ermənistan hökuməti qaydaları birinci pozacaq"

    Rusif Məmmədsoy: "Təklif etmək lazımdır ki, Minsk Qrupunun həmsədrlər ölkələri dəyişilsin, çünki biz bununla hər hansı nəticə əldə edə bilmərik və bilmirik"

    Sentyabrın 22-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla ATƏT-in Minsk Qrupu həmsədrləri arasında görüş baş tutub. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar, eləcə də münaqişə zonasındakı vəziyyət və ümumilikdə, münaqişənin tənzimlənməsi üzrə həmsədrlərin gələcək fəaliyyət planları və perspektivləri müzakirə edilib. Dünən isə həmsədrlərin vasitəçiliyi ilə Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib.

    Qeyd edək ki, sözügedən görüşlə bağlı modern.az-a açıqlama verən sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovun fikrincə, bu görüş baş tutmamalı idi: "Azərbaycan- Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda keçiriləcək görüşündən nəsə gözləmirəm. Adi bir görüşdür. Hesab edirəm ki, Azərbaycan bu görüşə getməməli idi. Ona görə ki, Ermənistanın baş naziri Paşinyanın bəyanatından sonra Azərbaycanın xeyrinə olmayan vəziyyət yaranıb. Bu görüşdən də heç bir nəticə gözlənilmir. 501 yaxud da 504-cü görüşdür, artıq sayını da itirmişik. Düşünürəm ki, Paşinyanın bəyanatlarından sonra Azərbaycan mövqeyini bildirməli idi".

    "Azərbaycan Dağlıq Qarabağ istiqamətində həm diplomatiyasını, həm də təzyiq metodunu işə salmalıdır. Əks halda…"

    Maraqlıdır, görəsən Azərbaycan və Ermənistan XİN başçılarının görüşündən hansısa müsbət irəliləyiş gözləməyə dəyərmi? Ümumiyyətlə, Paşinyanın son bəyanatlarından sonra danışıqları bir kənara qoyub hərbi yola baş vurmaq daha doğru olmazmı? Rəsmi Bakı hərbi yola baş vurmaq məqsədiylə Qərbin və Rusiyanın razılığını aımaq üçün nə kimi addımlar atmalıdır? O da maraqlıdır ki, xarici işlər naziri Elmar Məmmədyarov Amerikaya və digər ölkələrə səfəri zamanı nədən həmin ölkələrdəki soydaşlarımızla, Azərbaycan diasporunun nümayəndələri ilə görüşmür?

    Картинки по запросу Kamran Sultanlı

    Məhz bu suallarla müraciət etdiyimiz Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) eksperti Kamran Sultanlı "Hürriyyət"ə açıqlamasında bildirdi ki, Nyu-York görüşündən ciddi nəticə gözləməyə dəyməz. Onun qənaətincə, bu görüş əvvəlki görüşlər kimi sadəcə simvolik bir görüş olacaq: "Bu görüşdə yalnız Bakının əsirlərin "hamının hamıya" prinsipi ilə dəyişdirilməsi məsələsini müzakirə edə biləcəklərini ehtimal edirəm. Lakin Paşinyan bu məsələdə ehtiyat edir. Çünki girovlar separatçılar tərəfindən saxlanılır. Paşinyan isə indi onlarla kəskin konfrantasiyaya getmək istəmir. Odur ki, danışıqlardan müsbət nəticələr gözləmirəm. Ümumiyyətlə, ATƏT-in Minsk Qrupunun fəaliyyəti effektsizdir".

    Ekspert hesab edir ki, Artıq Azərbaycan Minsk Qrupu ilə bağlı daha ciddi mövqe ortaya qoymalıdır: "Həmçinin ağıllı gücdən istifadə etməlidir. Müasir dövrdə müharibə tək hərblə aparılmır. Belə ki, informasiya, təbliğat amili də müasir müharibələrdə həlledicidir. "Ağıllı güc" deyilən anlayışda ordu ilə bərabər təbliğata və diplomatiyaya da ehtiyac var. Azərbaycan Dağlıq Qarabağ istiqamətində həm diplomatiyasını, həm də təzyiq metodunu işə salmalıdır. Əks halda Ermənistan hər dəfə bizdən yeni şeylər tələb etməyə başlayacaq. Artıq son dövrlər Qarabağa müxtəlif ərazilərdən ermənilərin köçürülməsi ilə bağlı xəbərlər yayılır. Əgər vaxtında sərt mövqe ortaya qoymasaq, onda sabah Ermənistan onların da təhlükəsizliyini bizdən tələb edəcək".

    "Əgər imic məsələsini həll edə və münaqişənin həllində Rusiyanı neytrallaşdıra bilməsək, o zaman müharibə ehtimalı çətin olacaq"

    Münaqişənin hərbi yolla həllinə gəldikdə isə Kamran Sultanlı qeyd etdi ki, müasir dövrdə müharibə asanlıqla aparılmır: "Bunun üçün həm də diplomatiyanı işə salmaq lazımdır. Rəsmi Bakı ATƏT-in Minsk Qrupunun hər üç həmsədriylə, xüsusilə Rusiya ilə açıq danışıqlara getməlidir. Rusiya Azərbaycanı özünün inteqrasiya lahiyələrində görmək istəyir. Odur ki, rəsmi Bakı Moskvaya deməlidir ki, mən buna yalnız Qarabağın Azərbaycanın xeyrinə həllindən sonra müsbət baxa bilərəm. Üstəlik, Azərbaycan Qarabağ mövzusunda daha çox dost qazanmalıdır. Bu, Azərbaycanın imicinə müsbət təsir göstərəcək. Əgər imic məsələsini həll edə və münaqişənin həllində Rusiyanı neytrallaşdıra bilməsək, o zaman müharibə ehtimalı çətin olacaq. Lakin açıq müharibə olmasa belə, düşmənə qarşı kiçik addımlarla da təzyiqlər etmək olar. Yalnız bu cür gedişat status-kvonun dəyişməsinə kömək edə bilər. Azərbaycan həmçinin, regionda rifah səviyyəsini daha da artırmalı, güclü iqtisadiyyat və peşəkar ordu qurmalıdır".

    "Elmar Məmmədyarov Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasından sonra faktiki bu missiyanın yalnız həmin komitəyə aid olduğunu düşünə bilər, lakin…"

    Xarici işlər naziri Elmar Məmmədyarovun diaspor nümayəndələri ilə görüşməməsinin səbəbini xaricdə müstəqil diaspor nümayəndəliklərinin az olmasında və mərhum prezident Heydər Əliyevdən sonra bu tendensiyanın zəifləməsində gördüyünü vurğulayan QAFSAM-ın eksperti bu qənaətdədir ki, xaricdə yaşayan soydaşlarımız özləri dövlətdən kənar diaspor təşkilatları qurmalı və bir-biri ilə koordinativ əməkdaşlıq etməlidirlər: "Onlar dövlətin imicini yüksək tutmalıdırlar. Elmar Məmmədyarov Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasından sonra faktiki bu missiyanın yalnız həmin komitəyə aid olduğunu düşünə bilər. Lakin Azərbaycanın bütün rəsmiləri diaspor nümayəndələri ilə görüşməli, xaricdəki soydaşlarımızın problemlərini dinləməli və Azərbaycanın dövlət olaraq onların yanında olduğunu ifadə etməlidirlər. Təəssüflər olsun ki, bu gün Rusiyada yaşayan 2 milyona yaxın azərbaycanlının da səsi olduqca zəif gəlir. Hesab edirəm ki, onların fəaliyyəti gücləndirilməli və onlar Rusiyada real təsir imkanına malik bir qüvvəyə gəlməlidirlər".

    "Yaxşı olardı ki, Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən həmsədrlərə sərt nota verilsin, çünki problemin bir qolu da həmsədr ölkələrlə bağlıdır"

    Картинки по запросу Kənan Paşayev

    Mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən "Atlas" Araşdırmalar Mərkəzinin eksperti Kənan Paşayev də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-York görüşünün ciddi nəticə doğuracağını düşünmədiyini vurğuladı. Lakin o, bu qənaətdədir ki, Elmar Məmmədyarovun Minsk Qrupunun həmsədrləri ilə görüşü ciddi mahiyyət daşıyır: "Yaxşı olardı ki, Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən həmsədrlərə sərt nota verilsin. Çünki problemin bir qolu da həmsədr ölkələrlə bağlıdır".

    Onun fikrincə, Qarabağ probleminin həllində başqa bir mühüm yol informasiya müharibəsidir: "Hansı ki, bu müharibədə biz ermənilərə uduzuruq. Və bunun nəticəsidir ki, dünya mediası problemdə Azərbaycanı günahkar sayır. Həmsədrlərin nəticəsiz fəaliyyətinin bir səbəbi də budur. Bu gün biz bütün danışıqları yarıda qoyub müharibə qərarı versək, bütün dünya ictimaiyyətini yanımızda yox, qarşımızda görəcəyik. Bu səbəbdən müharibəyə də başlaya bilmirik. Onu da qeyd edim ki, xarici işlər nazirimizin Amerikadakı diaspor nümayəndələrimizlə görüşü yaxşı olardı. Ümumiyyətlə, Xarici İşlər Nazirliyi dünyanın müxtəlif ölkələrindəki diaspor nümayəndələrimizlə sıx əlaqəli olmalıdır. Yalnız bu yolla müəyyən nəticəyə gəlmək olar".

    "Müharibə başlayarsa, o zaman hər iki tərəf ziyan çəkəcək, lakin o da bir faktdır ki, Ermənistan sözün əsl mənasında çökəcək"

    Картинки по запросу siyasi şərhçi Firuzə Hüseyn

    "Hürriyyət"ə açıqlama verən siyasi şərhçi Firuzə Hüseyn də XİN başçılarının Nyu-York görüşünün digərlərindən fərqlənməyəcəyinə şübhə etmədiyini bildirdi. Onun sözlərinə görə, Ermənistan tərəfi Qarabağ konfliktinin Azərbaycanın xeyrinə həll olunmasına heç vaxt imkan verməyəcək: "Onu da nəzərinizə çatdırım ki, Ermənistanın baş naziri Nikol Paşinyan vəziyyəti həm özü, həm də ermənilər üçün mürəkkəbləşdirib. Söz yox ki, müharibə başlayarsa, o zaman hər iki tərəf ziyan çəkəcək. Lakin o da bir faktdır ki, Ermənistan sözün əsl mənasında çökəcək. Artıq ermənilər yavaş-yavaş anlayırlar ki, Serj Sarkisyan hökuməti hazırkı hakimiyyətdən bir o qədər də fərqlənmir. Bu səbəbdən də Ermənistanda daxili gərginlik getdikcə artır. Düşünmürəm ki, Mnatsakanyanla Məmmədyarov ortaq bir məxrəcə gələcək".

    "Hadisələrin gedişatı göstərir ki belə vəziyyətdə müharibə qaçılmazdır"

    Siyasi şərhçi onu da qeyd etdi ki, danışıqlar müsbət yöndə getsə belə, Ermənistan hökuməti qaydaları birinci pozacaq: "Cəbhədəki vəziyyət göz qabağındadır. Hər dəfə qarşı tərəf atəşkəsi pozaraq münaqişənin danışıqlar yolu ilə həll olunma ehtimalını sıfıra endirir. Münaqişənin hərbi yolla həll olunmasının tərəfdarı deyiləm. Çünki qalib gəlsək də, iqtisadiyyatımıza və əmək ehtiyatımıza ciddi ziyan dəyəcək. Lakin hadisələrin gedişatı göstərir ki belə vəziyyətdə müharibə qaçılmazdır. Rusiyanın və Qərbin bu məsələyə reaksiyasına qaldıqda isə daha çox Rusiya ilə əməkdaşlıq etməli olduğumuzu düşünürəm. Çünki regiona ən çox təsir edən hegemon dövlət Rusiyadır. Qərbin də maraqlarına zidd getməmək şərti ilə problemi qismən həll etmək olar. Amma yenə də qeyd etmək istəyirəm ki, hərbi yolun tərəfdarı deyiləm. Mübaribə ən sonuncu variantdır. Hazırkı vəziyyətdə diasporumuzun fəaliyyəti gücləndirilməli, qonşu dövlətlərlə əməkdaşlığa üstünlük verilməlidir".

    "Dağlıq Qarabağı işğaldan yalnız və yalnız hərbi əməliyyatları bərpa etməklə azad edə, torpaqlarımızı ancaq bu yolla geri qaytara geri qaytara bilərik"

    Картинки по запросу Rusif Məmmədsoy

    "Atlas" Araşdırmalar Mərkəzinin digər eksperti Rusif Məmmədsoy isə "Hürriyyət"ə açıqlamasında bildirdi ki, hər dəfə görüşdən bir müddət öncə düşmən tərəfi müxtəlif formalı təxribatlara əl atır: "Əslində, bu, bir növ erməni hökumətinin güc göstərisi kimi də qiymətləndirilə bilər. Lakin heç kimə sirr deyil ki, bunun üçün onların heç bir iqtisadi, hərbi resursu yoxdur. Hesab edirəm ki, vəziyyətin bu həddə çatmasında əsas pay sahibi də məhz ATƏT-in Minsk Qrupudur. Belə ki, onların 30 ilə yaxındır bu məsələdəki vasitəçiliyi bizim üçün nəinki müsbət, hətta geriləmə gətirib. Təbii ki, diplomatik təmaslardan tamamilə imtina etmək də doğru olmaz. Biz bu zaman erməni hökumətinə dəstək vermiş olarıq. Bu mənada, emosional addımlar atmaqdan çəkinməliyik. Lakin Minsk Qrupunun fəaliyyətini olduqca aşağı qiymətləndirirəm. Təklif etmək lazımdır ki, Minsk Qrupunun həmsədrlər ölkələri dəyişilsin. Çünki biz bununla hər hansı nəticə əldə edə bilmərik, bilmirik".

    Elmar Məmmədyarovun erməni həmkarı ilə Nyu-Yorkda baş tutan görüşünü digərlərindən fərqləndirmədiyini deyən Rusif Məmmədsoyun fikrincə, sözügedən görüşdən heç bir müsbət nəticə əldə edə bilməyəcəyik: "Erməni hökuməti heç bir halda kompromisə getməyəcək. Dağlıq Qarabağı işğaldan yalnız və yalnız hərbi əməliyyatları bərpa etməklə azad edə, torpaqlarımızı ancaq bu yolla geri qaytara geri qaytara bilərik".

    Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org